İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva şəhidimizin xanımı ilə görüşüb FOTO

736 08.03.2023 15:33 Sosial A A

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində Vətən müharibəsinin şəhidi, Silahlı Qüvvələrin giziri Telman Kəlbiyevin xanımı Günay Kəlbiyeva ilə görüşüb.

Musavat.com-un xəbərinə görə, Milli Məclisdə baş tutan görüşdə şəhid xanımının qayğıları öyrənilib, ürək sözləri dinlənilib.

Komitə sədri Azərbaycan dövlətinin ali rəhbərliyinin şəhid ailələrinə yüksək diqqət-qayğısından danışıb, həmin diqqət-qayğının hər bir millət vəkili üçün örnək təşkil etdiyini söyləyib. Qənirə Paşayeva 8 Mart - Beynəlxalq Qadınlar Günü və milli bayramımız Novruz ərəfəsində keçirilən görüşün, ümumiyyətlə, şəhidlərin ömür-gün yoldaşları, ailə üzvləri ilə hər bir görüşün onunçün doğma görüş olduğunu deyib, şəhid gizirin əziz ruhuna dərin sayğılarını bildirib: “Qarşıdan şəhid gizirimizin anadan olmasının 35-ci ildönümü gəlir. Şəhid hərbçimizin Elcan və Səid adlı iki oğlu yadigar qalıb. İnanırıq ki, hər iki övladınız Vətənimizə atalarının adına layiq övladlar olacaq, həyatda öz layiqli yerlərini tutacaqlar. Çox şükürlər olsun, şəhidlərimizin ruhu bu gün şaddır. Şuşada, Laçında, Kəlbəcərdə bayrağımız dalğalanır, ordumuz güclüdür və üzərinə düşən vəzifələrə uyğun olaraq istənilən tapşırığı yerinə yetirməyə qadirdir. Vətən uğrunda canını qurban vermiş həyat yoldaşınızın timsalında bütün şəhidlərimizin ruhu qarşısında dərin ehtiramla baş əyirik. Ruhları şad olsun!”

Görüşdə “UNİTY-Company”nin təsisçisi Fikrət Əliyev də iştirak edib və o, şəhid ailələri ilə görüşün hər bir ziyalı, hər bir iş adamı və vətənpərvər biri üçün ümdə mənəvi borc olduğunu qeyd edib, şəhidimizin həyat və döyüş yolu ilə yaxından maraqlanıb. Şəhidimizin həyat yoldaşını və onun timsalında ailənin bütün xanım üzvlərini 8 Mart - Beynəlxalq Qadınlar Günü və şəhidin digər doğmalarını isə qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.

Görüşün sonunda komitə sədri Qənirə Paşayeva və “UNİTY-Company” adından şəhid ailəsinə bayram hədiyyələri təqdim edilib.

Qeyd edək ki, Azərbaycan ordusunun giziri olan Telman Yadigar oğlu Kəlbiyev (24.03.1988, Neftçala – 02.10.2020, Kəlbəcər) 2020-ci il sentyabrın 27-də başlanan müharibə zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Telman Kəlbiyev Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli sərəncamına əsasən, “Vətən uğrunda” medalı ilə təltif edilib.

Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə şəhid gizirimiz Azərbaycan Prezidentinin digər sərəncamı əsasında “Kəlbəcərin azad olunmasına görə” medalı ilə də təltif edilib. Prezidentin Zəfər Günü ərəfəsində - 05.11.2022-ci ildə imzaladığı sərəncama əsasən, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Ruhu şad olsun!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR