İnsanlara hürriyət, millətlərə istiqlal!

Qafana konsul təyin edən İran: Ermənistanın qeydinə qalmaq və ya yeni məqsədlər...

2161 12.08.2022 15:06 Siyasət A A

İran Ermənistanın Qafan şəhərinə konsul təyin edib. Bunu İran parlamentinin erməni əsilli deputatı Robert Beqlaryan deyib. Onun sözlərinə görə, konsul artıq İrəvandadır və bir sıra görüşlər keçirib.

Durum heç kimi təəccübləndirmədi. Çünki İrandan bu kimi davranışları tarix boyu dəfələrlə görmüşük.

30 il Azərbaycan torpaqları işğal altında olanda sərhəd toxunulmazlığını "qırmızı xətt" adlandırmayan İran indi bəyan edir ki, sərhədlərin dəyişdirilməsi onun üçün "qırmızı xətdir".

30 il ərzində Azərbaycanın haqq işində yanında olmayan İran 44 günlük Vətən savaşında açıq olmasa da, Ermənistana gizli dəstəklər verdi və bu barədə mətbuatda çoxsaylı materiallara rast gəlmək mümkündür.

İranın Ermənistana dəstəkləri ilə bağlı tarixdə də xeyli faktlar var və bütün bunlar kimsənin subyektiv fikri deyil, bir həqiqətdir.

119080011_3601310116592774_7337701164091659632_n.jpg (44 KB)

Politoloq Xəyal Bəşirov da Musavat.com-a açıqlamasında bildirib ki, bu, bir daha İranda Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsinə qıcıqlanan qüvvələrin olmasından xəbər verir:

“30 il ərzindəki işğal dövrü ərzində Ermənistana rəhbərlik edən şəxslər 67 məsciddən 65-ni darmadağın edib, qalanlarında isə donuz saxlayıb, murdarlayıblar. Bu, təkcə Azərbaycana qarşı deyil, bütün İslam dünyasına qarşı bir təhqirdir. Hətta ermənilər qəbir daşlarına belə təhqiramiz hərəkətlər edib. Lakin bütün bunların fonunda İranı biz susqun görmüşük. Ermənistanın bu hərəkətlərinə qarşı cavabını görməmişik. Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi həm də 30 il ərzində ermənilərin İslama qarşı təhqirlərinə son qoydu. Dini amilləri kənara qoysaq, Azərbaycan iqtisadi və siyasi baxımdan da regionda yeni bir reallıq formalaşdırıb. Bu, təkcə Azərbaycan xalqının deyil, bütün region xalqlarının və regiona qonşu olan, 3+3 formatında yer alan İranın özünün də maraqlarına xidmət edir. Prezident İlham Əliyev işğaldan azad edilən ərazilərə səfəri zamanı Xudafərin körpüsünə işarə edərək, bunu “dostluq körpüsü” adlandırdı. Bu, Azərbaycanın ali şəxsinin ortaya qoyduğu bir mövqe idi. Bu gün isə İran Qafanda konsulluq açır. Həmin ərazidə konsulluğun açılması üçün əslində, heç bir zərurət yoxdur”.

Politoloq qeyd edib ki, İranda bəzi rəsmi şəxslər Azərbaycanın İsraillə, Qərb ölkələri ilə münasibətlərindən danışaraq bunu müstəqilliklərinə qarşı təhdid hesab edirlər:

“Lakin bu, tamamilə absurddur və heç bir əsası yoxdur. Reallıqdan kənar iddialar irəli sürürlər. Azərbaycan bütün təşkilat və dövlətlərlə bərabər tərəfdaşlıq formatında əməkdaşlıq edir və qarşı tərəfdən də eyni münasibəti tələb edir. Xüsusilə də qonşu dövlətlərlə daha ciddi yanaşma tərzi ortaya qoyur. Bu, İranla bağlı da eyni cürdür. İranın Ermənistandakı keçmiş səfiri belə bir fikir paylaşmışdı ki, guya Türkiyə Azərbaycan-İran sərhədinə terrorçuları toplayır və bunu gələcəkdə İrana qarşı istifadə edəcək. Əslində, bu, tamamilə əsassız iddiadır. Diqqət etsək görərik ki, son illiklər ərzində terrorçularla mübarizədə Türkiyə hər zaman öndə gəlib. Terrorçularla mübarizədə də ən çox qurban verən məhz Türkiyədir. Ona görə də Türkiyənin bu gün belə bir addım atması qeyri-realdır. Eyni zamanda Azərbaycan da terrorçularla aktiv mübarizədədir və bunu bütün təşkilatlar da təsdiq edir. Hər bir halda biz regionda sülhün, təhlükəsizliyin, sabitliyin, gələcəkdə dayanıqlı inkişafın təminatı prosesinə mənfi təsir göstərə biləcək istənilən məsələdə prinsipial və qətiyyətli mövqeyimizi ortaya qoymağa hazırıq. Zəngəzur dəhlizinin reallaşdırılmasından danışırıq. Bu, təkcə Azərbaycan xalqının maraqlarına deyil, regionun bütün xalqlarının, qonşu dövlətlərin və uzun illər ərzində yürütdüyü siyasətlə özünü iqtisadi blokadaya salan Ermənistanın özünün də maraqlarına xidmət edəcək. Bu böyüklükdə layihəni ermənilərin hansısa cılız maraqları ilə kölgə altına almaq mümkün olmayacaq”.

Əli Rais,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR