İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva “Qarabağnamə. Tarixin səhifələri” adlı filmin təqdimatında VİDEO

544 02.04.2023 22:15 Mədəniyyət A A

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva “Nizami” kino mərkəzində rejissor Elnurə Kazımovanın “Qarabağnamə. Tarixin səhifələri” adlı sənədli filmin təqdimat mərasimində çıxış edib. Film Xalq rəssamı Arif Hüseynovun eyni adlı əsərlər silsiləsinin əsasında çəkilib.

Musavat.com-un xəbərinə görə, Qənirə Paşayeva vurğulayıb ki, filmin adı, mövzusu, sənətkarlığı və verdiyi ismarıclar günümüzün vacib milli çağırışları ilə üzvi surətdə bağlı olub, sənətin estetik dəyərlərini nümayiş etdirir.

Sözünə davam edən Komitə sədri deyib:

Bu film tarixi həqiqətlərin bədii təsviridir. Xalq rəssamı Arif Hüseynov artıq 55 ildən çoxdur ki, təsviri incəsənət sahəsində peşəkar yaradıcılıqla məşğuldur. Onun fırçasından çıxan rəngarəng əsərlər, əsasən, dəzgah və kitab qrafikasına aid dəyərli sənət örnəkləridir. Sənətsevərlər tərəfindən mahir miniatürlər müəllifi kimi tanınan Arif Hüseynovun yaradıcılığına akademik münasibətin yüksək əyarlı olmasını da xüsusi vurğulamaq lazımdır.

Bu il 80 yaşını qeyd etdiyimiz sənətkar çağdaş incəsənət dünyamızın sayılıb-seçilən şəxsiyyətlərindəndir. Arif Hüseynovun akademik çevrələr, ümumən xalq tərəfindən sevilməsinin ən önəmli faktoru kimi, onun ideyalı, biri-birindən maraqlı sənət örnəkləri yaratmasını qeyd edə bilərik. Şəhidlərimizin əziz ruhu, qazilərimizin böyük fədakarlığı, xalqımızın birliyi onun ustadanə üz tutduğu mövzuların ən özəlidir. “Qarabağnamə. Tarixin səhifələri” rəssamın xüsusi ürək yanğısı, dərin idrak və vətənpərvər ruhla yaratdığı əsərlərin ən ümumi adı, ünvanıdır. Biz onun “Nəsimi İli”, “Şuşa İli”, habelə 44 günlük müharibə dönəmində necə məhsuldar, məqsədyönlü işlər görməsinin canlı şahidiyik. Bu il “Heydər Əliyev İli”dir və şübhəsiz ki, Arif Hüseynov da bu ili öz sənət uğurları ilə yaddaşlara həkk edəcəkdir. Onun qədim miniatür ənənələrini bu günümüzə uyğun şəkildə yeniliklər qataraq çağdaş formada dirçəltməsi danılmazdır. Milli folklorumuza, Novruz bayramına, ümumən mədəni irsə aid silsilə rəsm əsərlərini Təbriz miniatür məktəbinə, ondan öncəki və sonrakı müvafiq sənət hadisələrinə dərindən bələd olmasının təntənəsi hesab etmək olar.

Tariximiz Arif Hüseynovun fırçasından keçərək bu günümüzdə canlanaraq, gələcəyə yol göstərir… - Qarabağnamə kimi!

Sənət öz mahiyyətindən, sənətkar öz kredosundan çıxmayaraq estetik dəyərləri ilə inkişaf edir. Bəli, bu gün, Arif Hüseynovun tarixi yaddaşımıza həsr etdiyi müxtəlif əsərlərdən ibarət, rejissoru Elnurə Kazımova olan sənədli filmin təqdimatına yığışmışıq. Filmdə rejissorun böyük istedad və yanaşması sayəsində Qarabağımıza aid bütün tarixi nüanslar tamaşaçıya aydın və geniş formada təqdim olunmuşdur. Eyni zamanda, onu da vurğulamaq lazımdır ki, rəssamın qrafik əsərləri sənədli film formatında peşəkarlıqla nümayiş olunur.

Arif Hüseynov ölkəmizin həyatında baş verən hər bir önəmli hadisəyə vaxtında münasibət bildirir. Onun sərgiləri demək olar, hər il keçirilir və yaxşı mənada həsəd aparılmağa layiqdir.

Dəyərli sənətkarımız Arif Hüseynovun davam edən yubiley ili çərçivəsində hələ daha yeni sərgilər, tamaşaçılarla görüşlər təşkil olunacaqdır. Fürsətdən istifadə edib, ustad rəssamımıza möhkəm cansağlığı, yeni yaradıcılıq sevincləri diləyirəm! Filmin rejissorunu, filmin hazırlanmasında əməyi keçən hər kəsi ürəkdən təbrik edir, yeni sənət uğurları arzulayıram”!

Qeyd edək ki, sözügedən film, tanınmış azərbaycanlı qrafik, dəzgah rəssamı, plakatların, habelə uşaqlar və yaşlılar üçün kitablara illüstrasiyaların müəllifi, Azərbaycanın Xalq rəssamı, professor Arif Hüseynovun “Qarabağnamə. Tarixin səhifələri” adlı sənədli-bədii qrafika seriyası ilə tanış edir. Onun adı həm Vətənimizdə, həm də xaricdə rəngkarlıq həvəskarlarına yaxşı tanışdır. Alboma rəssamın çoxu sənədli-bədii qrafika janrında icra edilmiş 50-dən əsəri daxildir. Qrafik əsərlərdəki mətnlərdə konkret hadisələr və ya şəxsiyyətlər barədə söhbət açılır. Rəssamın əsərləri arasında Xocalıya həsr edilmiş kompozisiyalar, I Pyotrun məktubu, Türkmənçay müqaviləsi, güllələmiş abidələr, Qarabağ müharibəsi, Pənahəli xan, xarıbülbül, Alban kilsələrinin saxtalaşdırılması, ermənilərin Güney Qafqaza köçürülməsi və b. mövzulara həsr edilmiş örnəkl işlər var. Bu seriyada Qarabağ musiqiçiləri haqqında bütöv bir silsilə, generalların portretləri, Qarabağ qadınları, Qarabağ atları və başqa mövzular sənətin ecazı ilə açıqlanır. Bütün əsərlər qravüra janrında işlənib. Tarixi gerçəkliklər rəssamın bənzərsiz təxəyyülü ilə şəkillənib. Ağ-qara qrafika vizual təsir bağışlayır. Tarixi faktlara əsaslanan, maarifçilik xarakteri daşıyan bu işlərdə zəngin tarixi informasiya var. Rəssam yeni nəsillərin Qarabağı vizual şəkildə anlamaları üçün əlindən gələni edib.

Filmin süjetinə görə Arif Hüseynov öncə rəsm əsərlərini yaradır, sonra isə onları toplayır ki, Şuşa şəhərində bu əsərlərin ekspozisiyasını təşkil etsin.

Filmin rejissoru Elnurə Kazımovanın da dediyi kimi, bu film Qarabağın keçmişinə, bu gününə və gələcəyinə həsr edilib.

Deyə bilərik ki, “Qarabağnamə. Tarixin səhifələri” kitabı və filmi təxəyyül məhsulu deyil, konkret hadisələr, faktlar və şəxslər barədə hekayətdir. İndi deyə bilərik ki, bu əsər həm də işğaldan azad edilmiş doğma diyarımızın – başıbəlalı Qarabağımızın, 30 il gözlədiyimiz Zəfərin tarixidir!

Təsadüfi deyil ki, rəssamın öncəki işləri əsasən ağ-qara rəngli qravürlərdisə, “Qələbə” başlıqlı plakatlar seriyası rənglidir. Bu seriyada bayrağımızın rəngləri, Günəş və doğma Qarabağın yaşıl təbiəti bir-birinə qovuşub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR