İnsanlara hürriyət, millətlərə istiqlal!

“Putinin qələbəsinə imkan verilməyəcək...” - ABŞ hərəkətə keçir

2648 05.12.2023 08:37 Siyasət A A

Kremlə elə gəlir ki, Qərbin başı Yaxın Şərqə qarışacaq və Ukrayna onun alçaldıcı şərtlərini qəbul etməli olacaq, lakin Pentaqon rəhbəri “imkan verməyəcəyik” mesajını ötürdü  

İsrail - HƏMAS savaşı Rusiyada bir məmnunluq yaradıb. Moskva bunu heç gizlətmir də. Kreml inanır ki, ABŞ-ın İsrailə hərbi dəstəyi onun Ukraynaya diqqətini və hərbi yardımlarını mütləq azaldacaq və enində-sonunda Kiyev Moskvanın alçaldıcı şərtlərini qəbul etməli olacaq. Ancaq nədənsə Kremldə məsələnin bu tərəfini düşünmək istəmirlər ki, bu Rusiya-Ukrayna yox, Rusiya-Qərb (ABŞ) savaşıdır.

Qərb (ABŞ) sırf məğlubiyyət variantını yaxına buraxmaz. Əks halda, onun dünyadakı imici darmadağın olar, Amerikaya inanan, etibar edən qalmaz. “Ukrayna ilə bağlı pis xəbərlərə hazır olmaq lazımdır”. Bunu NATO Baş katibi Yens Stoltenberq deyib. “Müharibələr mərhələlərlə inkişaf edir. Amma biz pis gündə də Ukraynanı dəstəkləməliyik. Sursat istehsalının artırılması həlledici əhəmiyyət daşıyır”, - Stoltenberq qeyd edib. Öz növbəsində Pentaqon rəhbəri Lloyd Ostin isə Kaliforniyada Reyqan Milli Müdafiə Forumunda çıxışı zamanı bildirib ki, ABŞ Ukrayna ilə müharibədə Rusiyanın, İsraillə münaqişədə isə HƏMAS-ın qalib gəlməsinə imkan verməyəcək.

“Biz HƏMAS və ya Putinin qalib gəlməsinə imkan verməyəcəyik. Düşmənlərimizin bizi parçalamasına, zəiflətməsinə imkan verməyəcəyik. Buna görə də İsrailə dəstəyimizi artırsaq da, diqqətimizi Ukraynaya yönəltmişik”, - Ostin əlavə edib. Onun sözləri ABŞ Müdafiə Nazirliyinin saytında yer alıb. Pentaqon rəhbəri həmçinin deyib ki, Birləşmiş Ştatlar eyni anda hərbi əməliyyatların “birdən çox teatrına” yardım göndərmək imkanını saxlayır. Çünki onun fikrincə, Birləşmiş Ştatlar dünyanın eyni vaxtda bir neçə vəzifəni yerinə yetirə bilən ən qüdrətli dövlətidir.

“Ukraynanın son altı aydakı əsas uğuru Qara dənizdəki qələbəsidir”. Yel Universitetinin professoru Timoti Snayder deyib. “Ukrayna ordusunun son altı ayda əldə etdiyi ən böyük nailiyyət - Qara dənizdə hərbi qələbəsi faktiki olaraq diqqətdən kənarda qalır. Bəzi jurnalistlər bunu işıqlandırdı, amma ümumilikdə insanların əksəriyyəti bunun yanından keçdi. Bunda əhəmiyyətli bir şey var. Bu, dəniz qələbəsidir”, - Snayder bildirib. Snayderin sözlərinə görə, ukraynalılar hər kəsi təəccübləndirərək Rusiyanın Qara dəniz donanmasının qarşısını ala bildilər və taxıl ticarəti üçün dəhliz açdılar. Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak isə etiraf edib ki, ölkədə hazırkı hakimiyyətin yeritdiyi siyasətlə bağlı qıcıqlanma artır. Onun sözlərinə görə, ukraynalıların narazılığı Ukrayna Silahlı Qüvvələrinin cəbhə xəttindəki uğursuzluqları, eləcə də dövlət məmurları arasında artan korrupsiya ilə bağlıdır.

ABŞ prezidenti Co Bayden administrasiyası Konqresdən Ukraynaya yardım üçün əlavə vəsaitə ciddi ehtiyac duyur. Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABC telekanalına müsahibəsində belə bildirib. O qeyd edib ki, İsrail və ABŞ-ın öz təhlükəsizliyi üçün də maliyyə lazımdır. “Deyim ki, bizim təklif etdiyimiz əlavə maliyyə sorğusuna Ukrayna üçün pul daxildir və bu da bizə çox lazımdır. Orada həmçinin İsrail və sərhədlərimizin təhlükəsizliyi üçün vəsait nəzərdə tutulur”, - Kirbi bildirib.

Ümumiyyətlə, ABŞ başda olmaqla Qərb dünyası Rusiyanın bu müharibədə qalib gələcəyinə imkan verməyəcəklərini dəfələrlə bəyan ediblər. Ancaq onların Ukraynaya göstərdikləri hərbi yardımların intensivliyinə və həcminə diqqət etdikdə sözlərilə əməlləri arasında ciddi fərq əyani şəkildə görünür. Hələ indiyədək Ukrayna ordusu lazımi sayda uzunmənzilli raketlərlə, hava hücumundan müdafiə sistemləri, artilleriya qurğuları və mərmilərlə təchiz edilməyib. Digər tərəfdən, Ukraynaya “F-16" qırıcı təyyarələrinin nə zaman və hansı miqdarda verilməsi barəsində müzakirələr davam etsə də, bu istiqamətdə əhəmiyyətli irəliləyiş yoxdur. Hələlik ilk baxışdan belə təsəvvür yarana bilər ki, Qərbin Ukraynaya göstərdiyi zəif dəstək Rusiyanın döyüş mövqeyini gücləndirib. Lakin müharibə uzanacağı təqdirdə vəziyyət dəfələrlə dəyişə bilər. Artıq bir neçə aydır ki, Qərb KİV-ləri öz hökumətlərinin Ukrayna ilə bağlı strategiyasını sərt tənqid edir, onları daha qətiyyətli davranmağa çağırırlar. Bu yaxınlarda Böyük Britaniyanın nüfuzlu "The Economist" nəşrinin “Görünür, Putin ən azı hələlik Ukraynada qalib gəlir” başlıqlı məqaləsində ABŞ və Avropa fəaliyyətsizlikdə qınanırlar. Nəşr yazır ki, Putinin müharibədə qələbəsinin mümkün olmasının göstəricilərindən biri hazırda Ukraynanın işğalçı qoşunları heç cür öz ərazilərindən çıxara bilməməsidir: “Ukraynanın əks-hücumu dayanıb. Avdeyevka uğrunda gedən döyüşlərdə Rusiya hər gün 900-dən çox insan itirir və bu cür "müdafiə müharibəsi" uzun illər çəkə bilər. Qərb Putini məyus etmək üçün daha çox şey edə bilərdi. Əgər o, qəti qərarını versəydi, Rusiyanı kölgədə qoyan sənaye və maliyyə resurslarını işə sala bilərdi. Bununla belə, xüsusilə də Avropada fatalizm, özündənrazılıq və strateji baxışın olmaması buna mane olur. Odur ki, Qərb həm öz xeyri üçün, həm də Ukrayna naminə təcili olaraq süstlükdən qurtulmalıdır, yuxudan ayılmalıdır".

Bakupost.az - Üzeyir Cəfərov polkovnik kimi hərbi xidmətə qayıtdı

Üzeyir Cəfərov

Polkovnik Üzeyir Cəfərovun “Yeni Müsavat”a bildirdiyinə görə, Ukraynaya təkcə ABŞ-ın kömək etdiyini düşünmək olmaz. Onun fikrincə, Ramşteyn formatında iştirak edən digər güclü dövlətlər də bilirlər ki, Rusiyaya imkan verilsə, Putin işğal üçün yeni addımlar atacaq, daha böyük ərazilərə hücum planlaşdıracaq: “Ona görə də Rusiyanın qələbəsindən söhbət getmir, sadəcə, tutduğu əraziləri qorumağa çalışır. Amma Ukrayna gücünü Krıma səfərbər edəcək. Luqansk və Donetsk məsələləri yaz aylarına qalacaq. NATO tək Amerikadan ibarət deyil ki?! Alyans Kiyevə vəd verib ki, onu sona qədər müdafiə edəcəklər”. Hərbi ekspertə görə, Qərbdən gələn bu sayaq bəyanatlar Moskvanı qaza gətirmək məqsədi güdür: “Rusiya artıq ordusunda şəxsi heyətin sayını artırıb, onun bir hissəsi Finlandiya sərhədinə göndəriləcək, yerdə qalanı müharibəyə cəlb olunacaq. Yəni Rusiya dövləti daha 50 min adamı qırğına göndərəcək. Çünki iki ilə yaxın müddətdə döyüşlərdə xeyli sayda peşəkar hərbçi həlak olub, Rusiyanın peşəkar qüvvəsi də qalmayıb. Hansı qələbəni qazana bilər? NATO və ABŞ da anlayır ki, nəyin bahasına olursa-olsun, bu keçid dövründən Moskvanın bəhrələnməsinə imkan verilməsin. Sadəcə, Qərbdə seçki dövrünə az qalıb. ABŞ və Avropa Birliyi üçün mühüm bir 2024 gəlir, bu da Ukraynada gedən müharibəyə ayrılan yardımlarla bağlı fərqli fikirlərin səslənməsinə səbəb olur. Ona görə Rusiyanın bu keçid dönəmində epizodik və lokal taktiki uğur ola bilər, amma strateji nailiyyət mümkün deyil”. 

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR