İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırmızı attestat alıb imtahanda üz qızardanlar...

10188 09.06.2023 08:38 Təhsil A A

2022-ci ildə məktəbləri qırmızı attestatla bitirən şagirdlərin bir qisminin imtahan nəticələri 0-200 bal arasında olub

Orta məktəbi “5" qiymətlə bitirən məzunların heç də hamısı attestat qiymətlərini doğrulda bilmir. Bu da məktəblərdə verilən aşağı qiymətlərin obyektiv olduğunu, yüksək qiymətlərin isə nisbətən şişirdildiyini göstərir. 2022-ci ildə məktəbləri qırmızı attestatla bitirən şagirdlərin bir qisminin imtahan nəticələri 0-200 bal arasında olub.

Gəncədə attestat qiymətləri əla olan şagirdlərin 16%-i: Gədəbəydə 15,34%, Goranboyda 23,5%, İmişlidə 18%, Qazaxda 12%, Lerikdə 29%, Lənkəranda 9%, Salyanda 13%,  Sumqayıtda isə  5,6%  0-200 bal toplayıb.

“Qırmızı attestat almaq üçün buraxılış imtahanlarında bütün fənlərdən 5 almaq lazımdır”. Bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev iki gün əvvəl media nümayəndələri ilə keçirilən görüşdə bildirib.

“Hər il məktəblərdə sentyabr konfransı keçiririk. Uşaq gedib imtahanda ”2" qiyməti alır, yekun qiymətləndirmədə isə ona “5" yazırlar. Ancaq attestata ”2" yazılır. Biz neçə uşağın attestatda “2", məktəbin yekun qiymətləndirilməsində ”5" aldığını yoxlamışıq. Belə hallar bir faizdən azdır", - deyə nazirlik rəsmisi qeyd edib.

Bəs qırmızı attestat lazımdırmı? Onun nə üstünlüyü var?

Qeyd edək ki  ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatları müəyyən tələblərə uyğun gələn məzunlara verilir. Bu tələblərə məzunların ümumi orta və ya tam orta təhsil səviyyəsində oxuduğu müddətdə nümunəvi davranışı ilə fərqlənməsi, bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətlərinin 5 (beş) olması; ümumi orta təhsil səviyyəsində buraxılış imtahanlarında hər bir fənn üzrə ən azı 75 (yetmiş beş) bal toplaması, tam orta təhsil səviyyəsində buraxılış imtahanlarında hər bir fənn üzrə 5 (beş) qiymət alması (ən azı 75 (yetmiş beş) bal toplaması), buraxılış imtahanında inşadan (essedən) minimum 7 (yeddi) bal toplaması daxildir.

Fərqlənmə attestatının şagirdə qazandırdığı üstünlüklər də var. DİM tərəfindən keçirilən qəbul imtahanlarında 2 və daha artıq abituriyent eyni balı topladıqda attestatında göstəriciləri yüksək olan seçdiyi ixtisasa qəbul olunur. Bu zaman fərqlənmə attestat abituriyent üçün köməklik göstərir. Lakin fərqlənmə attestatı abituriyentə ali məktəblərə qəbul prosesində müsabiqədən kənar seçim imkanı yaratmır.

Mövzu ilə bağlı danışan təhsil eksperti Kamran Əsədov qeyd edib ki, “Abituriyentin ərizəsi” formasına ayrı-ayrı fənlər üzrə attestat qiymətləri də daxil edilir: “2021-ci ilə aid ərizədə qeyd olunan qiymətlər əsasında abituriyentlərin orta attestat qiymətləri hesablanaraq, onların qəbul imtahanlarında topladıqları ballarla müqayisəsi aparılıb. Təhlillər göstərir ki, attestat qiymətlərinə görə müxtəlif səviyyədə yerləşən cari ilin məzunlarının qəbul imtahanlarında topladıqları balları reallığı əks etdirmir. Attestatda bütün qiymətləri ”5" olan abituriyentlərlə bütün qiymətləri “3" olan abituriyentlərin imtahan ballarını müqayisə edək. Tam orta məktəbi bütün fənlərdən ”3" qiymətlə başa vuran məzunların 96.27%-nin qəbul imtahanlarındakı nəticələri də çox zəif - 0-200 bal intervalında olub.  “5" qiymətlə bitirən məzunların isə yalnız 30.82%-i attestat qiymətlərini doğrulda bilib. Bu da məktəblərdə verilən aşağı qiymətlərin obyektiv olduğunu, yüksək qiymətlərin isə nisbətən şişirdildiyini göstərir”.

Kamran Əsədov bildirib ki, qiymətləndirmə ilə bağlı qeyd olunan problem digər amillərlə yanaşı, həm də tam orta təhsil standartlarının yerlərdə eyni qaydada tətbiq edilməməsindən irəli gəlir: “Qiymət meyarlarının məktəblərdə bir-birindən ciddi fərqlənməsi nəticəsində eyni hazırlıqlı şagirdin biliyi bir məktəbdə (rayonda) ”əla", digər məktəbdə (rayonda) “kafi” qiymətləndirilir.

10 il əvvəllə müqayisəyə baxanda ciddi bir fərq görmürük. Belə ki, ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılması, bütövlükdə, təhsil sistemimizin inkişafına xidmət edir, təlim keyfiyyətinə müsbət mənada mühüm təsir göstərir. Təhsil Nazirliyinin son 3 dərs ilində tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri ilə bağlı apardığı müqayisəli təhlilə diqqət yetirək. Aydın olur ki, 0-20 və 20-40 faiz nəticə göstərən rayonların sayı ilbəil azalmış, əksinə, 60-80 və 80-100 faiz nəticə göstərənlərin sayı artıb".

Kamran Əsədov bildirib ki, 2019, 2020 və 2021-ci illər üzrə əlaçı məzunların tələbə qəbulundakı nəticələrinin müqayisəli təhlili də maraq doğurur: “2020-cü ildə, yəni buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada deyil, məktəblər tərəfindən aparıldığı vaxtlar əlaçı məzunların 10,6 faizi 0-100 bal toplayırdısa, 2020-cu ildə bu rəqəm 0,6 faizə, 2021-ci ildə isə 0,5 faizə enmişdir. 20019-cü ildə əlaçı məzunların 19,5 faizi 500-700 arası bal toplayırdısa, 20120 və 2021-ci illərdə bu rəqəmlər müvafiq olaraq 63,6 və 73,4 faizə qədər yüksəlmişdir.

Sirr deyil ki, şagirdlər əvvəllər yalnız ali məktəbə qəbul zamanı seçdikləri qrup üzrə nəzərdə tutulan fənləri oxuyur, digər fənlərə ögey münasibət bəsləyirdilər. Bu da “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit olunmuş təhsilin əsas məqsədinin və təhsil sahəsində dövlət standartlarının həyata keçirilməsinə əngəllər törədirdi. Mərkəzləşdirilmiş imtahanlar şagirdlərin əsas təlim fənlərinə münasibətini dəyişib, məsuliyyətini artırıb. Danılmaz faktdır ki, orta məktəb şagirdləri dərsdən sonra hazırlıq kurslarına, repetitorlara müraciət etməsələr, yaxşı nəticə əldə etmələri inandırıcı olmaz. Bu gün Azərbaycanda oxuma-yazma bacarığı 100%-ə çatıb. Bu dünyada ən yüksək nəticələrdən biridir. Amma real rəqəmlər odur ki, məktəblərin böyük qismində tədris normal aparılmır, müəllimlərin çoxunun peşəkarlıq səviyyəsi aşağıdır".

Təhsil haqqında qanunda dəyişikliklər (Elşən Qafarov) - ARB24 (Gündəm) -  YouTube

Elşən Qafarov 

Təhsil eksperti Elşən Qafarov da bildirib ki, şagirdlərə fərqlənmə attestatlarının verilməsi, qızıl, gümüş nişanı ilə təltif olunması onların  ümumtəhsildə əməyinin nəticələrinin qiymətləndirilməsi məqsədi ilə verilir. Ekspert xatırladıb ki, təhsil nazirinin 08.06.2017-ci il tarixli 129 nömrəli əmri ilə təsdiq edilən “Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi Qaydası”na əsasən şagirdlər buraxılış imtahanlarında  yüksək nəticə göstərməlidir. Yəni məktəbdə şagirdin bütün qiymətləri 5 olsa belə, DİM-nin imtahanında müvafiq nəticəni göstərməsə fərqlənmə attestatı verilmir: “Yəni ən azından hər fəndən 75 bal toplamalıdır. Buraxılış imtahanını kim  keçirir, əlbəttə Dövlət İmtahan Mərkəzi. Bəs qəbul imtahanını kim keçirir, yenə də DİM. Burada bir paradoks yaranır ki, hər iki imtahanı keçirən DİM-dir, lakin şagird birindən yüksək, digərindən isə aşağı nəticə göstərir. Demək ki, bugünkü imtahanlar abituriyentlərin, məzunların  bilik və bacarıqlarını doğru ölçə bilmir. Bəzən hər fənn üzrə ümum balın 30 faizini toplayanlar, el dili ilə desək, ”2  alanlar" qəbul imtahanı verərək ali məktəbə qəbul olunurlar. Düşünürəm ki, DİM-in imtahan mexanizmi dəyişməlidir".

Ekspert fərqlənmə attestatının ali məktəblərə qəbulda heç bir üstünlüyü olmadığını vurğulayıb: “Yalnız qızıl  və gümüş ilə bitirənlər üçün üstünlüklər olur”.

Xalidə GƏRAY
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR