İnsanlara hürriyət, millətlərə istiqlal!

Qınından çıxıb qınını bəyənməyənlər - Qərb mühitinin əsirinə çevrilən “azərbaycanlılar”

1359 29.04.2023 11:12 Sosial A A

İsa Qəmbərin Kanadada yaşayan oğlu İlkin Qəmbərin maddi maraq qarşılığında erməni maraqlarına qulluq eləməsinə cəmiyyətdən sərt təpkilər davam edir. Bu da təbiidir. 

Azərbaycana, türk soyuna qənim kəsilən, torpaqlarımıza iddialardan əl çəkməyən, sülh və barışıqdan israrla qaçan, düşmənçiliyini davam etdirən, tarixi saxtalaşdıran və millətimizə qarşı bunca soyqırımlar törədən, lakin bu zaman tükü belə tərpənməyən, zərrəcə utanc hissi keçirməyən bir topluma özünü azərbaycanlı sayan kəsin hər hansı şəkildə xidməti milli xəyanətdir. Müqəddəs dəyərlərimizə, şəhidlərimizin ruhuna, milli-mənəvi dəyərlərimizə, yediyin qaba tüpürməkdir.

Bu işdə maddi maraq amili öz yerində, bəs ümumən Qərb mühitinin təsiri varmı?

Sirr deyil ki, bir çox azərbaycanlı Avropaya, Amerikaya ayaq basan kimi sanki milli kökündən qopur, çıxdığı qını bəyənmir, kökünü, dilini unudur, hətta dinini dəyişir. Daha betəri, İlkin Qəmbər kimi üstəlik öz dövlətinə, millətinə faktiki qənim kəsilir, düşmənimizin cəbhəsində yer alır. Nə etməli? Belə ballastların yetişməsındə Qərb mənəvi mühitinin rolu nə dərəcədədir, yoxsa daha çox ailə, məktəb tərbiyəsi həlledici rol oynayır? Qərbə tərəf qaçmaq istəyən gənc nəsil nələrə xüsusi diqqət etməlidir ki, belə tələlərə düşməsin? 

Mövzu ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu “Yeni Müsavat”a danışıb. 

Sosioloq qeyd edib ki, bu məsələdə əsas günah təhsil sisteminin üzərinə düşür: “Belə ki, təhsil sistemində vətənpərvərlik çox güclü olmalıdır. Yəni təkcə ailə ilə məsələ həll olunmur. Qeyd edim ki, qardaş Türkiyənin təhsil sistemi ilə müəyyən qədər tanışlığım var. Orada 10-11 yaşında uşaqla söhbət edəndə görürsən ki, Türkiyənin tarixi,  türkçülüyün mahiyyəti haqda əməlli-başlı geniş məlumata malikdir. Çünki məktəb bütün bunları şagirdlərə çox gözəl aşılayır. Bizdə isə nəinki orta məktəblərdə, ali məktəblərdə də vətənpərvərliklə bağlı məsələ rəhbərliyin yadından çıxır. Hamısı yalnız hansısa proqramları və yaxud kommersiya maraqlarını düşünür. Beləliklə, qeyd olunan məsələlərin kökündə bizim təhsil sistemimiz, onun vətənpərvərliyə münasibəti  dayanır”.

Sosioloq bildirib ki, valideynləri də bu məsələdə günahlandırmaq olmaz: “Çünki indiki valideynlər son 30-40 ildə, yəni ölkəmizin ən gərgin vaxtlarında formalaşıblar və onların özlərinin maarifləndirilməsinə ehtiyac var. Bununla belə, bir çox valideynlər vətənpərvərlik hissini övladlarına aşılaya bilirlər. Məhz onların sayəsində 44 günlük Vətən müharibəsində gənclərimiz mətanətlə vuruşdular.

Lakin bütün gənclər bu ruhda deyil".

Boşanmaların sayı bir az da artacaq" - Əhməd Qəşəmoğlu

Əhməd Qəşəmoğlu: “Problemin kökündə bizim təhsil sistemimiz, onun vətənpərvərliyə münasibəti dayanır” 

Əhməd Qəşəmoğlu Azərbaycanda vətənpərvərlik məsələsinə çox ciddi yanaşılmasına ehtiyac olduğunu vurğulayıb: “Bir çox televiziyalarda şit verilişlərin yerinə tariximiz, şəxsiyyətlərini haqqında söhbətlər aparılmalı, təqdim olunmalıdır. Gənclərimiz bayrağımızdakı rənglərin rəmzini, türkçülüyü yaxşı bilməlidir. Eləcə də çoxəsirlik tariximiz, müasir dövrümüz, dinimiz haqqında ətraflı məlumata malik olmalıdır. Bəzən magistr pilləsində təhsil alan tələbələrimiz tariximiz, şəxsiyyətlərimiz haqqında suala təəccüblə baxırlar. Bir dəfə magistr pilləsində təhsil alan tələbələrə sual verdim ki, ”Sührəvərdi kimdir?" 50 nəfər tələbə üzümə baxdı, sonda bir xanım tələbə soruşdu ki, “müəllim, Sührəvərdi milli xörək adıdır?” 50 nəfərdən biri belə bilmədi ki, Sührəvədi 12-ci əsrdə yaşamış çox böyük filosofumuzdur. Yəni tarixini bilməyən gəncdə vətənpərvərlik necə yarana bilər? Həmin gənclərin mənəvi yönümünü müasir texnologiyalar ilə bir neçə ay ərzində dəyişdirmək mümkündür. Beləliklə, bu sahədə Gənclər və İdman Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, eləcə də Mədəniyyət Nazirliyinin öhdəsinə bir sıra işlər düşür. Oturub bu haqda əməlli-başlı düşünmək lazımdır".

Aydın Xan Əbilov Nail Kəmərlinin müdafiəsinə qalxdı: "Niyə bizi  aşağılamalıdırlar?"

Aydın xan Əbilov: “İlkin Qəmbər kimilər anlamırlar ki, birdəfəlik salfet kağızı kimi istifadə olunub atılacaqlar”

Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, tanınmış kulturoloq Aydın xan Əbilov da mövzu ilə bağlı danışıb: “Öncə qeyd edim ki, müasir dövr qloballaşan və bütövlükdə bəşəri düşüncəyə, fikirlərə önəm verən bir zəmanənin məhsuludur. Ona görə də bir çox ölkələrdə baş verən oxşar hadisələr ilə rastlaşırıq. Məsələn, İran hadisələri zamanı Kanada, Avropada yaşayan, əslən İrandan olan insanların ölkələri ilə bağlı kəskin reaksiyaları daha çox bəşəri hislər üzərində qurulmuşdu. Nəticədə İranda qadınların çadra inqilabı baş verdi. Məlum idi ki, bunu dəstəkləyən bir sıra Avropa ölkələri var idi və onlar qıcıqlandırıcı deyil, əksinə bütün insanları birləşdirəcək kosmopolit, ”sivil" fikirlər və düşüncə tərzi forması seçmişdilər.

Fərqi yoxdur, İsa Qəmbərin, ya mənim, ya da digərinin oğlu olsun, ayaqlarını Biləcəridən kənara qoyan kimi xüsusi orqanlar, Azərbaycanda, Qafqazda xüsusi maraqları olan qüvvələrin təsiri altına düşən xeyli soydaşlarımız var. Onların bəziləri bilərəkdən, bəziləri isə bilməyərəkdən həmin qara, ilk baxışdan guya barışdırıcı mövqe sərgiləyən qüvvələrin təsiri altına düşür. Ona görə də biz bu məsələdə ayıq-sayıq olmalıyıq. Ümumiyyətlə, mən inanmıram ki, əsl azərbaycanlı olan şəxs hansısa qüvvənin təsiri altında sona qədər Azərbaycana qarşı çıxış etsin.

Hansısa maksimalist düşüncədən, maraqdan irəli gələrək müəyyən addım atıla bilər və yaxud özünü ultra-liberal, ultra-dəbli göstərmək xətirinə Kanada, ABŞ və digər ölkələrdə Azərbaycan, azərbaycançılığa qarşı söz deyə bilərlər. Biz bunu bəzi yazıçılarda, blogerlərdə gördük. Amma onlar yanılırlar, anlamırlar ki, birdəfəlik salfet kağızı kimi istifadə olunub atılacaqlar. Buna misal olaraq, vaxtilə hay-küylə gələn Elşad Abdullayevləri, blogerləri göstərmək olar. Əkrəm Əylislinin məlum əsərindəki mövqeyini indi İlkin Qəmbər Kanadada bir neçə dostu ilə həyata keçirmək istəyir. Məncə, ermənidən çox erməni olmaq mümkün deyil. İlkin Qəmbər və ona yaxın olanların atdığı addımlar xalqları birləşdirməyə deyil, gərginliyi, münaqişəni daha da qızışdırmağa yönəlib.

Daha bir məsələ, əgər İlkin Qəmbərin göstərdiyi kimi ermənilərin “böyük, qədim toplusu” var idisə, bəs hanı onların Nizami Gəncəvisi, Xaqanisi, Nəsimisi, Şah İsmayıl Xətaisi? Hanı tusiləri, alimləri? Deyilən sözün məntiqi olmalıdır. Sivil dünya bu cür məsələlərə gülür. 20-ci əsrin əvvəllərində ermənilər dəfələrlə Azərbaycanda, o cümlədən Bakıda, digər bölgələrdə azərbaycanlılara qarşı böyük soyqırımlar törədib. İlkin Qəmbər belə “soyqırımşünasdırsa”, niyə bu soyqırımlardan bəhs etməyib?

Hesab edirəm ki, diasporumuz, Xarici İşlər Nazirliyimiz, eləcə də digər qurumlar türk dünyası, o cümlədən Azərbaycan, onun həqiqətləri ilə bağlı layihələr işləməlidir. Təkcə Heydər Əliyev Fondu deyil, həm də ictimaiyyət, mədəniyyət xadimləri, Elmlər Akademiyası, onun institutları bu mövzuda gənclərimizə təbliğat xarakterli yeni əsərlər təqdim etməli, tanıtımlar həyata keçirməlidir".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR