İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva şəhid Davud Qurbanovun anası ilə görüşüb FOTO

696 22.03.2023 10:18 Sosial A A

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Vətən müharibəsinin şəhidi, Silahlı Qüvvələrin əsgəri Davud Qurbanovun anası Qənirə Hacıyeva ilə görüşüb.

Musavat.com xəbər verir ki, Milli Məclisdə baş tutan görüşdə şəhid anasının ürək sözləri dinlənilib, qayğıları öyrənilib.

Komitə sədri Azərbaycan Respublikasının ali rəhbərliyinin şəhid ailələrinə yüksək diqqət-qayğısından danışıb, həmin diqqət-qayğının hər bir Millət vəkili, məmur, vətəndaş cəmiyyəti təmsilçisi, işadamı və ziyalı üçün də nümunə təşkil etdiyini bildirib. O, şəhid anaları ilə hər görüşün onunçün çox əziz görüş olduğunu bildirib, şəhidin əziz ruhuna ehtiramını bildirib:

“Əziz şəhid anası,

hər zaman ilk anılacaq insanlar sırasında ən öndə Siz şəhid anaları gəlirsiz.

Tanrımıza şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, onların ruhu şaddır. Füzulidə də, Şuşada da bayrağımız dalğalanır, ordumuz yetərincə güclüdür, öz üzərinə düşən vəzifələrə uyğun olaraq istənilən tapşırığı yerinə yetirməyə qadirdir. Vətən uğrunda canını qurban vermiş cəsur övladınızın timsalında bütün şəhidlərimizin ruhu qarşısında ehtiramla baş əyirik”!

Görüşdə “UNİTY-Company”in təsisçisi Fikrət Əliyev də iştirak edib və o, şəhid ailələri ilə görüşün hər bir ziyalı, hər bir işadamı və vətənpərvər insan üçün bir mənəvi borc olduğunu qeyd edib, şəhidimizin həyat və döyüş yolu ilə maraqlanıb.

Görüşün sonunda Mədəniyyət komitəsi və “UNİTY-Company” adından şəhid anasına hədiyyələr təqdim edilib.

Azərbaycan Ordusunun şəhid əsgəri Davud Taryel oğlu Qurbanov (15.02. 1996, Bakı – 03.10.2020, Tərtər) 2002-2013-cü illərdə R.Pirnəzərov adına 299 saylı Biləcəri qəsəbə məktəb-liseyində, 2013-2017-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “İstehsalat proseslərinin avtomatlaşdırılması” fakültəsində təhsil alıb. 2017-2019-cu illərdə həmin fakültənin magistratura pilləsində təhsilini davam etdirib.

Subay idi. Müxtəlif telekanallarda montajçı vəzifəsində çalışmışdı. Davud Qurbanov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Davud Qurbanov 2020-ci il sentyabrın 27-də başlanan II Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Şəhid əsgərimiz Qazaxın Birinci Şıxlı kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Davud Qurbanov “Vətən uğrunda” medalı ilə təltif edilib.

İgid əsgərimiz Prezidentin digər Sərəncamına əsasən, “Suqovuşanın azad olunmasına görə” (29.12.2020) medalı ilə də təltif edilib.

Ruhu şad olsun!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR