İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağda görülən işlər indiki templə davam edərsə...”

2780 26.10.2022 11:33 Media A A

Kamran Məmmədli: “Gördüklərimdən o qənaətə gəlirəm ki...”

“Qarabağa qayıdış” layihəsi sürətlə reallaşmaqdadır. Ötən həftə Ali Baş Komandan İlham Əliyevin Ağalı kəndində və Cəbrayılda verdikləri açıqlamalar bunu bir daha sübut etdi.

“Əlbəttə, mən deyirdim ki, biz mütləq qayıdacağıq. Deyirdim ki, öz torpaqlarımıza qayıdacağıq və qayıtdıq. İndi burada yaşayırıq. Sizin də qayıdışınız bunu göstərir ki, keçmiş köçkünlərin hamısı öz doğma torpaqlarına qayıdacaq. Çünki bəziləri hesab edirdilər ki, indi 30 il keçib, heç kim qayıtmaz. Amma baxın, görün, siz də qayıtmısınız”,- deyə dövlət başçısı Ağalıda bildirib.

“Cəbrayıl şəhərindən bu dağılmış binalar qaldı və bu dağıntılar Birinci Qarabağ savaşında deyil, məhz işğal dövründə ermənilər tərəfindən törədilmişdir. Görün onlarda Azərbaycan xalqına qarşı nə qədər nifrət var idi ki, bütün binaları yerlə-yeksan etdilər. Bunun əsas məqsədi ondan ibarət idi ki, azərbaycanlılar heç vaxt bu torpaqlara qayıtmasınlar. Qayıtmağa yer olmasın. Ancaq biz qayıtmışıq, qan tökərək qayıtmışıq, savaşaraq, döyüşərək qayıtmışıq və bu gün artıq həyat bu bölgəyə qayıdıb, biz bunu Ağalı kəndinin timsalında görürük”, - deyə dövlətimizin başçısı qeyd edib.

Ağalı kəndindəki məktəbə getdiyini bildirən Azərbaycan Prezidenti deyib ki, məktəbdə oxuyan 70 uşağın heç biri buranı görməyib: “Hətta onların valideynlərinin də bir çoxu işğal dövründə doğulub, bir çoxları işğal baş verəndə özləri uşaq idi. Amma onlar qayıdıblar. Çünki torpaq çəkir, Vətən çəkir və hamımız qayıdacağıq. Bütün keçmiş məcburi köçkünlər qayıdacaq və biz onların qayıdışı üçün əlimizdən gələni edirik, gecə-gündüz çalışırıq və bu quruculuq-bərpa işlərində türkiyəli qardaşlarımız bizimlə bir yerdədir”.

“İşğaldan azad edilmiş ərazilərin bərpası və böyük qayıdış planının təmin etdirilməsi 2023-cü ilin dövlət büdcəsinin layihəsində əsas istiqamətlərdəndir. Bu istiqamətdə dövlət büdcəsindən vəsait ayrılmasında ilbəil artım müşahidə olunur. 2023-cü ildə işğaldan azad edilmiş ərazilərin bərpası üçün 3,0 milyard manat vəsait nəzərdə tutulur. Bu da 2022-ci illə müqayisədə 12,4 faiz, 2021-ci illə müqayisədə isə 37,7 faiz çoxdur”- Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatında bildirilir.

Ötən ay Şuşada olan AĞ Partiya Mərkəzi Aparatının rəhbəri Kamran Məmmədli gördüklərindən çıxış edərək çox nikbin danışdı: “Qarabağda olarkən oranın heyrətamiz torpağı və gözəlliyi ilə yanaşı orada qısa müddət ərzində aparılan bərpa-quruculuq işləri də məndə böyük təəssürat yaratdı. Erməni vəhşiliyinin qurbanı olan tarixi abidələrimizin bərpası, 30 il müddətində daşı-daş üstdə qalmayan şəhərlərimizin yenidən qurulması hamımızı fərəhləndirir. Çox qısa müddət ərzində Güləbird Su-Elektrik Stansiyası, Suqovuşan və Talış kəndlərinə çəkilən yollar, Füzuli və Zəngilan Beynəlxalq Hava Limanı, Ağalıda "Ağıllı kənd" kimi möhtəşəm layihələr uğurla başa çatdırıldı. Düşünürəm ki, təməli cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulan Füzuli, Hadrut və Şuşa Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzləri işğaldan azad edilmiş Qarabağda yenidənqurma prosesini daha da sürətləndirəcək. Bərpa-quruculuq işləri ilə yanaşı, paralel olaraq məcburi köçkünlərimiz də tədricən Qarabağa qayıtmaqdadır".

Partiya funksioneri çətinliklərdən də söz açdı: “Əlbəttə, hər şeydə olduğu kimi, bu prosesin də müəyyən çətinlikləri var. Ermənistan tərəfindən 30 il davam edən işğal dövründə bu ərazilərin minalarla çirklənməyə məruz qalması məcburi köçkünlərin evlərinə tam təhlükəsiz qayıtması üçün hələ də maneədir. Bu səbəbdən, fikrimcə, Qarabağa böyük qayıdış vətəndaşlarımız üçün daha təhlükəsiz formada olmalıdır ki, bu da müəyyən vaxt və maliyyə tələb edir. Qarabağ ərazilərində gördüklərimdən o qənaətə gəlirəm ki, bərpa-quruculuq işləri və məcburi köçkünlərin Qarabağa qayıdışının paralel şəkildə və maksimum təhlükəsiz formada aparılması vətəndaşlarımızın təhlükəsizliyi baxımından çox önəmlidir və doğru addımdır. Ali Baş Komandan İlham Əliyevin Cəbrayılda olarkən son çıxışında dediyi kimi, nə olursa-olsun biz mütləq öz torpaqlarımıza qayıdacağıq mesajını bir daha duymaq hamımız üçün xoş idi. Buna heç kəsin şübhəsi artıq olmamalıdır. Düşünürəm ki, Qarabağda görülən işlər indiki templə davam edərsə, məcburi köçkünlərimizin tam olaraq doğma yurdlarına qayıtması heç də uzun çəkməyəcək”.

 Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi"ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması"" mövzusunda hazırlanmışdır. 

Yazını hazırladı: Cavanşir ABBASLI 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR