İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzzada danışıqlar dalana DİRƏNDİ - Atəşkəs təklifi RƏDD EDİLDİ

583 09.04.2024 14:32 Dünya A A

Avropa İttifaqı (Aİ) və Amerika Birləşmiş Ştatlarının (ABŞ) terror təşkilatı kimi tanıdığı HƏMAS hərəkatının nümayəndələri İsrailin atəşkəs təklifini rədd ediblər.

Musavat.com xəbər verir ki, ötən bazar günü, aprelin 7-də İsrail və HƏMAS Misirə nümayəndə heyətləri göndərib. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns də danışıqlarda iştirak etmək üçün Misirə gəlib.

Qahirədəki danışıqlarda HƏMAS ilə İsrail arasında müqavilə imzalanacağı gözlənirdi. Buna əsasən, İsrailin girovların azad edilməsi əvəzində atəşi dayandıracağına ümid edilirdi.

HƏMAS-ın adının çəkilməsini istəməyən rəsmisi deyib ki, İsrailin mövqeyində dəyişiklik görməyiblər, ona görə də "Qahirədəki danışıqlarda yeni heç nə yoxdur".

Fələstin tərəfinin açıqlamalarından sonra İsrailin baş naziri Benyamin Netanyahu danışıqlarla bağlı ətraflı məlumatlandırıldığını bildirib.

"Qələbə üçün Rəfaha daxil olmaq və orada yerləşən terrorçu batalyonları məhv etmək lazımdır. Bunun nə vaxt baş verəcəyi ilə bağlı artıq tarix var", – vurğulayan Netanyahu bu tarixi açıqlamayıb.

Rəfah şəhəri son aylar Qəzza zolağında gedən döyüşlərdən qaçan fələstinlilər üçün son sığınacaq olub.

Ötən il oktyabrın 7-də Qəzza zolağından HƏMAS silahlılarının gözlənilmədən yəhudi yaşayış məntəqələrinə hücum etməsi ilə Yaxın Şərqdə vəziyyət gərginləşib. Həmin hücumlar nəticəsində 1200-ə yaxın israillinin öldürüldüyü, 250-dən çoxunun girov götürüldüyü bildirilir.

Fələstin anklavının Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar nəticəsində həlak olan fələstinlilərin sayı isə 32 mini keçib.

İsrail hökuməti Qəzza zolağının HƏMAS-dan tamamilə təmizlənəcəyini açıqlayıb. Çoxlu sayda ölkə İsrailin cavab addımlarını qeyri-mütənasib hesab edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR