İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstan Rusiyadan uzaqlaşır - Nur-Sultanda Ankara və Bakıyla birlik çağırışları artır

1561 12.07.2022 15:11 Yazarlar A A

Qazaxıstan Rusiyaya qarşı Avropa sanksiyalarına qoşulacaq. Tokayev hökumətinin bu qərarından sonra iki ölkə arasında münasibətlər daha da gərginləşib.

Ötən həftə Tokayev Avropa İttifaqı Şurasının prezidenti Mişel Barnyeyə zəng edərək, Avropaya enerji təchizatında kömək edəcəyini bildirib.

Tokayev mətbuata açıqlamasında Qazaxıstanın dünya və Avropa bazarlarında vəziyyəti sabitləşdirmək üçün öz karbohidrogen potensialından istifadə etməyə hazır olduğunu bildirib.

Qazax lideri gələcəkdə xammalı Rusiyadan yan keçərək qərbə çatdırmağın yollarını axtarır. Astananın Qazaxıstan neftinin Azərbaycan üzərindən Avropaya daşımağın mümkünlüyünü öyrənmək üçün Azərbaycan hökumətinə elçi düşməsi haqqında da məlumatlar var.

"Euronews“ televiziyasının məlumatına əsasən, Qazaxıstan öz neftini Xəzər dənizi üzərindən Avropaya daşımaq istəyir.

Qazaxıstanın bu qərarına Kreml dərhal cavab verib. Cəmi iki gün sonra Rusiya məhkəməsi Qazaxıstan neftini qərbə daşıyan boru kəməri terminalının bağlanmasına qərar verib, - rəsmi olaraq mümkün "ətraf mühitə zərər" səbəbiylə.

Rusiyalı enerji eksperti Mixail Krutiçin iddia edir ki, bu, “müstəqil, sivil xarici siyasət həyata keçirdiyinə görə Qazaxıstandan qisas almaqdır”.

Hər il Rusiya üzərindən Avropaya Qazaxıstanın təxminən 67 milyon ton nefti axır. Astana Avropanın ən böyük neft tədarükçülərindən biridir. Mətbuata sızan-məlumatlara görə, Tokayev Xəzər dənizindən Rusiyadan yan keçən yeni boru kəmərinin imkanlarını təhlil edən bir araşdırma aparmağı tapşırıb.

Qazax liderinin bir müddət öncə, Ukrayna separatçı rejimlərini tanımaqdan açıq şəkildə imtina etməsi və bunu birbaşa Putinin üzünı söyləməsi qərb mediasında cəsarətli addım kimi qiymətləndirilib.

Qazaxıstan prezidenti Qasım Comart Tokayev Rusiyadan üz döndərir, yoxsa, bu gedişlər yeni prezidentin müstəqil olması görüntüsünü yaratmağamı xidmət edir? Qanlı Qazaxıstan hadisələrindən sonra Avropa ölkələri ilə pisləşmiş münasibətlərini yaxşılaşdırmağa çalışan Tokayev hökuməti Rusiyanın izolyasiyasından sonra üzünü hansı tərəfə çevirir?

Mövcud münaqişəli vəziyyətdə Avrasiya regionunda təhlükəsizlik və iqtisadi arxitekturanın sorğulanması və yenidən təşkili mərhələsi başlaylb. Sanksiyalar Avrasiya İqtisadi İttifaqına ciddi ziyan vurub. Qazaxstan cəmiyyətində, eləcə də elitasında bu birliyin gələcəyi ilə bağlı məntiqi suallar yaranıb. İttifaq artıq ölkəni orta və uzunmüddətli perspektivdə irəli aparacaq bir qurum kimi nəzərdən keçirilmir. Təhlükəsizlik siyasəti baxımından KTMT Qazaxıstanı Rusiya ilə bağlayır, lakin indiki vəziyyətdə onların maraqları ortaq deyil. Buna görə də Qazaxıstan indi təhlükəsizlik və iqtisadiyyat sahələrində institusional əlaqələrini yenidən qurmağa çalışır.

Qazaxıstan hələ də Rusiya Federasiyası ilə güclü əlaqələr saxlayır, lakin qonşu Çinlə siyasi və iqtisadi əlaqələrini durmadan genişləndirir. Hökumət xarici siyasət kursuna əhalidən dəstək qazanmaq üçün türk dövlətlərilə əlaqələri genişləndirməyə çalışır.

Çinin Orta Asiyadakı ən yaxın tərəfdaşı Qazaxıstandır. Pekinin ümid bəslədiyi və milyardlar xərclədiyi “Bir Kəmər və Yol Təşəbbüsü ” projesi 2013-cü ildə Qazaxıstanda elan olunub. Bu addım ölkəni Çinin Asiyada daha geniş regional əlaqə əldə etmək cəhdində və həyata keçirilməsində mühüm müttəfiqə çevirmiş kimi görünür.

Çin liderinin 2013-cü ildə “BRI” adlanan yeni İpək Yolunun bir qolunu elan etməsi ikitərəfli əlaqələrin genişlənməsinə bir işarədir. Son altı ildə hər iki ölkənin yüksək səviyyəli rəsmiləri arasında keçirilən görüşlər və mübadilələr milyardlıq investisiyaların müjdəsini verib. Bu layihələrin Astana üçün faydaları və uğurları böyükdür.

“The Diplomat” jurnalında dərc olunmuş Çin-Qazaxıstan münasibətlərinin dərin qatları haqqındakı geniş məqalədə Pekinin regiondakı maraqları incələnib.

İkitərəfli münasibətlərin Çin üçün əhəmiyyətli üstünlükləri var, xüsusən də resurslara çıxış ehtiyacını ödəmək üçün Qazaxıstan ən vacib nöqtədir. Qazaxıstanın nefti, təbii qazı və faydalı qazıntıları Çində xüsusi maraq doğurur.

Son on bir il ərzində Çin firmaları enerji, infrastruktur və neft-kimya da daxil olmaqla müxtəlif sənaye sahələrinə milyardlarla dollar vəsait xərcləyiblər. Qazaxıstan Çinə neft və təbii qaz ixracını artırıb və taxıl satışını artırmağa söz verib. İki ölkə təxminən iki çayı paylaşdıqları üçün müvafiq təchizat və idarəetmə strukturları su sahəsində də əməkdaşlıq edirlər.

Qazaxıstan üçün Çin əsas ticarət tərəfdaşıdır, eləcə də ölkənin inkişafına kömək etmək üçün çox ehtiyac duyulan kapital mənbəyidir.

Qazaxıstanın xarici işlər naziri Beybut Atamkulov 2019-cu ilin martında Çinin “Global Times” qəzetində dərc olunan redaksiya məqaləsində “Qazaxıstan Çinin simasında əsas strateji tərəfdaş, uzunmüddətli əməkdaşlıq edən və etibarlı qonşu tapıb” yazmışdı.

İkitərəfli ticarət son onillikdə nəzərə çarpacaq irəliləyişlər əldə edərək, Çini Qazaxıstanın Rusiyadan sonra ən mühüm ticarət tərəfdaşlarından birinə çevirib.

Dünya Bankının məlumatlarına görə, 1995-ci ildə Qazaxıstanın idxalının 1 faizi və ixrac payının 5,4 faizi Çinin payına düşürdüsə, 2017-ci ildə Qazaxıstan idxalında Çinin payı 16 faizə yüksəlib. 2021 ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 20 milyard dollara qalxıb.

Qazaxıstan hökuməti Çindən gələn milyardlara sevinsə də, yerli əhali arasında Çin şirkətlərinə qarşı etirazlar səngimir. Yerli əhali arasında Türkiyəyə rəğbətin artması həm Rusiyanı, həm də Çini narahat edən amillərdən sayılır.

Bir neçə il əvvəl ölkənin cənub-qərbində yerləşən Janaozen şəhərində baş vermiş etirazlar ətraf mühiti çirkləndirən Çin zavodlarının tikintisi ilə bağlı olub. Həmin dövrdə mitinqlər bir neçə gün davam etdi və paytaxta qədər yayıldı.

Janaozen nisbətən kiçik olmasına baxmayaraq, narahat şəhər kimi tanınır və 2011-ci ildə etirazçı neft işçiləri ilə polis arasında ondan çox insanın ölümünə səbəb olan hadisələr hələ də hökumət üçün həssas məsələ sayılır. Bu etirazlardan sonra Qazax hökuməti Çinə geniş torpaqlar satmaqdan vaz keçmişdi.

Çin-Qazaxıstan münasibətlərində digər potensial gərginlik nöqtəsi casusluq ittihamı ilə üzləşən sinoloq və baş hökumət müşaviri Konstantin Syroyejkinin Qazaxıstan əks-kəşfiyyat orqanları tərəfindən saxlanmasıdır.

2019-cu ildə “The Wall Street Journal” qəzetinin verdiyi məlumata görə, Konstantin Sıroyejkin adlı keçmiş DTK agenti məxfi sənədləri Çin kəşfiyyaçılarına ötürən zaman yaxalanıb.

Ayrı-ayrılıqda Pekinin ölkə daxilindəki məhdudlaşdırıcı siyasəti və Sincandakı saxlanma mərkəzləri təkcə uyğurları deyil, Çindəki etnik qazaxları da hədəfə alıb və bu, Qazaxıstanda ciddi narahatçılıq doğurur.

Çin ən böyük qazax diasporasına ev sahibliyi edir. Ölkədə təxminən 1,25 milyondan 1,5 milyona qədər qazax yaşayır. Çin hökumətinin etnik qazaxlara münasibəti uyğurlara olan münasibətindən fərqlənmir.

Çin Dövlət Təhlükəsizliyi Nazirliyinin keçmiş sovet respublikalarında geniş casus şəbəkəsi yaratması haqqında məlumatlarda bildirilir, Pekin Orta Asiyada əhəmiyyətli şəkildə irəliləmək üçün bütün vasitələrdən istifadə edir. Yerli əhali arasında antiçin əhval-ruhiyyəsinin artması Pekini hökumətə təzyiqi artırmağa məcbur edir.

Qərbin sanksiyalarına məruz qalan ölkələrin - Əfqanıstan, İran, Çin və Rusiyanın əhatəsində olan Orta Asiya respublikaları Moskvaya qarşı yeni görünməmiş sanksiyaların nəticələri ilə mübarizə aparırlar.

Tokayevin “çoxvektorlu xarici siyasət” kursu Rusiyadan və Çindən asılılğı minimuma endirməyə yönəlib. Nazarbayevin zamanında formallaşmış xarici siyasət kursu Rusiyadan həddindən artıq asılılığın qarşısını almalı, Çinlə, Qərblə, qonşu dövlətlərlə yaxşı əlaqələr qurmaq üçün münbit şərait yaratmalıdır. Böyük dövlətlərə münasibətdə tarazlıq axtaran Qazax lideri son addımları ilə öz müstəqil xarici siyasət kursunu formalaşdırmağa çalışır.

Yeni xarici siyasət kursunun uğur qazanması üçün Tokayev hökuməti yerli əhalinin dəstəyini qazanmağı hədəfləyir. Ölkənin Türk Dövlətləri Birliyinin işində aktiv iştirakı buna imkan versə də, hökumət hələlik Moskva və Pekinin təzyiqlərinə tab gətirmək gücündə deyil.

“Türk Dünyasına Baxış 2040” adı altında 12 noyabr 2021-ci il tarixində İstanbulda keçirilən 8-ci zirvə toplantısında imzalanmış birgə niyyət bəyannaməsi Qazaxıstanın və digər türk respublikalarının maraqlarına cavab verir. Sənəddə 2040-cı ilə qədər əməkdaşlıq üçün meyarlar və çərçivə şərtləri müəyyənləşib. Dörd fəaliyyət istiqaməti müəyyən edilib.

Zirvə toplantısında türk dövlətləri arasında əməkdaşlığın gücləndirilməsinin aspektləri müəyyən olunsa da bu istiqamətdə işlər ləng gedir. Vətəndaşlar arasında əməkdaşlıq dedikdə, burada məqsəd müxtəlif üzv dövlətlərin vətəndaşlarının bir-birini daha yaxşı tanıması, diaspora təşkilatlarının fəaliyyətinin şaxələnməsidir.
Diaspora təşkilatlarının tərkibində fəaliyyət göstərən vətəndaşlar üçün müvafiq təkliflər hazırlanmalıdır.

Media sahəsində yayımçılar və media şirkətlərinin birləşdiyi birgə mərkəzin yaradılması nəzərdə tutulurdu. Mərkəz Türk Dövlətlərinin ümumi cəhətlərini, ümumi tarixini və ümumi dəyərlərini əks etdirən filmlərin, serialların, sənədli filmlərin, animasiyaların və audio materialların istehsalının təşviqinə töhfə verməliydi.

Orta Asiyanın türk dövlətlərinin can atdığı müstəqil xarici siyasət kursunda onların ən yaxın müttəfiqləri Türkiyə və Azərbaycandır. Bu müttəfiqliyin dərinləşməsi türk dövlətlərini gələcəkdə xarici təhdidlərdən qoruya bilər.

İndiki şəraitdə İctimai təşkilatların, eləcə də diaspora təşkilatlarının fəallaşması və bu sahəyə nəzarət edən dövlət strukturlarının işinin canlanması üçün cevik addımlar atılmalıdır.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR