İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərb 3-cü Qarabağ müharibəsi istəyirmi - Rusiya “kartları”nı açdı

2135 14.03.2023 11:18 Gündəm A A

Moskva Brüssel-Vaşinqton tandeminin sülh gündəliyinə qarşı hərəkətə keçir; Azərbaycandan Avropaya uzanan neft-qaz kəmərləri hədəfdə; alman politoloq: "Qərb üçün Cənubi Qafqazda müharibə "qırmızı xətt"dır..."

Guya qərbpərəst olan Nikol Paşinyan hökuməti neçə vaxtdır öz hərəkətləri, davranışı və xarici siyasəti ilə faktiki surətdə Rusiya və İranın əlinə işləyir. Hətta son zamanlar Qərbin sanksiyalarından yayınmasında Kremlə ən çox yardımçı və vasitə olan ölkələrin sırasında adı ön sıralarda gəlir. Bununla bağlı Qərb mediasında yazılar da gedib.

Əslində təəccüblü deyil. SSRİ 32 ildir dağılsa da, Ermənistan bu günədək Moskvadan ən çox asılı olan postsovet respublikasıdır. Rusiyanın Güney Qafqazda vassalı, forpostu, hərbi qalasıdır. Fakt budur ki, “qərbçi” Nikol Paşinyan 5 ildir hakimiyyətdə olsa da, bu reallıq ABŞ və Avropanın xeyrinə ciddi dəyişikliyə uğramayıb. Hələ də Ermənistanın xarici sərhədlərini Rusiya hərbçiləri (FTX) qoruyur, Gümrüdə 102 saylı rus hərbi bazası mövcuddur. Kapitulyant ölkə Köçəryan-Sərkisyan dönəmindəki kimi, Paşinyan iqtidarı dövründə də Putinin layihələri olan “Rus NATO-su”nun - KTMT-nin və Avrasiya İqtisadi Birliyinin üzvü olaraq qalır.

Təsadüfi deyil ki, ABŞ və Avropa Birliyinin (AB) ən qatı ermənipərəst rəsmiləri belə İrəvana dəfələrlə bildiriblər ki, əgər Ermənistan Qərbdən təhlükəsizlik zəmanəti almaq istəyirsə, əvvəlcə KTMT-dən çıxmalı, Rusiya orbitindən uzaqlaşmaq yönündə digər real addımlar atmalıdır. Bu isə gözlənilmir. Çünki hiyləgər erməni istəyir ki, onun bir “əlindən” Rusiya, o birindən Qərb tutsun. Yəni hər ikisi ona kömək eləsin. Bu isə mümkünsüz bir iş.

Mariya Zaxarova: "Azərbaycanın Britaniyadakı səfirliyinə radikal hücum məni  şoka salıb"

Mariya Zaxarova

Avropa Birliyinin Ermənistanda təzəcə öz işinə başlayan uzunmüddətli müşahidə missiyasına Moskvanın sərt reaksiyasından bunu açıq görmək olar. Həmçinin Bakı və Moskva arasında Qərbin fəal sülh təşəbbüskarlığına Kremlin qəzəbli münasibətini yada salmaq yetər. Rusiya XİN sözçüsü Mariya Zaxarova bu fəallığı “qabalıq” (“kobudluq”) adlandıraraq, ABŞ və AB-ni Rusiyanı bölgədən çıxarmaq istəyində suçlamışdı.

Sonuncu fikirdə həqiqət payı yox deyil. Çünki Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanarsa, iki xalq barışarsa, ardınca Türkiyə ilə sərhədlər açılarsa, nəinki Qarabağda, Ermənistanın özündə belə, Rusiya hərbi varlığına ehtiyac qalmayacaq. Bu səbəbdən şimal qonşumuz bölgədə daim barışıq əleyhinə siyasət aparır, cürbəcür təxribatçı planlar və projelər hazırlayır, aranı qarışdırmaq və qızışdırmaq üçün əlindən gələni edir. Eyni məqsədlə erməni separatçılığına köməyini əsirgəmir, onların silahlanmasını təşkil edir. Xocalıda Azərbaycan nümayəndəsi ilə erməni icması nümayəndələri arasında görüşdən cəmi 2 gün sonra 5 mart qanlı insidentinin yaşanması da sözsüz ki, Moskvanın dəst-xətti idi.

Qısası, Moskva tərəflər arasında düşmənçiliyin bitməsini istəmir. Amerikalı analitik İrina Tsukerman isə hesab edir ki, sülh müqaviləsi imzalansa, Rusiya hətta Qarabağda müharibə başladacaq.

“Brüssel danışıqları effektiv olsa, Rusiya Qarabağda aranı qarışdıracaq. 5 il davam edən 10 noyabr sülh anlaşması sülhməramlıların mövcudluğunu təmin etdiyinə görə onları bölgədən indiki halda asanlıqla çıxarmaq mümkün deyil. Buna görə Rusiyanın manevr və manipulyasiya eləmək imkanı var. Əgər Rusiya Brüssel görüşünü pozmağa müvəffəq olsa, o zaman bundan özünü diplomatik prosesə yenidən daxil etmək üçün fürsət kimi istifadə edə bilər”, - deyə ekspert qeyd edib.

Lakin rəsmi Moskva diplomatik prosesdə də əsla səmimi deyil. Əks halda, Qərbi qabaqlayaraq, normal bir sülh sazişi variantı ortaya qoyar, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası yönündə, nəhayət, sözdən işə keçər, tərəflərə real köməklik göstərərdi. Axı Rusiya rəhbərliyi daim bəyan edir ki, sərhədlərin dəqiqləşdirilməsi üçün hər iki tərəfin məqbul saydığı xəritələr məhz Rusiya Baş Qərargahındadır. Hanı bəs?

Moskva həmçinin bölgədə kommunikasiyaların, o sırada Zəngəzur dəhlizinin açılması üçün 3-cü ildir əlini “daş altına” qoymur. Halbuki 2021-ci ilin yanvarından bəri kommunikasiyalarla bağlı Rusiya-Azərbaycan-Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində ortaq işçi komissiyası da yaradılıb.

Bəs Azərbaycandan Avropaya uzanan strateji neft-qaz kəmərlərinin keçdiyi bölgədə Qərbə 3-cü Qarabağ müharibəsi lazımdırmı? Buradaca yada salaq ki, az öncə Britaniya mediası bu kəmərləri vurmaq üçün Rusiyanın Ermənistanda xüsusi təyinatlı ortaq qüvvələr hazırladığını yazmışdı.

“Qərb üçün "qırmızı xətt" Cənubi Qafqazda hərbi əməliyyatların bərpası, əsl müharibədir".

“Yeni Müsavat”ın məlumatına görə, bunu tanınmış alman politoloq Aleksandr Rar Ermənistan mediasına müsahibəsində söyləyib. Onun sözlərinə görə, o halda Qərb başqa üsullarla vəziyyətə təsir göstərməyə çalışacaq.

Ekspertin fikrincə, əgər 3 il əvvəl Azərbaycan və Ermənistan arasında müharibənin dayandırılmasında dominant qüvvə Rusiya olubsa və bütün dünya Moskvanın regionda sabitləşdirici rolunu tanıyıbsa, hazırda bu roldan heç nə qalmayıb: “Üstəlik, Rusiya yaxın xaricdə öz təsirini itirir ki, bu da Ukraynadakı hərbi əməliyyatlar və Qərbdən təcrid olunma ilə bağlıdır”.

Rusiya və Çin dezinformasiyasına qarşı yeni platforma

Politoloqa görə, Azərbaycan o mənada qalib gəlməyə başlayır ki, bu, Rusiya üçün zərurətə çevrilir. “Çünki Rusiya Avropadan ötrü mühüm resurslara malik Azərbaycanın tamamən Qərbə getməsini istəmir. Moskva Bakı ilə istənilən halda qaz, neft və siyasətlə bağlı danışıqlar aparacaq. Azərbaycan eyni səbəblərdən Avropa İttifaqı üçün Rusiya enerji tədarükünə alternativ olaraq çox vacib ölkədir. Ona görə də bu gün AB əvvəllər etmədiyi bir çox şeylərə göz yummağa hazırdır”, - Rar vurğulayıb.

Alman ekspert deyir ki, Avropa ABŞ-ın dəstəyi ilə Rusiyanın regiona təsirini azaltmaq üçün fəallıq edir, Rusiya və Çinə qarşı bölgədə güclənməyə çalışır: “Ancaq eyni zamanda Avropa Türkiyə ilə Ermənistan arasında sərhədin açılmasına səy edir ki, Ermənistan təcrid vəziyyətindən çıxsın. Əslində isə hədəf Ermənistanın Rusiyanın orbitindən çıxıb Qərbə yaxınlaşmağa başlamasıdır”.

Böyük ehtimalla, istər yaxın aylarda Qərb tərəfindən Bakı və İrəvan arasında mümkün barışıq variantına qarşı Moskvanın mümkün gedişini, istərsə də ümumən bölgədəki durumu məhz bu imperativ müəyyən edəcək.

Siyasət şöbəsi,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR