İnsanlara hürriyət, millətlərə istiqlal!

Qafqazda MÜHÜM GƏLİŞMƏ – Əliyevlə Ərdoğan görüşünün DETALLARI

888 11.06.2024 12:38 Siyasət A A

Ötən gün Ankarada Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan arasında görüşdən əlavə, iki ölkənin xarici işlər nazirləri Ceyhun Bayramovla Hakan Fidan telefonla danışıblar. Bununla yanaşı, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla görüşərək fikir mübadiləsi aparıb.

Maraqlıdır, dövlət başçıları və rəsmi şəxslər mətbuata açıqlanmayan hansı məsələləri müzakirə ediblər? İki qardaş ölkəni regionun gələcəyi ilə bağlı hansı məqamlar narahat edir? Bu müzakirələrin nəticəsi olaraq hansı addımların atılacağı gözlənilir?

Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Medianews.az-a açıqlamasında bildirib ki, Azərbaycan və Türkiyə dövlət başçıları, eyni zamanda digər rəsmi şəxslər regionla bağlı çox ciddi məsələləri müzakirə ediblər.

Partiya sədrinin sözlərinə görə, ölkələr arasında enerji, nəqliyyat, iqtisadiyyat, müdafiə, hərbi sənaye və digər sahələrdə əməkdaşlıq əlaqələri daim müzakirə olunur, inkişaf etdirilir: “Bakı-Qars dəmiryolu layihəsinin imkanlarının genişləndirilməsi, “Orta dəhliz”in həyata keçirilməsi kimi məsələlər dövlət başçılarının gündəmində olub. Bundan başqa, Türk Dövlətləri Təşkilatının genişlənməsini, əlaqələrin möhkəmlənməsini də prezidentlər müzakirə ediblər. Heç kimə sirr deyil ki, Azərbaycan və Türkiyə bu təşkilatın əsas aparıcı ölkələridir. Bütün proseslər bu iki ölkənin iştirakı ilə həyata keçirilir. Nəzərdə tutulub ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin rəhbərlərinin Şuşada qeyri-rəsmi zirvə görüşü keçirilsin. Həmin zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirakı nəzərdə tutulub. Paralel olaraq, Azərbaycan paytaxtında keçiriləcək COM29 tədbirinə Türkiyə Prezidenti şəxsən dəvət olunub. Görüşdə bu dəvət ona bir daha çatdırılıb. Türkiyə Prezidenti Bakıda keçiriləcək beynəlxalq tədbirdə iştirak edəcəyini bildirib. Bütün bunlar Azərbaycan Prezidentinin Türkiyə səfəri ilə əlaqədar ictimaiyyətə çatdırılan rəsmi məlumatdır”.

BAP sədri E.Musayev dünyada və bölgədə ciddi proseslərin baş verdiyini diqqətə çatdırıb: “Cənubi Qafqazın iki dövlətində kövrək sabitlik var. Gürcüstan və Ermənistanda hökumət əleyhinə davamlı aksiyalar keçirilir, hüquq-mühafizə orqanı əməkdaşları ilə etirazçılar arasında münaqişələr yaşanır, həbs olunanlar var. Bölgəyə kənar aktorların ciddi marağı var. Rusiya-Ukrayna müharibəsi fonunda Kremlin Cənubi Qafqazda zəifləməsindən istifadə edən qüvvələr, onun bölgədəki yerini tutmağa çalışırlar. Təbii ki, Türkiyə və Azərbaycanın da bölgə dövlətləri kimi öz maraqları var. Hiss olunur ki, bölgədə Türkiyə-Azərbaycan tandeminin istəyi ilə hamı hesablaşmaq məcburiyyətindədir. Sözsüz ki, bu kimi məsələlər Azərbaycan və Türkiyə prezidentlərinin Ankara görüşündə müzakirə olunub. Mətbuata açıqlanmasa belə, böyük ehtimalla liderlər “Orta dəhliz”in açılmasını, Zəngəzur dəhlizinin açılmasını da müzakirə ediblər. Bu istiqamətdə atılacaq addımlar, görülən işlər barədə fikir mübadiləsi aparıblar. Şübhə yoxdur ki, həm bu istiqamətdə, həm də bir sıra beynəlxalq məsələlərlə bağlı Bakı Ankara ilə uzlaşdırılmış addımlar atacaq. Əslində, burada qeyri-adi nə isə yoxdur. Azərbaycan və Türkiyə strateji müttəfiq kimi davranır, qardaş kimi kürəklərini bir-birilərinə söykəyərək, regional və beynəlxalq məsələlərdə vahid mövqedən çıxış edirlər. Bu siyasət gələcəkdə də davam etdiriləcək. Belə siyasi kurs bizim mövqeyimizi gücləndirir. Hüsab edirəm ki, Azərbaycan-Ermənistan münasibətləri, sülh sazişinin əldə olunması kimi proseslərdə də maksimalist, praqmatik mövqedən çıxış etməliyik. Hələ də işğal altında saxlanılan torpaqlarımız azad olunmalı, Zəngəzur dəhlizi açılmalıdır. Bu kimi məsələlərin həyata keçməsində qardaş Türkiyənin Azərbaycana böyük dəstəyi var və biz bunu yüksək qiymətləndiririk”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR