İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbdən Paşinyana “xilas kəməri” - Brüssel formatı qayıdır...

1010 18.01.2023 10:14 Siyasət A A

Ermənistan-Rusiya münasibətləri ən kəskin fazadadır: Gümrüdə aksiya keçirilir, Laçına görə Kreml günahkar bilinir, KTMT-nin İrəvanda təlimlərindən imtina olunur və bu gedişlə Qərbin İrəvanı Moskvanın orbitindən qoparmaq şansları artır

Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycan və Ermənistan dövlət başçılarına zəngində hər iki tərəfi Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin rəhbərlik etdiyi üçtərəfli sülh danışıqlarını davam etdirməyə çağırması diqqət çəkib.

Regional təhlükəsizlik məsələlərinə toxunan Frank-Valter Ştaynmayer Almaniyanın Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bilavasitə iştirakı ilə aparılan Avropa İttifaqı-Azərbaycan-Ermənistan üçtərəfli formatını dəstəklədiyini vurğulayıb. “Yeni Müsavat” xatırladır ki, Prezident İlham Əliyev Mişelin dəstəyi ilə həyata keçirilən üçtərəfli danışıqları yüksək qiymətləndirdiyini vurğulayaraq, Azərbaycanın Avropa İttifaqı-Azərbaycan-Ermənistan üçtərəfli formatı çərçivəsində aparılan müzakirələr prosesinə sadiqliyini ifadə edib.

Yeri gəlmişkən, Prezident yerli televiziyalara müsahibəsində də bu barədə danışmışdı. “Minsk Qrupu "rəhmətə gedəndən" sonra indi Avropa İttifaqı öz rolunu oynamağa başlamışdır və biz bunu dəstəklədik. Mən şəxsən bir neçə dəfə bu haqda açıqlama vermişdim. Demişdim ki, biz bunu təqdir edirik. Ancaq əgər bizim arxamızda belə oyunlar gedəcəksə, onda bu formatın da gələcəyi şübhə altına düşəcək. Fransa faktiki olaraq özü-özünü bu prosesdən tamamilə təcrid etmişdir. İndi qalır Amerika və Rusiya. Yəni danışıqlar meydançalarını hazırda belə görürük. Əlbəttə ki, Avropa da ola bilər, amma əgər, yenə də deyirəm, bizimlə özünü dürüst aparsa...", - deyə Prezident bildirmişdi.

Dövlət başçısı əlavə etmişdi ki, Makronun dekabrın 7-də keçirilməsi planlaşdırılan görüşü pozmasından sonra Brüssellə təmaslar olmayıb: “Mən Şarl Mişelin fəaliyyətini həmişə yüksək qiymətləndirmişəm. O, məsələnin mahiyyətinə, yəni dərinliyinə çox bələd olan bir adamdır. Mən gördüm ki, doğrudan da bu məsələni çox dərindən bilir və doğrudan da kömək göstərmək istəyir. Ancaq Praqa görüşündən sonra hər hansı bir reaksiya verilmədi. Bildiyiniz kimi, dekabrın 7-də növbəti görüş planlaşdırılmışdı. Bizə bəyan edildi. Amma biz buna etiraz etdik. Çünki biz Fransa tərəfinin addımlarından sonra onları bu formatda görmürük. Ona görə biz 7 dekabr formatını dəstəkləmədik. Ondan sonra hər hansı bir təmas olmamışdır. Bu ilin əvvəlindən də nə mənim, nə də ki, Azərbaycan tərəfinin Avropa İttifaqının nümayəndələri ilə təmasları olmamışdır. Yəqin ki, onlar indi gələcək addımlar haqqında daxili müzakirələr aparırlar”.

Belə anlaşılır ki, Qarabağ danışıqlarının Fransanın mövqeyi ucbatından tam Moskvanın nəzarətinə keçməsi Qərbi narahat edib. O səbəbdən Almaniya Brüssel formatını xilas etməyə çalışır. Ştaynmayer hələ xarici işlər naziri olarkən Donbasdakı böhranın həlli üçün Normandiya formatının işində fəal iştirak edirdi. Amma Ştaynmayerin təmsil olunduğu Normandiya formatı Ukraynanı fevralın 24-də başlayan yeni müharibədən xilas edə bilmədi. O səbəbdən, Ştanmayerin çağırışının nəticəsiz qala biləcəyi də istisna deyil. Bəs Qərbin sülh danışıqlarını məhz Avropa İttifaqı formatında davam etdirməsi israrı nə ilə bağlıdır - Moskvanın acığınadır, yoxsa Paşinyan hakimiyyətini xilas etmək üçün? Aydındır ki, Qərb özünün adamı hesab etdiyi Paşinyandan hələ bir müddət də Rusiyaya qarşı istifadə etməkdə maraqlı görünür...

Bu arada, Avropa Birliyi (AB) Ermənistana yeni missiya göndərəcək. Budəfəki missiyanın müddətinin 2 ay yox, 2 il olması nəzərdə tutulub. AB-nin Siyasət və Təhlükəsizlik Komitəsi bu barədə layihəni ötən həftə qəbul edib, Antiböhran İdarəetməsinin Mülki Məsələlər Komitəsi isə layihəni bəyənib. Bildirilib ki, 200-ə yaxın avropalı mütəxəssis yeni missiyanın tərkibində təmsil olunacaq. Hiss olunur ki, Qərb Ermənistanda təsirlərini gücləndirir. Mülki missiyanın gələcəkdə hərbi formada əvəzlənməsi üçün indidən zəmin hazırlanır. Bu da Qərbdən Paşinyan administrasiyasına növbəti dəstək kimi dəyərləndirilə bilər.

Xəyal Bəşirov yazır: Dizel yanacağı tökülərək diri-diri yandırılan və başı  kəsilən insanlar » Newscenter.az

Xəyal Bəşirov

Siyasi şərhçi Xəyal Bəşirov hesab edir ki, Brüssel platformasının reallaşması hələlik mümkün görünmür: “Tərəflərin dörd görüşü olub, növbəti müzakirənin ötən ilin noyabrında keçirilməsi nəzərdə tutulmuşdu, sülh sazişinin mətnini xarici işlər nazirləri müzakirə etməliydilər. Lakin Ermənistan nəinki noyabrda, dekabrda da görüşün baş tutmasını pozdu. İrəvan kapitulyasiyaya imza atmış tərəf olsa da, şərtlər irəli sürməyə başlayıb. Ermənistanın üçtərəfli görüşü dördtərəfli görüşə çevirmək cəhdləri baş tutmayacaq. Düşünürəm ki, Brüssel danışıqları yalnız üçlük formatında mümkündür”. Ekspert hesab edir ki, Ermənistan Fransanı danışıqlara qatmaq niyyətindən imtina etmədikcə, Brüssel görüşləri gözlənilmir: “Çünki Frankaforniyada və Senatda qətnamələr qəbul edilib, Paris balansı pozub, vasitəçi kimi iştirak edə bilməz. Görüntü xatirinə görüşlərin olmasına ehtiyac yoxdur. İlk növbədə öhdəliklər icra edilməlidir. Amma ikitərəfli danışıqlar aparılması daha yaxşı olardı. Hər halda, Brüssel formatından imtina edilməyibsə, danışıqlar davam etdirilə bilər. Sadəcə, buna qədər deyilən məsələlər həllini tapmalıdır”.

Ramiyə Məmmədova: “Ermənilər Türkiyədə pul qazanır, amma Ermənistanda türk  görmək istəmirlər”

Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədovanın sözlərinə görə, hansı formatda danışıqlar aparılmasının fərqi yoxdur, ortada bir sənəd var: “Üçtərəfli birgə bəyanata Avropa İttifaqı da istinad edir. Yəni ayrıca sənəd ortaya qoymurlar. O halda 10 noyabr müqaviləsinin bəndləri həyata keçməlidir. Brüssel danışıqları rəqabət üçün yaradılmışdı, Qərb Rusiyaya alternativ qoydu. Bizə görüş yerinin hara olması vacib deyil, əsas odur ki, İrəvan öhdəlikləri yerinə yetirsin. Ermənistan isə 10 noyabr sənədini tam icra etməkdən boyun qaçırır, bunun üçün də istər Brüssel, istər Soçi görüşləri olsun, fərq etməz, Paşinyan vaxt qazanmağa çalışırsa, deməli, təzyiqləri gücləndirməliyik”.

Təhlilçi Qərbin Paşinyanı xilas etmək üçün Brüssel görüşlərini bərpa etmək istəyini istisna etmir: “Ermənistan-Rusiya münasibətləri indi ən kəskin fazaya qədəm qoyub. Paşinyan Moskvanı ittiham edir, Gümrüdə aksiya keçirilir, Laçın yoluna görə Kreml günahkar bilinir, KTMT-nin İrəvanda təlimlərindən imtina olunur və bu gedişlə Qərbin Ermənistanı Rusiyanın peykindən ayırmaq fürsəti daha da yaranır”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR