İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva İzmir fəalları ilə görüşüb - Fotolar

637 26.04.2023 14:19 Sosial A A

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva İzmir şəhərinin fəal vətəndaş cəmiyyəti institutları rəhbərləri, təmsilçiləri və media nümayəndələri ilə görüşüb.

Musavat.com xəbər verir ki, ictimai birlik və media rəhbərləri ilə qarşılıqlı maraq doğuran məsələləri müzakirə edən Qənirə Paşayeva onları Ramazan bayramı münasibəti ilə təbrik edib, bütün əməkdaşlarına salam-sayğılarını yetirib.

“Azərbaycanın qardaşı Türkiyədə, Bakının qardaş şəhəri İzmirdə fəaliyyət göstərən siz dəyərli dostlarla, ictimai xadimlərlə görüş mənimçün çox xoşdur. Sizlər İzmirin ictimai-siyasi, sosial-iqtisadi, ədəbi-mədəni həyatında yaxından iştirak edir, İzmirlə, Türkiyəmizlə yanaşı, Azərbaycan, ümumən Türk dünyası həqiqətlərinə də biganə qalmırsınız.

Mən sizlərə, sizin timsalınızda İzmirin bütün fəal qurum və quruluşlarına, izmirlilərə ürəkdən təşəkkürümü yetirirəm. Sizlər I və II Qarabağ müharibəsində, ən çətin məqamlarda, özəlliklə, 2020-ci ildə baş vermiş Tovuz döyüşlərində və 44 günlük müharibədə Azərbaycanla nəfəs aldınız, öz informasiya dəstəyinizi əsirgəmədiniz”.

Qənirə Paşayeva vurğulayıb ki, onun başçılığı ilə İzmirə səfər edən Azərbaycan nümayəndə heyətinin tərkibində QHT və media rəhbərləri, bir sözlə, Azərbaycan Respublikasının vətəndaş cəmiyyəti institutlarının dəyərli təmsilçiləri var.

Ulu öndərlər Mustafa Kamal Atatürkün, Heydər Əliyevin “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, “Biz bir millət, iki dövlətik” kəlamlarını xatırladan Komitə sədri, İzmir aydınları, rəsmiləri və vətəndaş cəmiyyəti institutları ilə faydalı müzakirələrin onunçün çox dəyərli olduğunu bildirib.

Q.Paşayeva xatırladıb ki, qardaş ölkəyə 44 günlük müharibədəki Zəfərdən öncəki səfərlərində çıxış edərkən inamla bir dua edərmiş. – “Həmişə deyərdik ki, gün o gün olsun, torpaqlarımızı Ermənistanın və havadarlarının işğalından azad edək və növbəti görüşlərimizi Qarabağda, Şuşada birgə keçirək. Tanrıya şükürlər olsun, dualarımız çin olub, inamımız doğrulub. Biz 3 ildir azadlıqdan abadlığa, erməni vandallığından azərbaycanlı quruculuq mədəniyyətinə keçid içindəyik. Hazırda Qarabağa, Şərqi Zəngəzura – Ermənistanın görünməmiş vandallıqlar törətmiş olduğu Azərbaycan torpaqlarına insanlıq qayıdır, mədəniyyət qayıdır. Biz Türkiyə ilə birgə yaradırıq, qururuq, tikirik və tədbirlər keçiririk.

Əziz Şuşamız artıq iki ildir rəsmən Azərbaycanın Mədəniyyət paytaxtı statusunu daşıyır; 2023-cü il üçünsə Şuşa Türk dünyasının Mədəniyyət paytaxtıdır. Dövlət başçılarımız məhz bu əziz şəhərdə tarixi “Şuşa Bəyənnaməsi”ni imzalayıb: “Azərbaycan-Türkiyə qardaşlığı, o cümlədən “Şuşa Bəyənnaməsi” əcdadlarımızın ruhunu şad edən, gələcək nəsillərimizə aydın yol göstərən böyük hadisədir. Hər bir aydınımız, gəncimiz, ümumən vətəndaşlarımız bu hadisəni öz həyat və fəaliyyətində örnək almalıdır.

Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın, Türkiyə dövlətinin, bütövlükdə qardaş xalqın müharibənin ilk anlarından Azərbaycana verdiyi mənəvi, siyasi, diplomatik və informasiya dəstəyi tarixi Zəfərdə əvəzsiz rol oynadı.”.

Görüşdə İzmir Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyinin başqanı Cavid Əliyev, Azərbaycan Respublikasının vətəndaş cəmiyyəti instutlarının rəhbərləri və fəalları, müxtəlif qurumları təmsil edən aydınlar – Sevinc Əlizadə, İbrahim Məmmədov, Əkbər Qoşalı, Elşad Eyvazlı, Aqil Ələsgər, Südabə Cahangirli, Zaur Məmmədov, Elnur Hüseynov, Elşad Heydərov iştirak edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR