İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə PaşayevaXalq şairi Cabir Novruzun 90 illik yubiley tədbirinə qatılıb- FOTO, VİDEO

1103 01.04.2023 20:57 Mədəniyyət A A



Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən 314 saylı tam orta məktəbdə Komitənin təşəbbüsü ilə, “Heydər Əliyev İli” çərçivəsində təşkil olunmuş növbəti tədbirdə - Xalq şairi Cabir Novruzun 90 illik yubileyinə həsr edilmiş ədəbi-bədii gecədə çıxış edib.

Bu barədə Musavat.com-a Komitədən məlumat verilib. Məlumatda aşağıdakılar qeyd olunub:

Öncə, Ümummilli lider Heydər Əliyevin, bütün dövrlərdəki şəhidlərimizin, anadan olmasının 90-cı ildönümü qeyd olunan Xalq şairi Cabir Novruzun və qardaş Türkiyədə fevral ayında baş vermiş zəlzələ qurbanlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, ardınca Dövlət Himni səsləndirilib.
Qonaqları salamlayan məktəbin direktoru Fəzail Məmmədov bu təhsil ocağının keçmişi, uğurları haqqında bilgi verib: “314 saylı tam orta məktəb 2007/2008-ci dərs ildən fəaliyyət göstərir. Cari dərs ilində məktəbdə 2240 şagird təhsil alır; onlar 83 sinifdə komplektləşib. Məktəbdə 112 pedaqoji, 28 texniki işçi fəaliyyət göstərir. Məktəbdə 1 fizika, 1 kimya, 1 biologiya, 6 informatika, 1 əmək hazırlığı və 1 hərbi kabinet, 1 kitabxana fəaliyyət göstərir. Kitabxananın ümumi kitab fondu 28583 ədəddir. 314 saylı tam orta məktəbdə təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan məqsədyönlü işlərdən biri də fənlərin tədrisinin çağdaş tələblərə cavab verən inteqrativ, İKT əsaslı təlim metodlarına uzlaşdırılmasından ibarətdir. Məktəbin bir çox müəllimi Təhsil Nazirliyinin, bir çox beynəlxalq və yerli təşkilatın təşkil etdiyi treyninq və kursların iştirakçısı olub və müxtəlif innovativ layihələrlə bağlı sertifikatlar alıb. Məktəb şagirdlərin şəxsiyyət kimi formalaşmasında önəmli rol oynayan sinifdənxaric və məktəbdənkənar tədbirlərin keçirilməsinə də geniş yer verir. Şagirdlərin respublika olmpiadasında və inşa yazı müsabiqələrinin şəhər turnda iştirak edərək yer tutduqlarını vurğulaya bilərik. Məktəbimizin XI sinif şagirdi Elman Ağayev Respublika Tarix fənn olimpiadasında 2-ci, IX sinif şagirdi Əsma Hacızadə Azərbaycan dili fənn olimpiadasında respublika üzrə 2-ci yerə çıxıb. Hər il məktəbin şagirdlərindən 600-dən yüksək bal toplayanlar olur. Məktəb fiziki cəhətdən sağlamlıq imkanları məhdud uşaqlar üçün Binəqədi rayonunda evdətəhsilin təşkili üzrə mərkəz məktəbdir. Məktəb təhsil sahəsində yeniliklərin gerçəkləşməsi yönündə durmadan çalışır və bu sahədə işini davam etdirir.
“Heydər Əliyev İli” ilə bağlı məktəblilərə növbəti kitab bağışı aksiyasını və Xalq şairi Cabir Novruzun 90 illik yubiley tədbirini bizim məktəbdə təşkil etdiyiniz üçün sizə təşəkkür edirik. Şagirdlərimizin onlara bağışlanacaq kitabları maraqla oxuyacağına, öz müəllimlərinin və sizlərin güvənini doğruldacağına inanıram. Bu görüş, mənalı tədbir və kitab aksiya məktəbimizin ən yeni dönəm tarixində gözəl bir gün kimi qalacaqdır. Bir daha xoş gəlmisiniz”!

Qənirə Paşayeva fiziki cəhətdən sağlamlıq imkanları məhdud uşaqlar üçün Binəqədi rayonunda evdətəhsilin təşkili üzrə mərkəz funksiyasını daşıyan məktəbi ziyarətindən, burada yüksək səviyyədə təşkil olunmuş tədbirdə çıxış etməkdən məmnun olduğunu bildirib.
“Heydər Əliyev İli”ndə təşkil olunan silsilə kitab bağışı aksiyalarının və yubileyi bu il qeyd olunan şair-yazıçıların, mədəniyyət-sənət xadimlərinin xatirəsinə həsr olunmuş tədbirlərin önəmini vurğulayan Komitə sədri, belə tədbirlərin gələcəyimiz olan məktəblilərlə təmas və onları yaxından tanımaq baxımından çox önəmli olduğunu deyib.
“Ulu öndərimiz Heydər Əliyev həmişə ədəbiyyata, mədəniyyətə, tarixi- mədəni irsimizə böyük həssaslıqla, diqqət-qayğı ilə yanaşıb. Məktəblərdə keçirdiyimiz görüşlər, kitab bağışı aksiyaları da xalqımızın dəyərlərinə və o dəyərləri qorumaqla yeni dəyər, örnək yaratmış Ümummilli liderimizin ruhuna dərin ehtiramın bir ifadəsidir. Üçüncü ayını yaşadığımız bu təqvim ili ən yeni tariximizə “Heydər Əliyev İli” kimi düşəcək. Çox şadıq ki, Ümummilli liderimizin 100 illik yubileyini Zəfər qazanmış ölkənin qürurlu vətəndaşları kimi qeyd edirik.

Bugünkü tədbirin önəmini bir daha vurğulayarkən, onu da deməliyəm ki, “Heydər Əliyev İli”ndə məhz kitab bağışı aksiyasının təşkili, şagird və pedaqoji kollektivlərlə görüşlərin keçirilməsi bizimçün bir könül işi dəyərini daşıyır.

Mədəniyyətimizin inkişafına və milli mənəvi dəyərlərimizin qorunaraq gələcək nəsillərə çatdırılmasına çox böyük önəm verən, qayğı ilə yanaşan Ümummilli liderimiz Heydər Əliyev ədəbiyyatımıza, mədəni irsə, kitaba, kitabxanaya, oxuya, maarifçiliyə hər zaman özəl diqqət yetirirdi. Heydər Əliyev kitabı mənəvi zənginliyin, elmlərə yiyələnməyin önəmli açarı kimi dəyərləndirirdi. Azərbaycan Prezidenti İlham əliyevin “Heydər Əliyev İli” ilə bağlı Sərəncamında çox dəqiq vurğulandığı kimi, Ümummilli liderin zəngin həyat yolu, müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini kamil şəkildə tamamlayıb, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olub. Azərbaycanı Ümummilli liderimiz Heydər Əliyev kimi sevmək, Azərbaycan dövlətçiliyinə, müstəqilliyimizə onun yolundan gedərək xidmət etmək indiki və gələcək nəsillərin üzərinə düşən mənəvi öhdəlikdir”.

Çıxışına davam edən Komitə sədri deyib:

“Bəli, biz Heydər Əliyevin ədəbi-mədəni irsimizə verdiyi dəyərdən, minnətdarlıq duyğusu ilə danışır, onun mədəni irsə böyük ehtiramını özümüz üçün nümunə bilirik. Çox sağ olun ki, anadan olmasının 90-cı ildönümü bu günlərdə tamam olmuş mərhum Xalq şairimiz Cabir Novruzun xatirəsinə gözəl, məzmunlu tədbir təşkil etmisiniz.

Cabir Novruz (Cabir Mirzəbəy oğlu Novruzov; 12 mart 1933 – 12 dekabr 2002, Bakı) XX yüzil Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsidir.

Cabir Novruzun poeziyası XX yüzil Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Onun əsərlərində milli irsimizin zəngin gələnəkləri çağdaş ədəbi cərəyanların tələbləri ilə üzvi şəkildə birləşir. Ədəbiyyat aləminə gəldiyi ilk illərdən şair yüksək insani, mənəvi dəyərləri tərənnüm edən şeirləri ilə oxucuların dərin məhəbbətini qazanıb. Onun qələmindən çıxan lirik poeziya örnəkləri və digər əsərlər öz bədii səviyyəsi, mövzu rəngarəngliyi ilə seçilir. Şairin yüksək mənəviyyata səsləyən yaradıcılığı, vətəndaş ruhunun hakim olduğu poeziyası bədii gözəlliyi, dili və rəvanlığı ilə səciyyələnir. Musiqisevərlər onun sözlərinə bəstələnmiş çoxsaylı mahnıları həmişə böyük rəğbət və sevinclə qarşılayıb.

Cabir Novruz yaradıcılığı vətənpərvərlik və mübarizlik ruhunun aşılanmasına önəmli xidmətlər göstərib. Vətənin taleyi üçün rahatsızlıq hissinin xas olduğu Cabir Novruz poeziyasının başlıca mövzuları azərbaycançılıq, türkçülük, dünyavilik ideyaları ilə sıx bağlı olub. Şairin poetik təfəkkürü onun lirikasının tarixiliyini qüvvətləndirib və bu poeziyanı daha da yaşarı edib.

Şairin əsərləri dünyanın müxtəlif xalqlarının dillərinə çevrilərək nəşr olunub. Onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyasının bir sıra qiymətli örnəkləri ilə tanış olmaq imkanı qazanıb.

Cabir Novruzun ictimai fəaliyyəti də zəngin olub. O, həyatının bütün mərhələlərində Azərbaycanda gedən ictimai-siyasi proseslərin həmişə fəal iştirakçısı olub, xalqımızın həyatında baş verən taleyüklü hadisələrə düzgün qiymət verməsində əsl vətəndaşlıq mövqeyi nümayiş etdirib.

Şairin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilib. O, 1979-cu ildə Əməkdar incəsənət xadimi, 1999-cu ildə Xalq şairi fəxri adına, Dövlət mükafatına, orden və medallara layiq görülüb. Cabir Novruz 1995-2000-ci illərdə Azərbaycan Milli Məclisinin üzvü olub.

Şairin sözlərinə yazılmış “Cavanlığım”, “Bulaq suyu, dağ havası”, “Məhəbbət”, “Mənim duyğularım”, “Ömür keçir”, “Məhəbbət ölməyəcək”, “Gəlin gələndə”, “Gecikmiş məhəbbət”, “Tənhalıq”, “Təki sənin səsin gəlsin”, “Səni unutmaqdan ötrü” və digər mahnıları müvafiq olaraq Zeynəb Xanlarova, Şövkət Ələkbərova, Yalçın Rzazadə, Mübariz Tağıyev, Ruhəngiz Abdullayeva, Ağadadaş Ağayev, Brilliant Dadaşova, Heydər Anatollu, Abbas Əhməd, Niyaməddin Musayev və b. sənətkarlar oxuyub.
XX yüzil ədəbiyyatımızın görkəmli nümayəndəsi Cabir Novruzu ehtiramla anırıq. Ruhu şad olsun”!

Komitə sədri daha sonra deyib: “Belə gözəl tədbirə görə, məktəblilərə kitab bağışı aksiyasının bütün dəstəkçilərinə, əlbəttə, 314 saylı məktəbin rəhbərliyinə, müəllim və şagird kollektivinə, Bakı şəhəri üzrə Təhsil İdarəsinə, şəxsən Mehriban xanım Vəliyevaya, kitab bağışına dəstək durmuş ictimai birliklərimizə, xeyriyyəçi işadamlarımıza, aydınlarımıza könül dolusu təşəkkür edirəm! Mədəniyyət Komitəsi, eləcə də könül dostlarımız kitab işinə, kitabxanaya, oxuya xidmət edən aksiyalara həmişə mənəvi dəstək verib, bu, gələcəkdə də belə olacaq.
Çox sağ olun”!

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, “UNİTY Companiy”in təsisçisi Fikrət Əliyev, Binəqədi İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova və məktəbin direktoru Fəzail Məmmədov ürək sözlərini bölüşüb.
Məktəbin müəllim və şagirdləri öz maraqlı çıxışları ilə tədbirə rəng qatıb. Sonda Milli Məclisin Mədəniyyət Komitəsi və “UNİTY Company”nin dəstəyi ilə 300-dən çox fərqli kitab, o cümlədən tarixi romanlar, ensiklopedik nəşrlər təhsildə fərqlənən məktəblilərə hədiyyə edilib.

Arzu edənlər tədbiri bu linkdən izləyə bilərlər: 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR