İnsanlara hürriyət, millətlərə istiqlal!

Putindən qaçan məşhur şoumen Bakıda konsert verəcək

1146 20.01.2023 09:10 Mədəniyyət A A

Putinin “xarici agent” elan etdiyi məşhur rusiyalı yumorist şoumen Maksim Qalkin Bakıya gəlir. Belə ki, fevralın 21-də Bakı Konqres Mərkəzində sənətçinin 2 saatlıq konserti keçiriləcək. Konsertin bilet qiyməti isə 40-350 manat arasında dəyişir. Artiq bilet satışı keçirən saytda 40 manatlıq biletlər bitib.

Rusiyalı sənətçinin bu gəlişi müəyyən müzakirələrə səbəb olub. Putinin agent elan etdiyi sənətçinin Bakıdakı konsertinin Rusiya-Azərbaycan münasibətlərinə təsir edəcəyi haqda fikirlər səsləndirilir.

Xatırladaq ki, 2022-ci ilin sentyabrında Rusiya Ədliyyə Nazirliyi 46 yaşlı Maksim Qalkini “xarici agent” kimi siyahıya daxil edib. Nazirlik iddia edib ki, aktyor siyasi fəaliyyətlə məşğul olur və bunun üçün Ukraynadan pul alıb. Aktyorun 73 yaşlı həyat yoldaşı,  SSRİ xalq artisti Alla Puqaçova bu qərardan sonra onun da adının “xarici agentlər” siyahısına daxil edilməsini xahiş edən status yazmışdı.

Qeyd edək ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisində müharibə başladıqdan sonra Maksim Qalkin dəfələrlə Ukraynanın dinc şəhərlərinin məhz Kremlin göstərişi ilə bombalandığını bəyan etmişdi. Bundan sonra təqiblərə məruz qalan Qalkin həyat yoldaşı Alla Puqaçova və uşaqları ilə birgə ölkədən qaçaraq, İsrailə getmişdi. Lakin bir qədər sonra Ala Puqaçova və uşaqları Moskvaya geri qayıtdı. Bununla belə, Puqaçova bir müddət sonra yenidən ölkəni tərk etdi.

Qalkin isə hər fürsətdə Rusiyanı tənqid edən fikirlər səsləndirir. Sonuncu dəfə bu ilin yanvarın 5-də Dubayda keçirdiyi konsert zamanı səhnədən ukraynayönlü şüar səsləndirib.

Qalkinin İsrailə köçməsi, oradan vətəndaşlıq alması haqda iddialar təbii ki, səbəbsiz deyil. Belə ki, Qalkin yəhudi kökənlidir. Onun anası yəhudi, atası rusdur. Putinin “agent” elan etdiyi ulduzun Bakıya gəlişi ölkələr arasında kı münasibətə təsir edə bilərmi?

Qeyd edək ki, Qalkin dəfələrlə Azərbaycanda olub, Heydər Əliyev Sarayında konsert verib, “Jara” festivalında aparıcı kimi çıxış edib.

Yeganə Hacıyeva: "Qarşıdakı 3 il ərzində nəzarətimizdə olmayan..."

Yeganə Hacıyeva: “Bunun Rusiya-Azərbaycan münasibətlərinə təsir edəcəyini iddia etmək...”

Politoloq Yeganə Hacıyeva deyir ki, Rusiyada Maksim Qalkinə qarşı münasibət birmənalı deyil: "Siyasət hakimiyyət onu "agent" və ya “xalq düşməni” elan etsə də, faktiki olaraq cəmiyyətdə  o, legitimdir.  Rusiya hakimiyyətinin Qalkinə münasibəti pis olsa da, xalqın ona münasibəti pozitiv, müsbətdir. Hesab etmirəm ki, Azərbaycan hökuməti hansısa şou-biznes layihəsinə diktə etmək fikrində olsun. Ona qalsa, Bakının düşmənlərinin hamısı Rusiyanın dövlət kanallarının ekranlarından düşmür. Onda bəs necə olsun? Fikrimcə, Qalkinin Bakıda konsert verməsinin Rusiya-Azərbaycan münasibətlərinə təsir edəcəyini düşünmək doğru deyil. Əlbəttə ki, Alla Puqaçova və Qalkini xalq düşməni elan edən ermənilər bu məsələni qabardacaq və bunun da əhəmiyyəti, önəmi yoxdur. Bildiyiniz kimi, erməni Marqo və onun həyat yoldaşı  Rusiya düşüncə tərzini ifadə edən, onun 10 illiklərə dayanan formalaşmasında iştirak edən bir sənətkar, SSRİ xalq artisti Alla Puqaçova və əri Maksim Qalkinə qarşı daim təhqirlər işlədir.  Bu, ermənilərin qəlbində Rusiya sənətinə, sənətkarına qarşı olan bir nifrətin ifadəsidir. Yəni bunun başqa adı yoxdur. Dövlət olaraq Rusiyadan asılıdırlar deyə hansısa formada bu mövqelərini gizlətməyə çalışırlar, lakin ilk imkandaca bu nifrət üzə çıxır.

Bir daha qeyd etmək istərdim ki, Maksim Qalkinin Bakıya gəlişinin Rusiya-Azərbaycan münasibətlərinə hər hansı  təsir edəcəyini ciddi iddia deyil. Çünki Rusiya televiziyaları faktiki olaraq daim Azərbaycana nifrət edən, ona düşmən edən, azərbaycanlılara qarşı cinayət törədən şəxsləri efirlərə çıxarır".

Aqil Abbas HİDDƏTLƏNDİ: ““Qarabağ” oyunu almışdı” deyənlərin qanında erməni  qanı var”

Aqil Abbas: “Bilet tapsam, onun konsertinə getmək istəyərdim”

Əməkdar incəsənət xadimi, kinorejissor Ayaz Salayev isə mövzuya bu cür mövqe bildirdi: “Maksim Qalkin Bakıya xoş gəlir, səfa gətirir. Mənim ona hörmətim birə min artıb. O ki qaldı onun gəlişinin ölkələr arasındakı münasibətə təsir etməsi, məlum məsələdir ki, bizim ölkəmiz Ukraynanı dəstəkləyir. Hətta Prezidentimiz müsahibələrinin birində demişdi ki, "Zelenskinin yerinə olsam bir qarış torpağımı vermərəm". Bilet çox baha olmasa, şəxsən mən özüm də o konsertə getmək istəyərdim".

Millət vəkili Aqil Abbas da Qalkinin konsertində iştirak etmək arzusunda olduğunu bildirdi:  “Əgər bilet tapsam, mən də onun konsertinə getmək istəyərdim. Çünki o, çox maraqlı və ağıllı adamdır. Onun həmişə izləmişəm və çox böyük  məmnuniyyətlə konsertində iştirak edərdim.

Hər hansı bir aktyorun, artistin  hansısa ölkəyə gəlişi niyə ölkələr arasında münasibətə təsir etməlidir ki? Yəni bizim Rusiya ilə münasibətlərimiz o qədər incədir ki, bir Qalkinin gəlişi ilə bu münasibətlər pozula, qırıla bilər? Rusiya və Azərbaycan arasında çox güclü əlaqələr, bağlanmış müqavilələr  var. Əgər bir Qalkinin gəlişi ilə bunlar dağılacaqsa, deməli, Rusiya öz imzasına  etibar etmir".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR