İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağla bağlı TƏCİLİ açıqlama: “Paşinyan razı olsa da, Putin buna imkan verməyəcək”

3027 20.05.2023 17:50 Qarabağ xəbərləri A A

Nikol Paşinyan 3 gün öncə Reykyavik şəhərində keçirilən sammitdə bildirdi ki, “Aİ Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə biz irəliyə doğru addım atdıq və vurğuladıq ki, Ermənistan Azərbaycanın 86,6 min kvadrat kilometr, Azərbaycan isə Ermənistanın 29,8 min kvadrat kilometr ərazisini tanıyır”. Paşinyanın “Qarabağ Azərbaycandır!” etirafı Ermənistan cəmiyyətində ona qarşı təzyiqləri artırıb.

Dünən isə Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının Moskva görüşü baş tutub. Digər tərəfdən, Kreml Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin Moskvada görüşəcəyini təsdiqləyib. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib ki, görüş gələn həftə keçirilə bilər.

Paşinyana olan təzyiqlər onu Moskva görüşündə müəyyən razılaşmalardan çəkindirə bilərmi? Moskva görüşü ilə bağlı gözləntilər nələrdir?

Politoloq Fikrət Sadıxov Musavat.com-a açıqlamasında bildirib ki, məlumatlara görə, müəyyən çərçivə layihəsi artıq hazırdır və Moskvada ciddi müzakirə predmetinə çevrilib.

fikret.jpg (101 KB)

Politoloqun sözlərinə görə, belə bir təəssürat yaranır ki, Paşinyan daxildə ona qarşı təzyiqləri ona görə istifadə etmək istəyir ki, sazişə imza atmaqdan boyun qaçırsın:

“Amma Paşinyan yaddan çıxarmamalıdır ki, həmin təzyiqi biz də ona qarşı istifadə edə bilərik. Azərbaycan öz məqsədlərinə mütləq nail olmalıdır. Paşinyan konkret, düzgün seçim etməlidir. Əgər Ermənistan Qarabağ məsələsinin müzakirəsindən uzaqlaşsa və bununla bağlı heç bir iradı olmasa, təbii ki, biz bu sazişə imza atmağa hazırıq. Yəni kommunikasiyalar açılsın, Zəngəzur dəhlizi açılsın, qeyri-qanuni dəstələr Qarabağdan çıxarılsın”.

Ekspertin sözlərinə görə, Vladimir Putin başa düşür ki, hər şey dinc yolla həll olunsa, Ermənistan rəsmi şəkildə Qarabağ məsələsindən əl çəksə və bunu əsas müzakirə predmetinə çevirməsə, Rusiya sülhməramlılarının orda qalmasının heç bir mənası yoxdur:

“Bu da öz maraq dairəsini itirmək deməkdir. Putin onu da başa düşür ki, Azərbaycanın mövqeyi kifayət qədər qəti və prinsipialdır. Yaranmış geosiyasi gərginlik fonunda biz Rusiyaya qarşı nə sanksiyalar tətbiq etmişik, nə də onlara qarşı düşmənçilik edirik. Putin bu reallığı dərk etməlidir.

Düşünürəm ki, Moskva son ana qədər sülh sazişinin öz maraqları çərçivəsində imzalanmasına çalışacaq ki, regionda əl yeri qalsın. Əks halda Rusiya faktiki olaraq öz təsir vasitələrini itirir. İstənilən halda hesab edirəm ki, bizim hücumedici diplomatik addımlarımız müəyyən nəticələrə gətirib çıxaracaq”.

Aytən Novruz
Musavat.com  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR