İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərb də, Şərq də Zəngəzur dəhlizinə can atır: Bu layihə nəhənglərin “nifaq alması”na çevrilir

3108 09.10.2023 16:35 Analitika A A

Hazırda Zəngəzur dəhlizi ətrafında olduqca ciddi maraq toqquşması mövcuddur, onun açılmasında hər kəs maraqlı olsa da, hamı bu marşruta şəriksiz nəzarət etmək istəyir... Bu baxımdan, yaxın vaxtlarda Cənubi Qafqazda əsas geopolitik mübarizənin məhz Zəngəzur dəhlizi üzərində indeksləşə biləcəyi qətiyyən istisna deyil...

Azərbaycan dövləti qəbul etdiyi qərarların, atdığı addımların yekun nəticələrini əvvəlcədən tam dəqiqliyi ilə hesablayır. Rəsmi Bakı heç bir geopolitik addımı zamanından əvvəl və ya vaxtından gec atmır. Səbrlə gözləyir, vaxtı çatanda problemin həllinə nail olur. Və bu baxımdan, rəsmi Bakının gələcəyə yönəlik konkret hədəf proqramları üzrə hərəkət etdiyini iddia etmək də mümkündür.

Azərbaycanın Qarabağ regionunda 30 il mövcud olmuş erməni terrorizminin sıradan çıxarılması da məhz tam vaxtında reallaşdırıldı. Ölkə ərazisində idarəedilməz “boz zona”nın ləğvi yalnız Azərbaycanın deyil, ümumiyyətlə, Cənubi Qafqazın bəzi digər problemlərinin də önünü açmış oldu. Hər halda, Cənubi Qafqazda xarici sərmayədarlarının fəaliyyəti üçün indi daha sərfəli və təhlükəsiz situasiya yaranıb. Və regional iqtisadiyyatın inkişaf perspektivləri baxımından, sərmayə risklərinin azaldılması olduqca önəmli faktordur.

Təbii ki, rəsmi Bakının regional layihələrində yalnız geopolitik deyil, həm də geoiqtisadi planlar xüsusi yer alır. Azərbaycan Cənubi Qafqazda ümumi regional iqtisadi məkanın yaradılmasında birbaşa maraqlı olduğunu qətiyyən gizlətmir. Çünki bu inkişaf modeli reallığa çevrilərsə, üç region ölkəsi ortaq iqtisad-ticari əməkdaşlıqla, bir çox önəmli problemləri nizamlamaq şansı qazana bilər. Və hazırda rəsmi Bakı əsas hədəflərini məhz geoiqtisadi layihələr üzərində indeksləşdirməyə cəhd göztərir.

0b1b433a-7caf-4ea1-ba9d-50db4d8a598c.jpg (251 KB)

Onu da qeyd edək ki, Cənubi Qafqazı onilliklər boyu “münaqişə ocağı”na çevirmiş “Qarabağ mövzusu”nun gündəmdən çıxarılması Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına və normal qonşuluq münasibətlərinə geniş imkanlar açır. Çünki indi Azərbaycan və Ermənistan arasında əsas ziddiyyət faktoru, qarşıdurma səbəbi aradan qaldırılıb. Və gələcək regional iqtisadi məkanın qarşısında indi yalnız Ermənistanın mövcud situasiya ilə birmənalı şəkildə barışmağa hazır olmaması dayanır.

Maraqlıdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstan səfəri çərçivəsində ümumi regional iqtisadi məkanın önəmi ön plana keçirildi. Hətta Azərbaycan və Gürcüstan liderləri dolayısı ilə Ermənistana çağırışlar da etdilər. Mövcud şansın dəyərləndirilməsinin vacibliyini xüsusi olaraq, vurğuladılar. Və ona görə də, əgər, rəsmi İrəvan Ermənistanın iqtisadi inkişafına yol açmaq istəyirsə, həmin çağırışlara həssas yanaşmalıdır.

Məsələ ondadır ki, rəsmi İrəvan Zəngəzur dəhlizinin region ölkələri üçün əhəmiyyətini mütləq nəzərə almalıdır. Çünki məhz Zəngəzur dəhlizinin açılması Cənubi Qafqazda ümumi iqtisadi məkanın yaradılmasına həlledici təkan verə biləcək layihədir. Ermənistan da bu layihə sayəsində yeni və önəmli maliyyə qaynağı qazana bilər. Və bu baxımdan, indi Zəngəzur dəhlizi mövzusunun daha ön plana keçməkdə olması qətiyyən təəccüblü deyil.

Onu da qeyd etmək lazımdır ki, hazırda Zəngəzur dəhlizi müəyyən mənada, “nifaq alması”na çevrilib. Bu nəqliyyat-kommunikasiya layihəsi dünya nəhənglərinə də olduqca cazibədar görünür. Xüsusilə də, əsas mübarizə məhz Zəngəzur dəhlizinə birbaşa nəzarət uğrunda gedir. Və hazırda bu dəhlizin açılmasını çətinləşdirən əsas əngəlləyici faktorlardan biri də məhz budur.

849dd534-04e4-44e6-83ef-ebc952fe8b15.jpg (257 KB)

Belə ki, Qərb siyasi və iqtisadi dairələri Zəngəzur dəhlizinə bir neçə aspektdən yanaşırlar. Bu dəhlzin Avropa və Asiya qitələrini Cənubi Qafqaz üzərindən birləşdirən yeni sərfəli marşruta çevrilmək perspektivinə malikdir. Ukrayna savaşının başlanmasından sonra bu dəhlizin açılmasının önəmi daha da artıb. Zəngəzur dəhlizi Avropa və Asiyanın yeni ticarət xəttinə çevrilə bilər. Və hər iki qitənin iqtisadiyyatları hazırda buna möhtacdır.

Digər tərəfdən, Zəngəzur dəhlizinin həm də geopolitik əhəmiyyəti də artmaqda davam edir. Həm Avropa, həm də Asiya siyasi dairələri Zəngəzur dəhlizinə nəzarət hüquqlarına bu marşrut üzərindən dövr edəcək maliyyə axınına yönləndirmək şansı kimi də yanaşırlar. Çünki bu şansa sahib olan tərəf geopolitik şərtlərin diqtə olunmasına da nail ola bilər. Bu halda geoiqtisadi faktorların geopolitik kapitala çevrilməsi qaçılmaz xarakter daşıyacaq. Və rəqiblərə təzyiq mexanizmi rolunu oynaya biləcək.

Maraqlıdır ki, hazırda Zəngəzur dəhlizinə nəzarət uğrunda mübarizə aparan dövlətlər şərti olaraq, iki düşərgəyə bölünmüş kimi görünür. Bir tərəfdə ABŞ, Fransa, Avropa Birliyi və Ermənistan yer alır. Onlarla isə Azərbaycan, Türkiyə Çin və Rusiya rəqabət aparır. İndiki halda, ikinci düşərgənin əsasən Azərbaycan-Türkiyə İttifaqından asılı olduğu qətiyyən şübhə doğurmur. Birinci düşərgənin isə Türk İttifaqından dolayısı asılılığı mövcuddur. Hər halda, hər iki tərəf Zəngəzur dəhlizi sayəsində yaranacaq nəqliyyat-kommunikasiya xəttinin məhz Türk coğrafiyasından keçəcəyini mütləq nəzərə almaq məcburiyyətindədirlər.

123.jpg (822 KB)

Digər tərəfdən, Zəngəzur dəhlizinin açılmasına son vaxtlar xüsusi cəhdlər göstərməyə başlamış Rusiyanın daha fərqli maraqları da mövcuddur. Belə ki, Kreml bir tərəfdən, bu dəhlizə ABŞ, Fransa və ya Avropa Birliyinin nəzarət etməsini istəmir. Buna Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb, çıxarılma planının tərkib hissəsi kimi yanaşır. Ona görə də, 10 noyabr üçtərəfli anlaşmasına istinad edən Rusiya Zəngəzur dəhlizi üzərində öz nəzarət mexanizmlərini yarada biləcəyinə ümidlərini hələ tam itirməyib.

Digər tərəfdən, Kreml Zəngəzur dəhlizinə Rusiyanın yeni iqtisadi-ticari marşrutu qismində də yanaşır. Ukrayna savaşı ucbatından Rusiya Avropa dövlətləri ilə iqtisadi-ticari əlaqələrini böyük ölçüdə itirib. Ona görə də indi Kremlə yeni əlaqələr və ticari bazarlar olduqca vacibdir. Hazırda Rusiya ərəb dünyasına və ümumiyyətlə, Afrika qitəsinə birbaşa çıxış “pəncərə”si axtarır. Bu baxımdan, Zəngəzur dəhlizi Rusiyanın maraqları üçün strateji layihə xarakteri daşıyır.

Göründüyü kimi, hazırda Zəngəzur dəhlizi üzərində olduqca ciddi maraq toqquşması mövcuddur. Bu dəhlizin açılmasında hər kəs maraqlıdır. Ancaq həmin maraqların sahibləri həm də Zəngəzur dəhlizinə şəriksiz nəzarət uğrunda mübarizə aparırlar. Bu isə Zəngəzur dəhlizini müəyyən mənada, “nifaq alması”na çevirmiş olur. Və bu baxımdan, yaxın vaxtlarda əsas geopolitik mübarizənin məhz Zəngəzur dəhlizi üzərində indeksləşəcəyi qətiyyən istisna deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR