İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva şəhid gizir İbrahim Sadıqlının valideynləri ilə görüşüb FOTO

512 15.03.2023 14:21 Sosial A A

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Novruz bayramı ərəfəsində Azərbaycan Vətən müharibəsinin şəhidi, Silahlı Qüvvələrin giziri İbrahim Sadıqlının valideynləri Zərnigar Sadıqova və Şahin Sadıqov ilə görüşüb.

Musavat.com xəbər verir ki, Milli Məclisdə baş tutan görüşdə, şəhid onların ürək sözləri dinlənilib, qayğıları öyrənilib.

Qənirə Paşayeva Azərbaycan Respublikası ali rəhbərliyinin şəhid ailələrinə yüksək diqqət-qayğısından, həssas yanaşmasından danışıb, həmin diqqət-qayğının, həssasiyyətin hər bir Millət vəkili, dövlət qulluqçusu, vətəndaş cəmiyyəti fəalı, işadamı və ziyalı – bir sözlə, hər kəs üçün örnək təşkil etdiyini söyləyib. O, əziz bayramımız Novruz ərəfəsində keçirilən görüşün, ümumiyyətlə şəhid anaları ilə hər bir görüşün onunçün çox doğma görüş olduğunu bildirib, şəhid gizirin əziz ruhuna ehtiramını bildirib:

“Dəyərli bacım, hər bayramda ilk növbədə anılacaq insanlar sırasında şəhid anaları öndə gəlir. Sizi Novruz bayramı münasibəti ilə ürəkdən təbrik edir, ən xoş diləklərimi yetirirəm!

Tanrıya şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, onların ruhu şaddır. Şuşada, Kəlbəcərdə, Laçında, digər şəhər-kəndlərimizdə bayrağımız dalğalanır, ordumuz yetərincə güclüdür, öz üzərinə düşən vəzifələrə uyğun olaraq istənilən çətin tapşırığı yerinə yetirməyə tam qadirdir. Vətən uğrunda canını qurban vermiş igid övladınızın timsalında bütün şəhidlərimizin ruhu qarşısında ehtiramla baş əyirik”!

Görüşdə “UNİTY-Company”in təsisçisi Fikrət Əliyev də iştirak edib və o, şəhid ailələri ilə görüşü hər bir aydın, hər bir işadamı və vətənpərvər insan üçün bir mənəvi borc kimi xarakterizə edib, şəhid gizirin həyat və döyüş yolu ilə maraqlanıb. O, şəhidimizin anası Zərnigar xanımı, onun timsalında ailənin bütün üzvlərini, doğmalarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.

Görüşün sonunda Mədəniyyət komitəsi və “UNİTY-Company” adından şəhid gizirin ailəsinə bayram hədiyyələri təqdim edilib.

Azərbaycan Ordusunun şəhid giziri İbrahim Şahin oğlu Sadıqlı (28.06.1993, Bakı– 03.10.2020, Füzuli) – 2011-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycan Ordusunun giziri İbrahim Sadıqlı 2020-ci il sentyabrın 27-də başlanan II Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə, həmçinin Cəbrayılın və Füzulinin azadlığı uğrunda savaşıb, Füzuli döyüşləri zamanı şəhid olub. Şəhid hərbi qulluqçumuz II Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq örnəyinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Sadıqlı “Qarabağ” ordeni ilə təltif edilib.

Şəhid gizirimiz yükək ordendən başqa, həmçinin “Vətən uğrunda” (15.12.2020), “Cəbrayılın azad olunmasına görə” (24.12.2020), “Füzulinin azad olunmasına görə” (25.12.2020), “Kəlbəcərin azad olunmasına görə” (24.06.2021) medalları ilə təltif edilib.

Ruhu şad olsun!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR