İnsanlara hürriyət, millətlərə istiqlal!

Qədim ingilis yurdu, bir indus və bir urdu...

3737 25.10.2022 11:55 Yazarlar A A

 

Çörçill bu günə qədər yaşasaydı, öz siyasi xələfinə, Böyük Britaniyanın yeni seçilmiş baş naziri Rişi Sunaka baxar, baxar, ya bağrı çatlayardı, ya da bir vaxtlar ölkəsini ingilis müstəmləkəsi olmaqdan qurtarmaq üçün qanını qaşığa qayan Mahatma Qandini “yarıçılpaq dərviş” adlandırdığına görə peşman olardı.

İndi həmin “yarıçılpaq dərviş”in mənəvi nəvəsi, millətinin oğlu o boyda Birləşmiş Krallığın başında durur.

Düzdür, ser Sunak özü Sauthemton uşağıdır, 1980-ci ildə İngiltərənin bu şəhərində doğulub, amma onun valideynləri əslən Hindistanın Pəncab ştatındandır. Rişinin nəsl-nəcabəti əvvəldən varlı-hallı olub, yoxsa bu ailə Şərqi Afrikadan Böyük Britaniyaya köçə və Rişi Sunaka Oksford və Stenford universitetlərində yüksək keyfiyyətli təhsil verə bilməzdi. Hazırda onun ailəsi İngiltərənin milyarderləri sırasında yer alır. Varlı ailədən qız aldığına görə işləri yavər gedir.

Adam milyarder olandan sonra, əlbəttə, onun dərisinin rəngi, gözünün qıyıq olub-olmaması mühüm rol oynamır. Belə şeylər kasıblar üçündür. Varlılar dünyanın hər yerində eyni millətdirlər, zadəgandırlar, elitardırlar. Rişi Sunak Hindistanın axırdan əvvəlki kastası şudralardan olsa, nəinki Böyük Britaniyada, heç öz doğma Pəncabında kənd bələdiyyəsinə seçilə bilməzdi.

Elə 14 milyon əhaliyə malik Londonun rəhbəri, əslən Pakistanın Kəraçi şəhərindən olan Sadiq Xan da Kəraçidə doğulub-böyümüş olsa, indi kim bilir, harada, nə edirdi. (Əslində Xanın valideynləri də Kəraçiyə Hindistanın Laknaxu şəhərindən köçüblər).

Hindistanı və Pakistanı eyni zamanda əsarətdə saxlayan, sonra onların ikisinə də eyni vaxtda azadlıq verən ingilislər vaxtilə Pəncabda və Kəraçidə nə induslara, nə də urdulara etibar edib, layiq görüb vəzifə verməzdilər, amma indi birinə Böyük Britaniyanı etibar edirlər, o birinə Londonu. Görəcək işdir.

Vallahi, bu nəsə bir qanunauyğunluqdur, imperiyanın ən ucqar müstəmləkələrində doğulan bir siyasi xadim irəliləyə-irəliləyə gəlib axırda həmin superdövlətin birinci-ikinci adamı olur. Adamın yadına Misir məmlükləri düşür. Yeniyetmə vaxtı Şimali Qafqaz tərəflərdən əsir alınaraq Misirə aparılmış, orada qvardiyalara cəlb edilmiş qıpçaq balaları yekəlib güclənincə hakimiyyəti bütöv şəkildə götürüb, bütün Yaxın Şərqdə 267 il hökmranlıq ediblər.

Osmanlı sultanlarının saraylarında da müstəmləkədə doğulmuş şəxslərin baş vəzir postuna, paşa rütbəsinə qədər qalxdığı hallar çox olub. Hərçənd əksərini axırda tutub edam ediblər.

O vaxt Barak Obama ABŞ-da prezidentliyə namizəd olanda çox adam deyirdi, yox bir, qaradərili siyasətçi ABŞ prezidenti olacaq. Amma oldu, özü də iki müddət. Düzdür, Obamanın ata-babası kölə yox, ağdərili qadınla evlənmiş keniyalı tələbə-mühacir idi, amma hər halda, Barak Hüseyn Obama ABŞ tarixinə ilk qaradərili prezident kimi düşüb.

Rus imperiyasının başında da uzun illər müstəmləkələrdən çıxmış şəxslər durub – Stalin, Xruşov, Brejnev, Çernenko... Hələ bu dövləti idarə edənlərin sırasında da müstəmləkə ölkələrində doğulmuş şəxslər yer alıb: gürcü Orconikidze, Beriya, erməni Mikoyan, azərbaycanlı Əliyev, latış Pelşe, Puqo və onlarca başqaları.

İndinin özündə rus ordusunun başında müstəmləkə Buryatiyadan olan Sergey Şoyqu durur. İntəhası, Kujuget kişinin oğlunda o həvəs yoxdur ki, dövləti idarə etmək fikrinə düşsün.

Bir məsələ var ki, müstəmləklərdən çıxaraq metropoliyada ən yüksək və ya ikinci böyük vəzifəni tutan şəxslər həmişə onları yetişdirən, irəli çəkən, böyük vəzifə verən ölkəyə xidmət edirlər və əksəriyyət etibarilə xəyanət etmirlər.

Rişi Sunak da elə olacaq. Ola biıər, o, elə işləyəcək ki, ya BB tarixində Çörçilldən sonra ən yaxşı baş nazir kimi qalacaq, ya da bir-iki aydan sonra ingilislər onu adaşı və soydaşı Rişi Kapur kimi artistlik etməkdə suçlayıb Liz Trass kimi yola salacaqlar.

Başqa bir məqam da odur ki, siz ingilislərdə qəlbigenişliyə baxın, biz burdan-bura Biləsuvarda doğulmuş birinin Biləcəridə bələdiyyə sədri olmasına dözmürük, dolaşdırıb tutdururuq.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR