İnsanlara hürriyət, millətlərə istiqlal!

Qida əlavələri, yoxsa zəhərlər? - şok xəbərdarlıq

1935 05.12.2023 08:25 Yaşam A A

Xəbər verildiyi kimi, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərkibində təhlükəli kimyəvi maddə aşkarlanan bioloji aktiv qida məhsulu ilə bağlı xəbərdarlıq edib. Qurumdan bildirilib ki, AQTA bioloji aktiv qida məhsullarının satışı ilə bağlı sosial şəbəkələrdə edilən paylaşımlar və mediada dərc olunan məlumatlar müvafiq qaydada təhlil edilərək araşdırmalar aparıb.

Belə ki, agentliyin həyata keçirdiyi monitorinqlər çərçivəsində elektron ticarət vasitəsilə istehlakçılara bioloji aktiv qida məhsulu kimi təqdim edilən “Samyun Wan” adlı kökəlmə üçün nəzərdə tutulan məhsuldan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Nümunələrin sınaq nəticələrinə əsasən, “Samyun Wan” preparatlarının tərkibində bioloji aktiv qida məhsullarına xas olmayan və insan sağlamlığı üçün təhlükəli hesab olunan kənar kimyəvi maddə aşkar edilib.

Qeyd edək ki, həmin məhsulun istehsalında istifadəsi qadağan edilən bu yad kimyəvi maddə insan həyat və sağlamlığına mənfi təsirlər göstərərək ciddi fəsadlar törədə bilir.

“Azərbaycana qanunsuz yollarla gətirilən "Samyun Wan" preparatı bioloji aktiv qida məhsulu deyil və agentlik bu cür halların qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirir. Bioloji aktiv qida məhsullarının satışı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş müvafiq müşayiətedici sənədlərlə həyata keçirilir. Ona görə də vətəndaşlardan xahiş olunur ki, satıcıdan bu məhsulları alarkən qida təhlükəsizliyi sertifikatını tələb etsinlər. Eyni zamanda hər hansı uyğunsuzluq müşahidə olunduqda bununla bağlı Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat versinlər. Agentlik əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısını alacaq", - xəbərdarlıqda vurğulanır.

Bəllidir ki, insanlar istər kökəlmək, istərsə də arıqlamaq üçün bu cür naməlum bioloji əlavələrə meylli olurlar. Bu şəxslərə diyetoloq nə məsləhət görür? Nələrə diqqət etməli?

Dietoloq Ləman Süleymanova: “Azyaşlı uşaqlar arasında piylənmə halları  artıb” - Azinforum.az İnformasiya Portalı

Dietoloq Ləman Süleymanov: “Xüsusən fitnes-klublarda insanlara bioaktiv maddələr adı altında bu cür yasaq mənşəli preparatlar verilir”

Mövzu ilə bağlı həkim-dietoloq Ləman Süleymanova “Yeni Müsavat”a danışıb: “Çox təəssüflər olsun ki, son vaxtlar sosial şəbəkələrdə dietoloji ”qara bazar" deyilən bir sistem yaradılıb və həkimlik diplomu, təcrübəsi, sertifikatı, Səhiyyə Nazirliyinin reyestrində olmayan, yəni kiçik bir tibbi savadı olmayan insanlar sosial şəbəkə üzərindən həkimlik edir. Özlərini kosmetoloq filankəs, diyetoloq filankəs, doktor filankəs  adlandırıb, virtual məkanda özlərinə bir imic yaradırlar. Onlar sosial şəbəkə üzəridən insanları müayinə edir, marafona qoşur, dərman preparatları təyin edirlər və sairə. 

Xüsusən də ucuz bir marafon sistemi yaradılıb. Yəni qeyd olunan dərmanlar daha çox marafonlar vasitəsilə satışa çıxarılır. Beləliklə, insanları marafona cəlb edirlər. Bu marafonlar 5-10 manatlıq ucuz, arıqlama və yaxud kökəltmək marafonlarıdır. Həmin marafonların 6-7-ci günü insanlara uydurma dietalar  tətbiq edir, insanlar da onlara aldanırlar. 

Məsələn, qeyd olunan həmin kökəldici dərman da məhz həmin marafonlar vasitəsilə insanlara satılır. Bu, böyük bir mafiyadır. 

Bu cür dərmanları satışa çıxardıb deyirlər ki, guya “təmiz, yaxşı çaydır, aktiv maddədir, tərkibində sağlam məhsullar var”. Amma bu cür dərmanların tərkibində əlavə təhlükəli maddələr olur və instruksiyasında bunlar qeyd edilmir".

Ləman Süleymanova qeyd edib ki, bu məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən ciddi araşdırmalar aparılmalıdır: “Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi bu məsələ ilə bağlı ciddi araşdırmalar aparmalıdır. 

İllərlə həkimlik sahəsində təhsil almışıq, xarici ölkələrdə təcrübələr keçmişik, illərdir xəstələri müalicə edirik, 5 ildən bir sertifikasiya komissiyasından keçirik, illərin həkimləriyik, amma yenə də hər dəfə xəstə qəbul edəndə həyəcan keçiririk, prosesi yaxından izləyirik, dərindən müayinə edir, onunla psixoloji söhbət aparırıq. Amma insanlar heç bir məsuliyyət hiss etmədən sosial şəbəkə üzərindən uydurma virtual həkimlərə inanır, sağlamlıqlarını, həyatlarını beləcə təhlükə altına alırlar. 

Və yaxud uydurma həkimlər kiçik şirkətlər açır, insanları ora cəlb edir, guya onları müayinə edir və sonra onlara kokteyllər verirlər. Məsələn, “Gənclik”də bu cür yerlər var, insanlar ora gedir, müayinə olunur, daha sonra onlara kokteyllər satırlar. Mənə maraqlıdır ki, buna rəsmi qurumlar necə icazə verib? Yəni həkim sertifikatı olmayanlar necə insanları müayinə edib, bu cür kokteyllər sata bilər və aidiyyəti qurumlar buna göz yumur, icazə verir. 

O ki qaldı “Samyun Wan” preparatına, bəli, bu dərman yasaq yollarla ölkəmizə gətirilib, dəfələrlə “İnstagram” üzərindən satışa çıxarılıb, görünür ki, nəhayət, bu barədə araşdırma aparılıb və tərkibində zəhərli maddə tapılıb. Məlum olub ki, onun tərkibində bitki mənşəli maddə ilə hormonal mənşəli maddə var. Hər iki maddənin qarışığı insan orqanizminin mədəaltı, böyrəküstü vəzə və digər orqanlara çox ciddi mənfi təsir göstərir. Həmçinin qaraciyərə dağıdıcı zərbə vurur. 

Çox təəssüf ki, bu cür təhlükəli maddə yeganə “Samyun Wan” preparatı deyil. Araşdırsaq görərik ki, bu cür təhlükəli xeyli sayda dərmanlar var. 

Onu da qeyd edim ki, xüsusən fitnes-klublarda insanlara bioaktiv maddələr adı altında bu cür yasaq mənşəli preparatlar verilir. Onların arasında həm arıqlama və həm də kökəltmə preparatları var. 

Xüsusi olaraq qeyd edim ki, epilepsiya xəstələri bu cür preparatları qəbul edərkən ölüm təhlükəsi ilə üz-üzə qala bilərlər. Ciddi baş ağrıları, baş gicəllənmələri, tonusun zəifləməsi, ümumi halsızlıq təzyiqin qəfildən düşməsi də həyatı təhlükəyə gətirib, çıxara bilər. Həmçinin arterial təzyiqi yüksək, şəkər xəstəliyi olan insanlar da bu cür preparatları qəbul edərsə, xüsusən gecə saatlarında ölüm riski deməkdir. Bundan əlavə, qadınlarda ciddi hormonal pozğunluğa, yumurtalıqların fəaliyyətinin zəifləməsinə, süd vəzi xərçənginə, yeniyetmə qızlarda menstruasiyanın birdən-bir kəsilməsinə  gətirib çıxara bilər. Kişilərdə isə cinsi zəiflik, spermatozoidlərin azalmasına səbəb ola bilər". 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da mövzu ilə bağlı danışıb. Onun sözlərinə görə, illər boyu qida əlavələri məsələsi heç kəs tərəfindən nəzarətdə olmayıb və illərlə bu qida əlavələri ilə bağlı Azad İstehlakçılar Birliyinə şikayətlər gəlib: "Belə ki, ölkədə cürbəcür şirkətlər əhali arasında piramida quraraq, çox sayda belə qida əlavələrinin satışını həyata keçirir, nəticədə insanların sağlamlığında çox ciddi fəsadlar yaranıb, xəstəliklər ortaya çıxıb.  Təəssüflər olsun ki, bu gün də bu proses davam edir. 

Ekspert: “Dönərxanalar mənşəyi bilinməyən ətlərdən istifadə edir” -  17.09.2020, Sputnik Azərbaycan

Eyyub Hüseynov: “Cürbəcür şirkətlər əhali arasında piramida quraraq, çox sayda belə qida əlavələrinin satışını həyata keçirir”

Çox yaxşı haldır ki, bu ilin yanvar ayından başlayaraq QİDA Təhlükəsizliyi Agentliyi bu işləri nəzarətə götürüb. Bu çox yaxşı haldır. Lakin bu cür qida əlavələrini təkcə xarici deyil, yerli şirkətlər də istehsal edir. Bu şirkətlər mütləq şəkildə AQTA-da reyestrə daxil olmalı, qurum onların bütün hərəkətlərini təqib etməlidir".

Qurum sədri qida əlavəsi ilə bağlı ifşa olunan bir faktla bağlı qeyd edib: “Bir müddət əvvəl Nabrandan olan yaşlı bir qadın hormonal preparatlarla qarışdırılmış qida əlavəsi ilə insanları müalicə etməyə çalışırdı, biz onu ifşa etdik. Prokurorluq və digər aidiyyəti qurumlar bu məsələyə müdaxilə etdi. Əlbəttə ki, medianın bu məsələdə müstəsna xidmətləri oldu. Lakin qeyd etdiyim kimi, bu gün də Azərbaycanda belə şirkətlər var.

Əhaliyə üzümü tutub deyirəm ki, yalnız akademik tibbə inansınlar. Doğrudur, ilk xalq təbabəti olub. Lakin akademik tibb  xalq təbabətində nə varsa, zamanla hamısını götürüb və onu müalicə səviyyəsinə gətirib çıxarıb. Arı, eşşək südü, qurbağa ilə müalicə edən insanlara cavab versinlər -  akademik tibbin nəyi çatışmır? Müalicə üçün bu gün hər cür laboratoriyalar, alimlər var. Ona görə əhaliyə çağırış edirəm ki, yalnız akademik tibbə inansınlar. Məhz akademik tibb yer üzündə qızılcanın, vəbanın, eləcə də çox sayda xəstəliklərin kökünü kəsib. Bəs xalq təbabəti nə edib? Demək olar ki, heç nə. Yalnız insanları aldatmaqla məşğul olub.

İnsan sağlamlığı çox fərdi məsələdir və bəzən kimlərsə məcbur olur ki, xalq təbabətinə, qida əlavələrinə üz tuturlar. Amma bu, yolverilməzdir. Qida əlavələrindən uzaq durmaq lazımdır".

Xalidə GƏRAY,

“Yeni Müsavat”





Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR