İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva Hamlet İsaxanlını təbrik etdi FOTO

766 19.03.2023 17:51 Mədəniyyət A A

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva “XƏZƏR” Universitetinin qurucusu, şair, yazıçı, publisist, tərcüməçi, Prof.Dr. Hamlet İsaxanlını, onun qurucusu olduğu universitetdə ziyarət edib, 75 illik yubileyi və qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edib.

Musavat.com-un xəbərinə görə, komitə sədri “Xəzər” Universitetinin ölkəmizin ən önəmli təhsil, elm və mədəniyyət ocaqlarından biri olmasını məmnuniyyət və qürur hissi ilə vurğulayaraq, professora elmi, pedaqoji, ictimai və ədəbi fəaliyyətində yeni uğurlar arzu edib, Mədəniyyət komitəsinin Təbrik məktubunu və xatirə hədiyyələri təqdim edib.

Məktubda professor Hamlet İsaxanlının həyat və fəaliyyətinin ən önəmli məqamlarına vurğu edilib:

“Hörmətli Hamlet müəllim,

Sizi 75 illik yubileyiniz münasibəti ilə ürəkdən təbrik edir, Sizə möhkəm can sağlığı, iş avandlığı, elmi və ədəbi yaradıcılığınızda yeni uğurlar diləyirəm!

Siz müxtəlif sahələrdə geniş fəaliyyət özkeçmişinə malik olan ensiklopedik bilikli ictimai, elm və sənət xadimisiz. Siz özünəxas etnoqrafik yaddaşı olan sazlı-sözlü Qarayazı elinin Kosalı kəndində doğulmusuz. 1965-ci ildə orta məktəbi qızıl medalla bitirib Azərbaycan Dövlət Universitetinə (indiki BDU-ya) qəbul olunmuş və 1970-ci ildə ali təhsili fərqlənmə diplomu ilə bitirmisiz. 1970-1973-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində aspiranturada oxumusuz və 1973-cü ildə dissertasiya işini uğurla müdafiə edərək alimlik dərəcəsi almısız.

1973-1983-cü illər içində Siz, Moskva və Bakıda çalışmış, elmi-tədqiqatla və pedaqoji işlə məşğul olmusuz. Keçmiş SSRİ, ABŞ, Almaniya, Böyük Britaniya, Kanada və b. ölkələrdə nüfuzlu elmi jurnallarda, toplularda elmi-tədqiqat əsərləriniz dərc olunub. Siz 1983-cü ildə Moskvada doktorluq dissertasiyası işini uğurla müdafiə edərək elmlər doktoru alimlik dərəcəsi almış, bir qədər sonra isə professor adına layiq görülmüsüz.

1991-ci ildə İngilisdilli Azərbaycan Universitetinin yaradılmasına təşəbbüs göstərmiş, respublika hökumətinin müvafiq qərarları ilə rəsmi status alan bu ali məktəbi qurmağa başlamısız. Azərbaycanın ilk özəl universitetinin qurucu-rektoru olaraq geniş fəaliyyət göstərmisiz. Bir qədər sonra yeni – “Xəzər” Universitəsi adını alan bu elm, təhsil və mədəniyyət ocağı Azərbaycanın dünyada ən yaxşı tanınan sayğın təşkilatlarından biridir.

Siz Azərbaycanda və onun hüdudlarından kənarda təkcə alim və elm-təhsil təşkilatçısı kimi deyil, şair kimi də tanınırsız. Şeirləriniz bir çox dilə çevrilib. Azərbaycanda, Rusiyada, Çində, Güney Azərbaycanda, Türkiyədə, Pakistanda, Gürcüstanda, Finlandiyada və digər ölkələrdə şeir kitablarınız, jurnal, qəzet və poetik toplularda şeir və poemalarınız gün üzü görüb. Sizin yaradıcılığınıza tərcümə işi də daxildir. Siz, V.A.Jukovski, F.Baratınski, F.İ.Tyutçev, A.Fet, S.Yesenin, N.Qumilyov, A.Axmatova, A.Axundova, C.Q.Bayron, V.Bleyk, R.Herrik, G.De Nerval və b. rus, ingilis, fransız şairlərinin şeirlərini orijinaldan Azərbaycan türkcəsinə çevirmisiz.

Sözlərinizə Ramiz Mustafayev, Vasif Adıgözəlov, Vaqif Gərayzadə, Lütfiyar İmanov, Cavanşir Quliyev, Tahir Əkbər, Elza Seyidcahan, Cahangir Zülfüqarov, Nailə İsayeva və Dilarə Qulamova musiqi bəstələyib. Sözləri Sizə aid olan mahnıları Lütfiyar İmanov, Flora Kərimova, Brilliant Dadaşova, İlqar Muradov, Azər Zeynalov, Rəşidə Behbudova, Gülyanaq Məmmədova, Samir Cəfərov, Aygün Bəylər, Manana Caparidze, Elza Seyidcahan, Anar Şuşalı, Bəturə Hüseynova, Yusif Savalan, Məhsəti Cabbarova, Azərbaycan Dövlət Simfonik Orkestri və Xoru, “Savalan”, “Şeron”, “Kristal” qrupları, “Dünya məktəbi”nin xoru və b. ifa edib. Arif Babayev, Alim Qasımov, Nəzakət Teymurova, Zabit Nəbizadə, Zakir Əliyev, Teyyub Aslanov kimi muğam ustaları, gənc xanəndə Abgül Mirzəliyev və b. xanəndələr, müğənnilər də Sizin yaradıcılığınıza müraciət edib.

Sizi 75 illik yubileyiniz, bütün elmi, pedaqoji, ictimai və ədəbi yaradıcılıq uğurlarınız münasibəti ilə bir daha təbrik edir, ən xoş arzularımı yetirirəm”!

Professor H.İsaxanlı komitə sədrinə “Xəzər”ə gəlişinə, xoş sözlərinə, təbrikinə görə təşəkkür edib.

WhatsApp Image 2023-03-19 at 17.15.17 (1).jpeg (223 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR