İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzza ilə bağlı razılıq əldə olundu, yoxsa... - rəylər

931 13.07.2024 10:53 Dünya A A

Siyasi şərhçi: “Əgər Rusiya və Çin İsrailə qarşı təzyiqləri daha da artırsalar...”

İsrail və Həmas girovların azadlığa buraxılması və atəşkəslə bağlı çərçivə üzərində razılaşıblar. Bu barədə “Washington Post” məlumat yayıb.

Bildirilib ki, tərəflər hazırda bu çərçivənin necə tətbiq ediləcəyinin detallarını müzakirə edirlər.

Nəşrin məlumatına görə, əsas addım hər iki tərəfin razılaşmanın ikinci mərhələsində Qəzzada Fələstin Muxtariyyətinin dəstəklədiyi qüvvə tərəfindən müvəqqəti hökumətin qurulmasının qəbul edilməsinə razılaşması olub. Qeyd olunub ki, razılaşmaya əsasən, Həmas girov götürdüyü kişi hərbçiləri sərbəst buraxacaq, hər iki tərəf İsrail qüvvələrinin Qəzzadan çəkilməsi ilə toqquşmalara daimi son verməyə razılaşacaq. Razılaşmaya əsasən, müvəqqəti hökumətin qurulması nəticəsində Qəzzada nə Həmas, nə də İsrail idarəçiliyi olacaq.

Qeyd olunub ki, Qəzzanın təhlükəsizliyini ABŞ-nin təlim keçdiyi və mülayim ərəb ölkələri tərəfindən dəstəklənən qüvvələr təmin edəcək. 2500 nəfərlik bu qüvvələr isə İsrail tərəfindən yoxlanılmış Fələstin Muxtariyyətinin tərəfdarlarından ibarət olacaq.

İsrail və Fələstinin HƏMAS radikal hərəkatı Qəzza zolağında atəşkəs razılaşması planı üzrə razılığa gəliblər, lakin təfərrüatlar hələ də işlənib hazırlanmalıdır.

“Report” xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden NATO-nun Vaşinqtonda keçirilən sammitindən sonra keçirilən mətbuat konfransında deyib.

“Altı həftə əvvəl mən BMT Təhlükəsizlik Şurası və Yeddilik Qrupu tərəfindən təsdiqlənən müfəssəl plan hazırladım. Bu plan İsrail və HƏMAS-la razılaşdırılıb, təfərrüatları işləmək üçün bölgəyə nümayəndələr göndərdim”, - Bayden bildirib.

O, həmçinin qeyd edib ki, razılaşmada hələ də boşluqlar var, lakin ümumilikdə müsbət tendensiya müşahidə olunur.

“Bu razılaşmaya nail olmaq və bu müharibəni bitirmək əzmindəyəm”, - ABŞ lideri vurğulayıb.

Qəzza ilə bağlı bu razılaşmanı həlliedici, müharibənin başa çatması kimi qiymətləndirmək olarmı? Yoxsa bu, müvəqqəti bir işdir?

Deputat Sona Əliyeva: “Özəl sektorda çalışanların da maddi vəziyyəti  yaxşılaşacaq”

 Sona Əliyeva 

Sabiq deputat, siyasi təhlilçi Sona Əliyeva İsrailə beynəlxalq aləmdən gələn təzyiqlərdən danışdı: “Hazırda dünyanın bir çox güc mərkəzləri Fələstin dövlətinin yaradılması üçün İsrail dövlətinə təzyiqləri artırıblar. Hətta son dönəmlərdə ABŞ və bəzi Qərb ölkələri də Fələstin dövlətinin yaradılması üçün İsrailə müəyyən diplomatik kanallar vasitəsilə təzyiqlər göstərirlər. Düşünürəm ki, Qəzza zolağında savaşın bitməsini hazırda daha çox Rusiya və Çin istəyir. Çünki, bu ərazilərdən yeni iqtisadi marşrutların keçməsi müzakirə mövzusudur. Söhbət meqa layihələrdən gedir. Çindən Braziliya sahillərinə, ABŞ-a qədər uzanacaq layihələrdən... Heç bir investor savaş gedən ərazilərdəki layihələrə pul yatırmaq istəməz. Bu səbəbdən, İsrail lobbisi düşdüyü dalandan çıxa bilmir. Ona görə də böyük güclər İsrailə təzyiqləri artırıblar. Əgər Rusiya və Çin İsrailə qarşı təzyiqləri daha da artırsalar, o zaman ilin sonuna qədər Fələstin zolağında və Qəzzada sülhə nail olmaq mümkündür. BMT Təhlükəsizlik Şurasının 5 daimi nümayəndəsindən ikisinin bu işə qol qoyması ABŞ və Qərbdəki bir sıra dairələri də hərəkətə gətirib. Artıq əsirlərin mübadiləsi ilə bağlı müəyyən işlər görülür. Bu proses hələ ki, sürətli başlanğıcdır. Hesab edirəm ki, ardı gələcək. İran amili Fələstin üçün güclü rol imkanı demək deyil, indi Fələstin rəhbərliyi gözlərini Moskva və Pekinə dikib. Hətta bəzi BRİKS ölkələri də bu işdə Fələstini dəstəkləməyə başlayıb. Artıq Qərb ölkələrinin bəziləri də Fələstini müstəqil dövlət kimi tanıma qərarı alıb. Söhbət İspaniya və Danimarkadan gedir. Gələcəkdə bu siyahı daha da böyüyəcək. Amma Fələstindəki idarəçilik heç də tamamilə İsrailin əlində olmayacaq. Bu, Pekin və Moskvanın maraqlarına ziddir. Amma hər iki qütbə neytral mövqedə dayanan bir administrasiya Fələstində idarəçiliyi ələ ala və sülh prosesini daha da inkişaf etdirə bilər”.

Azər Hüseynov: “Savadlı və hikmətli ruhanilər yetişməlidir”

Azər Hüseynov

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov Qəzza münaqişəsinin hər kəsi yorduğunu söylədi: “Tam razılaşma əldə edilənə qədər nə isə söyləmək çətindir. Nə üçün? Çünki Yaxın Şərqdə, xüsusilə Fələstin məsələsində çox oyunçu iştirak edir. Misal üçün, Amerika. Amerika İsrailin müttəfiqidir. Eyni zamanda, yerli bölgə monarxiyaları ilə müttəfiqdir. İsrailin Qəzza məsələsində uduzmasını istəməz. Həm də, ərəb dünyasında da nüfuzunun itməsindən narahatdır. Ona görə Amerika bu iki nöqtəni Osloda birləşdirdiyi kimi birləşdirmək istəyir. Amma çətindir. Digər oyunçu Rusiya. Rusiya Suriyanın müttəfiqidir. Amerikanın Yaxın Şərqə başının çox qarışmasını istəyir. İsraili Qəzzada tənqid etdi. Amma öz daxilində yəhudi diasporu güclüdür. İstənilən halda onu özü ilə düşmən etmək istəmir Rusiya hakim elitası. Amma ərəb dünyası ilə dostluğu itirmək istəmir. İran bölgənin assimmetrik aktorları üzərində ən çox təsiri olan qüvvədir. Hizbullah və HƏMAS-ın silahlı qanadı üzərində təsiri güclüdür. Ona görə Fəthin gücləndirilməsini istəməz. İran yerli hərbi oyunçular üzərində Türkiyədən də təsirlidir. Türkiyə daha çox HƏMAS-ın siyasi qanadına təsir edir. Eyni zamanda, Ərdoğanın siyasi olaraq nüfuzu ərəb dünyasında güclüdür. Bütün bunlarla belə Qəzza münaqişəsi bütün oyunçuları yorubdur. Lakin hamı maksimum mənfəətlə çıxmaq istəyir. Ancaq bu müharibənin dəhşət yükü yenə Fələstin xalqının üzərindədir. Humanitar bir fəlakət içindədir Qəzza. Hər halda atəşkəs Fələstin xalqına lazımdır”.

Niyaməddin Orduxanlı parlament seçkilərində hansı dairədən namizəd  olacağını açıqlayıb

Niyaməddin Orduxanlı

Ədalət, Hüquq və Demokratiya Partiyası sədrinin müavini Niyaməddin Orduxanlı bu qərarın uzunmüddətli olacağına inanır: “İsrail və Həmas qüvvələrinin razılıq əldə edilməsi nəticəsində atəşkəsin əldə olunması və girovların azad olunmasına dair razılığa gəlməsi xəbəri çox sevindirici bir xəbərdir. Hər iki tərəfdən on minlərlə günahsız və dinc insanlar həyatlarını itiriblər, minlərlə insan şikəst olub və saysız hesabsız evlər viran qoyulub. Heç bir müharibə xalqlara xeyir gətirməyib. Azərbaycan dövləti müharibənin başlandığı ilk gündən ən doğru mövqe nümayiş etdirdi. Beynəlxalq hüququn imkan verdiyi çərçivədə məsələnin həll olunmasının tərəfdarı olduğunu bəyan etdi. Yayılan məlumatlar həqiqəti əks etdirirsə, yəni beynəlxalq qüvvələrin nəzarəti ilə təhlükəsizliyin təmin olunması üçün ilkin mərhələdə ən doğru qərardır. Bu o deməkdir ki, müharibə dayanacaq. Müzakirələr masa üzərində aparılacaq. Optimal yollar axtarılacaq. Günahsız körpələr həyatlarını itirməyəcək. Arzu edək ki, baş vermiş proses bir daha müharibənin olmamasına gətirib çıxaracaq. Çox təəssüf ki, bu münaqişə artıq 60 ilə yaxındır ki, sülh davam edir. Ümid edək ki, müvəqqəti olmayacaq”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR