İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva Xalq yazıçısı ANARı 85 illik yubileyi münasibəti ilə TƏBRİK ETDİ

687 20.03.2023 22:04 Mədəniyyət A A

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı ANARı Azərbaycan Yazıçılar Birliyində ziyarət edib, onu 85 illik yubileyi, cənab Prezidentin Sərəncamı ilə “1-ci dərəcəli Əmək” ordeni ilə təltif olunması və Novruz bayramı münasibəti ilə təbrik edib.

Musavat.com xəbər verir ki, komitə sədri görkəmli yazıçının ədəbiyyatımız, mədəniyyətimiz qarşısındakı xidmətlərini vurğulayaraq, ona möhkəm cansağlığı arzu edib, ürək sözlərini bölüşüb, Mədəniyyət Komitəsinin Təbrik məktubunu və xatirə hədiyyələri təqdim edib.

Məktubda Xalq yazıçısının həyat və fəaliyyətinin ən önəmli məqamlarına vurğu edilib:

“Hörmətli ANAR müəllim,

Sizi 85 illik yubileyiniz münasibəti ilə ürəkdən təbrik edir, möhkəm can sağlığı diləyirəm!

Çox şadam ki, bu ilki yubileyinizi işğaldan azad olunmuş Qarabağda, Şərqi Zəngəzurda böyük mədəni quruculuq, bərpa prosesinin sevinci, qüruru içində keçirirsiniz. “Qarabağın bir kəndini yüz “Nobel”ə dəyişmərəm” sözlərinizi bugünlərdə xüsusi minnətdarlıqla xatırlayırıq.

Xalqımız Sizi görkəmli ictimai və sənət xadimi, ustad olaraq sevir, sayğı göstərir.

Siz yazıçı, tərcüməçi, ssenarist olaraq zəngin Azərbaycan ədəbiyyatının, o cümlədən ustad ata-ananızın nəcib ənənələrini qayğı ilə, sayğı ilə davam və inkişaf etdirmiş, ədəbiyyatımızı, ümumən mədəni həyatımızı zənginləşdirmisiniz.

1991-ci ildə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının ilk iclasını Siz aparmısız. Siz 1995-ci və 2000-ci illərdə Azərbaycan Republikası Milli Məclisinin üzvü seçilmiş, Mədəniyyət Komissiyasının sədri olmusuz. Sizin rəhbərliyiniz dönəmində bu komissiyanın təqdimatında mədəniyyət, tarix və memarlıq abidələrinin qorunması, kinematoqrafiya, dil haqqında və b. qanunlar parlament tərəfindən qəbul edilib.

1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasını hazırlayan komissiyanın üzvü olmusunuz.

Əsərləriniz bir çox dilə çevrilərək, ayrı-ayrı ölkələrdə yayınlanıb.

“Mən, sən, o və telefon”, “Ağ liman”, “Keçən ilin son gecəsi”, “Bayram həsrətində”, “Yaxşı padşahın nağılı”, “Dantenin yubileyi”, “Qırmızı “Limuzin””, “Gürcü familyası”, “Şəhərin yay günləri”, “Molla Nəsrəddin – 66”, “Macal”, “Əlaqə”, “Muhakkak görüşürüz - Mütləq görüşərik”, “Otel otağı”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Ağ qoç, Qara qoç” kimi hekayə, pyes, povest və romanlarınız Azərbaycanın hüdudlarından uzaqlarda da ün qazanıb. – Əsərləriniz Sizə, Sizin timsalınızda ədəbiyyatımıza, mədəniyyətimizə, incəsənətimizə şöhrət qazandırıb.

Sizin qədirşünaslıqla yazdığınız “Unudulmaz görüşlər” əsəri Ümummilli liderin ədəbiyyatımıza yüksək diqqət-qayğısı, həssasiyyəti haqqında ən gözəl əsərlərdəndir.

Siz sovetlər dönəmində Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adına və Dövlət mükafatına layiq görülmüsüz. Müstəqillik illərində isə Xalq yazıçısı fəxri adına, yüksək dövlət təltiifləri – “Şöhrət”, “Şərəf”, “İstiqlal” ordenləri, Azərbaycan Prezidentinin fərdi təqaüdü, “Heydər Əliyev Mükafatı”, Prezidentin Fəxri diplomu, habelə TÜRKSOY-un “Şərəf” medalı, Tatarıstan Mədəniyyət Nazirliyinin “Mədəniyyətə xidmətlərə görə”, Azərbaycanın Mədəniyyət Nazirliyinin “Nizami Gəncəvinin 880 illiyi (1141-2021)” nişanı ilə, bir sıra digər mükafatlarla təltif olunmusuz.

Sizi 85 illik yubileyiniz, yaradıcılıq uğurlarınız münasibəti ilə Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirəm”!

Xalq yazıçısı ANAR Milli Məclisin Komitə sədrini təbrik ücün təşəkkür edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR