İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayevanın təşəbbüsü ilə rəssam Fikrət İbrahimlinin ilk fərdi sərgisi təşkil olunub - FOTOLAR

839 20.12.2022 15:40 Mədəniyyət A A

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın təşəbbüsü ilə, Azərbaycan Respublikası Muzey Mərkəzinin Sərgi Qalereyasında Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış rəssam Fikrət İbrahimlinin “Ruhumun təqdimatı – Ömür səhifələrim” adlı ilk fərdi sərgisi təşkil olunub.

Musavat.com xəbər verir ki, sərginin açılış mərasiminin aparıcısı, Mm Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı bildirib ki, Fikrət İbrahimlinin ilk fərdi sərgisi onun peşəkar yaradıcılığa başlamasının 50-ci ildönümünə həsr olunub. Tədbir Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin, Mədəniyyət Nazirliyinin və Muzey Mərkəzin təşkilatçılığı, Rəssamlar İttifaqının, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB, “NƏFƏS” İB, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB, “UNİTY – Company”in dəstəyi ilə baş tutub.

Komitə sədri Qənirə Paşayeva rəssamın ilk fərdi sərgisi və sənətsevərlərin maraqla tamaşa etdiyi əsərlərin müəllifinin məhsuldar yaradıcılıq yolu haqqında ürək sözlərini bölüşüb:

WhatsApp Image 2022-12-20 at 14.57.10.jpeg (273 KB)

-İlk növbədə, hər birinizə bizim dəvətimizi qəbul edib, bu sərgiyə təşrif buyurduğunuz üçün təşəkkür edirəm. Ən böyük təşəkkürümüz bu gözəl əsərlərin müəllifi Fikrət İbrahimliyədir. Onun ən müxtəlif mövzulara həsr olunmuş mükəmməl əsərləri, o əsərlərə sahib olacaq şəxslər, kollektivlər üçün ən gözəl yeni il hədiyyəsidir. Fürsətdən istifadə edib, sizin hamınızı qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni təqvim İli münasibəti ilə təbrik edir, ən xoş diləklərimi yetirirəm!

Fikrət İbrahimlinin yaradıcılığı əsasən rəngkarlıq sahəsində yaradılmış əsərlərdən ibarətdir. O, süjetli tablo, portret, mənzərə və natürmort janrında yaradılmış bir çox maraqlı əsərlərin müəllifi kimi tanınır. Rəssamın yaradıcılığında İçərişəhər mövzusu özəl yer tutur. İçərişəhərin tarixi, müxtəlif guşələri rəssam təxəyyülü ilə kətanda öz uğurlu bədii həllini tapıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ilə şanlı ordumuzun 44 günlük savaşda göstərmiş olduğu qəhrəmanlıqlar, igid zabit və əsgərlərimizin şücaəti rəssamın yaradıcılığında uğurla təcəssüm olunub. Fikrət İbrahimlinin əziz Şuşaya həsr olunmuş rəngkarlıq örnəyi ayrıca qeyd olunmağa layiqdir.

WhatsApp Image 2022-12-20 at 14.57.09 (3).jpeg (268 KB)

Fikrət İbrahimlinin mənzərə janrında yaratdığı əsərlər onun yaradıcılığında geniş yer tutur və rəssamın bədii yaradıcılıq dünyasını, rəssam təxəyyülünü tam aydınlığı ilə biruzə verir. Abşeron bağları, üzüm tənəkləri, əncir ağacları, bağ evləri, dəniz mənzərəsi rəssamın palitrasında özünəməxsus duyumla təsvir olunub. Sənətkar doğma Neftçalaya 20-dən artıq rəms əsərindən ibraət silsilə həsr edib. Hesab edirəm, bir rayon haqqında bu qədər əsərin yaradılması, həmin rayon rəhbərliyi, ictimaiyyəti üçün də maraqlı olar və biz Neftçala rayonunun yaradılmasının ildönümündə - 2023-cü ilin fevralında Fikrət İbrahimlinin müvafiq tematik sərgisini təşkil edə bilərik.

Fikrət İbrahimli Azərbaycan xalçaları, milli mədəniyyət örnəkləri fonunda bir-birindən maraqlı, diqqəti cəlb edən bir çox natürmortlar yaradıb. Rəssam Azərbaycan nemətlərinin, gözəlliklə də nar rəsmlərini təsvir etməklə maraqlı natürmort kompozisiyaları yarada bilib.

Fikrət İbrahimlinin uğurlu yaradıcılıq örnəklərindən “Muğam”, “İçərişəhər”, “Neftçala. Limanda”, “Kür qırağında”, “Kür çayı”, “Fatmayı”, “Bağ evi-Novxanı”, “Abşeron motivi”, “Abşeron günəbaxanları”, “Nişan. Rəfiqələr”, “Kəndimizin qızları”, “Xonça aparırlar”, “Gəlin gətirməyə”, “Toy”, çoxsaylı portret, avtoportret və natürmortların adını vurğulamaq olar.
Əlbəttə, təsviri sənətin mayasını rəsm təşkil edir. Bu baxımdan, Fikrət İbrahimlinin yaradıcılılığında təbii ki, rəsm örnəkləri geniş yer tutur.

WhatsApp Image 2022-12-20 at 14.57.09 (1).jpeg (137 KB)

Sərgidə Fikrət İbrahimlinin rəngkarlıq və qrafika sahəsində yaratmış oduğu, onun yaradıcılığının müxtəlif dövrlərinə aid 60-a yaxın sənət örnəyi nümayiş olunur. Sizləri sərgi ilə yaxından tanış olmağa dəvət edərkən, yüksək zövq alacağınıza inamımı bir daha ifadə edirəm. Gəldiyiniz, mənəvi dəstək nümayiş etdirdiyiniz üçün təkrar təşəkkür edirəm”.

Açılış mərasimində Rəssamlar İttifaqı sədrinin I müavini, Xalq rəssamı Ağəli İbrahimov, N.Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universiteninin rektoru, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin başqanı Prof.Dr. Abduqappar Qırğızbayev, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB sədri Arzu Bağırova, Mədəniyyət Nazirliyinin Sərgi və qalareyalar sektorunun müdiri Murad Məmmədov, N.Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitenin “Dünya tarixi” kafedrasının professoru, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Prof.Dr. Erkin Nuriddinov və b. çıxış edib.

WhatsApp Image 2022-12-20 at 14.57.09 (2).jpeg (127 KB)

Sonda Fikrət İbrahimli çıxış edərək, təşkilatçılara, dəstəkçilərə və açılışa təşrif buyurmuş bütün sənətsevərlərə təşəkkür edib.

Qeyd edək ki, tanınmış Azərbaycan rəssamı Fikrət İbrahimli Neftçala rayonunda anadan olub. Onun ilk sənət müəllimi Nefçalada tanınmış təsviri sənət ustası Adil Hacıyev olub. Rəssam ixtisas təhsilini öncə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (indiki Azərbaycan Rəssamlıq Akademiyası nəzdindəki İncəsənət Kollecində), daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində alıb. O, müəllimi, məşhur sənətkar – Xalq rəssamı Toğrul Nərimanbəyovu hər zaman böyük minnətdarlıq hissi ilə xatırlayır. T.Nərimanbəyov “Ulduz” jurnalının 1980-ci il, 10-cu sayında xeyir-dua mahiyyətli yazısında istedadlı tələbəsi Fikrət İbrahimliyə uğurlu yol arzulayırdı.

Rəssamın əsərləri ölkəmizdə və xaricdə bir çox muzey, qalereya və şəxsi kolleksiyalarda saxlanılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR