İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbdən rəsmi anons: ABŞ dünyada hegemon statusunu itirir... - Sevinək?

626 11.05.2024 09:23 Gündəm A A

Avropa İttifaqının baş diplomatı Borrel hesab edir ki, Çinin fövqəldövlət kimi meydana çıxmasını görürük; deputat: “Səbəbi seçkilərdən sonra özünü göstərəcək”

“ABŞ dünyada hegemon statusunu itirib”. “Yeni Müsavat” bildirir ki, bu fikri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel Böyük Britaniyada mühazirə ilə çıxış edərkən bildirib.

“Amerika hegemon statusunu itirib. 1945-ci ildən sonra yaranmış dünya nizamı öz əhəmiyyətini itirir”, - Avropa diplomatiyasının rəhbəri iddia edib. Borrellə görə, “soyuq müharibə” dövründən sonra yaranan beynəlxalq sistem indi praktiki olaraq mövcudluğunu dayandırıb: “Biz həmçinin, Çinin yüksəlişini və onun fövqəldövlət kimi meydana çıxmasını görürük”. Onun sözlərinə görə, bu vəziyyət “çox da xoşagələn mənzərə deyil” və Avropanın tezliklə məhv ola biləcəyini göstərir. “Bunun fonunda Aİ və Böyük Britaniyanın rolunu müəyyən etmək lazımdır. Bu, bizim artan təhdidlərə necə cavab verməyimizdən asılı olacaq”, - deyə o əlavə edib.

Borrel nə dərəcədə haqlıdır? Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin mayın 7-dəki andiçmə mərasimindəki çıxışında çoxqütblü dünyanın zəruriliyindən danışıb. Bəs ABŞ-ın dünyada hegemon statusunu itirməsi konkret Azərbaycana nə vəd edir, ölkəmiz üçün çoxqütblü dünya daha yaxşıdır, yoxsa? Aydın idi ki, Ukrayna müharibəsi sadəcə Rusiya və ya ABŞ hərbi əməliyyatı olaraq qala bilməzdi. Demək olar ki, hər kəs müharibənin Atlantik və Avrasiya arasında geosiyasi qlobal güc mübarizəsi olduğunu deyirdi. Əslində müharibə tərəfdarları toqquşmalar başlayan kimi bu faktı vurğulayırdılar. İşğaldan bir ay sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov baş verənləri və baş verəcəkləri ümumiləşdirərək qeyd etdi ki, burada söhbət qətiyyən Ukraynadan yox, dünya nizamından gedir. Birqütblü dünya dönməz şəkildə tarixə gömülüb və indi çoxqütblü dünya doğulur.

ABŞ hegemoniyasının yaranması İkinci Dünya müharibəsindən sonrakı dövrə təsadüf edir. Soyuq müharibənin sonunda Sovet İttifaqının dağılması ilə bu hegemoniya öz kulminasiya nöqtəsinə çatdı. ABŞ hegemonluğunun əsasını ölkənin hərbi, iqtisadi və mədəni gücü təşkil edir. Belə ki, bu ölkə dünyanın ən böyük iqtisadiyyatına malikdir və qlobal ticarətin mərkəzindədir. Dünyanın bir çox ölkələrinə sərmayə yatırır, beynəlxalq maliyyə institutlarında nüfuzlu mövqeyə malikdir və qlobal iqtisadi siyasəti formalaşdırır. Çin iqtisadi gücü və beynəlxalq məsələlərdə iddialı davranışı ilə ABŞ-ın üstünlüyünə qarşı çıxıb. Avropa İttifaqı və inkişaf etməkdə olan ölkələr arasında kooperativ təşəbbüslər kimi regional blokların formalaşması mövcud hegemon nizamı yenidən formalaşdırır. Artıq bəzi ekspertlər birqütblü dünyanın son çatdığını, fərqli güclərin ortaya çıxdığını düşünür.

Asim Mollazadə yeni ofis axtarır – özü səbəbini AÇIQLADI

Deputat Asim Mollazadə “Yeni Müsavat”a söylədi ki, bu istiqamətdə proseslər gedir. “Mənə elə gəlir ki, Birləşmiş Ştatlar bir sıra məsələlərdə Çinə güzəşt edir, Pekinlə mülayim davranır. Bunun səbəbi seçkilərdən sonra özünü göstərəcək. Çinin iqtisadi vəziyyətinin və dünyanın bir sıra qitələrində mövqeyinin möhkəmləndiyini görməkdəyik. Amerika hələ ki Çinə güzəşə getməkdədir. Seçkidən sonra siyasət dəyişərsə, ABŞ Çinə təzyiq edə bilər. Amerika dollarla dünya siyasi-iqtisadi səhnəsindədir, amma son dövrlərdə Çin yuanı ilə işləyən ölkələr artır”. Siyasi ekspert Fuad Əliyev də açıqladı ki, ABŞ dollar üzərində siyasət qurub, lakin geopolitik məkanda yeni blok meydana gəlib: “Şərq bloku - Çin, Rusiya, İran, Hindistan, Braziliya və digər ölkələr var. BRİKS təkqütblü dünyaya qarşıdır. Əslində, ikiqütblü dünya rəqabəti gücləndirir. Hazırda dünyanın yenidən bölüşdürülməsi, geopolitik nizamın qurulması işi gedir. Ukrayna münaqişəsi strateji olaraq NATO, yoxsa qarşı tərəfin gücünü müəyyən edəcək. Mən deyərdim ki, ABŞ bu müharibədə Avropa Birliyini özündən asılı vəziyyətə salmaqdadır. Avropa Rusiya ilə münasibətləri pozmaq istəməzdi. Ancaq savaş iqtisadi cəhətdən, qaz tələbatının ödənilməsində Qərb ölkələrini Vaşinqtona meyillənməyə məcbur etdi”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR