İnsanlara hürriyət, millətlərə istiqlal!

Qatil arılar - arı sancması insanı bu halda öldürür

6420 16.07.2022 08:30 Yaşam A A

Seyfəddin Əsəd: “Arı zəhəri ilan zəhərindən 30 dəfə güclüdür...”

Ağstafada bədbəxt hadisə baş verib. Bir vətəndaşımız arının sancmasından sonra ölüb. İnsident Aşağı Göyçaylı kəndində qeydə alınıb. 41 yaşlı İlqar Qəhrəmanov arı sancması diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Lakin onun həyatınını xilas eləmək mümkün olmayıb.

Məlumata görə, arı kişini qonaq getdiyi yerdə sancıb.

Ancaq arının bal, yoxsa eşşək arısı olduğu deyilmir.

Bundan əvvəl də Qərb rayonlarından birinin gənc sakini Şəmkirdə arı vurmasından ölmüş sayılıb, dəfn olunanda isə ayılmışdı. O, daha sonra xəstəxanada dünyasını dəyişdi. Bu hadisələr ortaya çoxsaylı suallar çıxardır. Arı vurması bu qədərmi həyati təhlükə təşkil edir?

İlk öncə xatırladaq ki, arı zəhəri tibdə çox əhəmiyyətli təbii müalicə üsullarından biridir. Dünyada 16 000-dən çox arı növü mövcuddur. Bunların çoxu sürü halında yaşamayan arılardır. Yalnız yüzdə beş arı növü qrup halında yaşayır. Ən geniş yayılmış arı növü bal arısıdır.

Ancaq arılar faydalı olmaları ilə yanaşı, həm də təhlükəlidir. Göründüyü kimi, bəzən onlar qatilimizə belə çevrilə bilir. Arı sancmalarına daha çox yaz, yay və payız aylarında rast gəlinir. Xüsusilə payız fəslində arılar daha çox aqressiv olur. Arı sancması zamanı tibbi yardım mütləqdir. Çünki orqanizmində həssaslıq olan şəxslər anaflaktik şok yaşaya bilər. Bu, insanın tənəffüsünün ağırlaşması ilə nəticələnir. Anaflaktik şok zamanı insana tibbi yardım olunmazsa, qəfil ölüm də baş verə bilər. Ölümə səbəb ola biləcək ən təhlükəli arı eşşək arısı kimi tanınan arıdır. Gövdəsi sarı və qara zolaqlı olan eşşək arıları olduqca iri quruluşludur. Eşşək arılarının iynəsi zəhərlidir. Sancması çox ağrı verən eşşək arısının zəhəri insanda ağır allergiya reaksiyalarına yol açır və bir çox hallarda eşşək arılarının sancması insanın ölümü ilə nəticələnir.

Arılar arasında qatil arı adlandırılanlar da var. Ancaq bu arı növünə Azərbaycanda  rast gəlinmir. Bu arılar tarixdə bir hücumda 300 braziliyalı insanı öldürdükdən sonra qatil adını alıblar. Qatil Afrika bal arıları çox həssasdırlar. Adıçəkilən arılar öz yuvalarını ölümünə qoruyurlar. Qatil arı görünüşcə bal arısından fərqlənmir. O, insanı sancarsa, bir saniyədə onu öldürə bilər. Afrika mənşəli olan bu arılar iynələrini 8 dəfə istifadə edə bilirlər. Bu arılardan qaçmaq və xilas olmaq az qala qeyri-mümkündür və bunun sonu mütləq ölüm olur.

Azərbaycanda yer alan eşşək arıları da qatil arılardan heç də geri qalmır. Eşşək arıları insanları daha tez-tez sancır və onların sancmaları daha ağrılıdır. Dil, dodaq, qırtlaq və üz nahiyəsinin sancılması çox təhlükəli hesab olunur. Çoxlu sayda sancmalar zamanı ağır intoksikasiya (zəhərlənmə) inkişaf edə bilər. Bu halda insanı dərhal xəstəxanaya çatdırmaq lazımdır.

Arı sancması zamanı nə etmək lazımdır? Aptekonline.az - onlayn aptek

Bəs hansı insanlar arı zəhərinə həssasdır? Bal arısının, yoxsa eşşək arısının zəhəri daha təhlükəlidir? Arı sancması zamanı ilk yardım nə olmalı?

Mövzu ilə bağlı təbii üsullarla müalicə həkimi Seyfəddin Əsəd “Yeni Müsavat”a danışdı: “Qeyd edim ki, arı zəhəri Allahın insana verdiyi ən böyük möcüzəvi müalicə vasitəsidir, ondan yüksək heç nə yoxdur. Məsələn, arıçılar heç vaxt qrip, xərçəng, hepatit xəstəsi olmurlar. Yəni dünyada onun qədər immuniteti yüksək saxlayan, insanı qoruyan bir şey yoxdur. Arı zəhəri ilan zəhərindən 30 dəfə güclüdür. İlan zəhəri həmişə öldürür, ona görə ki, zəhərin miqdarı çox olur. Amma arı zəhəri çox cüzi olduğu üçün nadir hallarda insanı öldürə bilir.

Vəhşi arıların növü çoxdur və onların zəhəri bal arısının zəhərindən dəfələrlə çoxdur. Bəs arı zəhəri insanı nə zaman öldürür? Öldürmə səbəbi bir neçədir. Məsələn, ola bilir ki, arı insanın dilindən vurur və dil böyüyür, nəfəs borusunu tutur, insan boğulur və ölür. Başqa bir səbəb budur ki, bəzi insanlar arı zəhərinə qarşı çox həssasdır. Arı sancan kimi anaflaktik şok yaşanır və insanı öldürür".

“Bal arısının da zəhəri təhlükəli ola bilirmi” sualımıza həkim bu cür cavab verdi: “Əlbəttə ki, olur, amma az hallarda. Çünki qeyd etdiyim kimi, bəzi insanlar arı sancmasına qarşı çox həssas olur və arı sancan kimi təhlükə yarada bilir”.

Seyfəddin Əsəd: “Ət immuniteti qaldırmır, orqanizmi yorur, çörək isə...”

Seyfəddin Əsəd arı sancmasından sonra göstərilməli olan ilk tibbi yardım haqqında da danışdı: “Əgər arı insanın dilindən sancıbsa və dil böyüyüb nəfəs borusunu tutmağa başlayırsa, bu zaman qırtlağı deşib, oradan nəfəs almasına şərait yaradırlar. Arıçılar hər zaman yanında dimedrol, antiseptik dərmanlar gəzdirirlər. Çünki arı sancması zamanı təzyiq kəskin enə bilir. Əgər təzyiq tənzimlənməsə, şəxsin vəziyyəti pisləşə bilər”.

Mütəxəssislər qeyd edir ki, arı sancmasından sonra meydana gələn ağrılar, sancma sayına, arının iynəsinin uzunluğuna, arının növünə (eşşək arısı, vəhşi arı) görə fərqlilik göstərir. Bal arıları adamı sancdıqdan sonra ölür. Lakin eşşək arıları və vəhşi arılar kimi növlər birdən çox sanca bilər və yaşamaya davam edə bilər.

Arılar sancdıqda ağrı, qızartı və şişkinlik kimi əlamətlərə səbəb ola biləcək toksinlər xaric edə bilərlər. Bəzi insanların bu toksinlərə qarşı  allergiyası var. Arını iynəsindən yayılan toksinləri azaltmaq üçün dərinin altında qalan iynəni cımbız köməyi ilə çıxarılmalıdır. Arı sancmasında çalışmaq lazımdır ki, zəhərin yayılmasının qarşısını almaq üçün 30 saniyə ərzində arı iynəsi çıxarılsın. Çünki nə qədər uzun müddət qalarsa bir o qədər zəhərli olar və daha çox reaksiyalar şiddətli olaraq acıverici, ağrılı olar. Daha sonra arının sancdığı yerə buz kompres qoyularaq yarana biləcək şişkinlik və ağrıların qarşısı alınmalıdır. Buz həmçinin zəhərin bədən tərəfindən sorulmasının qarşısını almaqda da rol oynayır.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR