İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Türkiyədə qaz habının yaradılması planından danışdı: “Gündəmdədir...”

1030 02.08.2023 09:03 İqtisadiyyat A A

Bu qaz habı üçün yeganə təhlükə qiymətlərin kəskin azalması ola bilər...

Ötən həftə Afrikanın kasıb ölkələrinin nümayəndələrini Peterburqa toplayan prezident Vladimir Putin keçirilən forumdan sonrakı mətbuat konfransında Türkiyədə qaz habının yaradılması ilə bağlı sualı cavablandırıb. Bildirib ki, bu habın yaradılması gündəlikdə qalmaqda davam edir.

Putinin sözlərinə görə, qaz habı layihəsi Rusiya qazının Türkiyədə saxlanmasını deyil, yaradılacaq elektron ticarət meydançasından satışını nəzərdə tutur: “Türkiyə Avropa üçün tranzit ölkəyə çevrilib. Buna görə də orada qazın satışı üçün elektron hərrac platformasının  yaradılması hamı üçün əlverişli olacaq”.

Xatırladaq ki, Türkiyədə qaz habının yaradılması təklifi ilə ilk dəfə ötən ilin oktyabrında Putinin özü çıxış edib. Ukraynaya hücumdan sonra Avropanın Rusiya qazından imtinası Moskvanın öz məhsulunu satmaq üçün başqa variantlar tapmağa çalışmasına səbəb olub. Putinin təklifini Türkiyə Prezidenti müsbət qarşılayıb və dərhal işlərə başlanıb.

Bu ilin aprelində Türkiyə parlamenti beynəlxalq qaz ticarəti mərkəzinin, qaz qovşağının fəaliyyəti üçün zəruri olan qanunvericiliyə dəyişiklik prosesinə başlayıb. Bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz “CNN Türk” telekanalına müsahibəsində deyib: “Qaz qovşağı kontekstində ilk qanunvericilik qərarları parlamentdən keçib. Bu qərarlar sayəsində ”Botaş" (Türkiyə neft-qaz şirkəti - red.) və digər şirkətlər daha sürətli və asan işləyə biləcəklər. Qaz ticarəti mərkəzinin açılması ilə qiymətlər də aşağı düşəcək ki, bu da Avropa üçün vacibdir. Türkiyə qazın istinad qiymətini müəyyən edən bazarlardan birinə çevriləcək".

Türkiyə Böyük Millət Məclisinin qanunvericiliyə etdiyi dəyişikliklə BOTAŞ-ın əsasnaməsində yeniliklər olunub. Şirkətin işi prezident sərəncamları ilə tənzimlənəcək, onun yeni qurumları yaradılacaq. Bundan əlavə, Türkiyədə özəl şirkətlərə də qaz idxal etmək icazəsi verilir. Lakin bu icazə maye qaz - LNG və spot boru qazına aid deyil.

Türkiyəli nazir qaz mərkəzinin bu ilin sonunadək işə salınacağını bildirib: “Şərqi və Cənub-Şərqi Avropada qaz ticarəti mərkəzi yoxdur. Bizim təmasda olduğumuz region ölkələri qaz mərkəzi layihəsini dəstəkləyirlər. Ümid edirəm ki, biz bir il ərzində mərkəzin fəaliyyətinə başlaya biləcəyik”.

Rusiyalı ekspertlərin hesablamalarına əsasən, 2027-ci ilədək Türkiyədəki qaz habından Avropaya ildə 35,75 milyard kubmetr mavi yanacaq ötürmək mümkün olacaq. Hazırda Türkiyəyə Qara dənizin dibindən “Türk axını” xəttinin iki borusu ilə 31,5 milyard kubmetr, “Mavi axın” xətti ilə 16 milyard kubmetr - cəmi 47,1 milyard kubmetr Rusiya qazının ötürülməsi imkanı var. 2022-ci ildə bu həcmin yalnız 33,2 milyard kubmetri reallaşıb. Əgər Türkiyə və Avropa ölkələrindən tələbat artarsa, ildə Rusiya bu xətlərlə Türkiyəyə əlavə olaraq 12,9 milyard kubmetr qaz ötürə bilər.

Türkiyənin hazırda Tengiz-Ankara boru xətti ilə İrandan ildə 10 milyard kubmetr qaz almaq imkanı var.

Europe mulls turning down the heat in homes to hit Putin's bloody war | CNN  Business

Azərbaycandan Cənub Qaz Dəhlizi ilə ildə 25 milyard kubmetr qaz daxil ola bilər.

Beləliklə, hazırda Türkiyənin 3 ölkədən qaz cəlb etmək potensialı illik 82,5 milyard kubmetrdir. 2022-ci ildə ölkənin özünün boru qazı istehlakının 39,7 milyard kubmetr olduğunu nəzərə alsaq, Türkiyənin formalaşdırılmaqda olan qaz habı ilə Avropaya ildə 42,8 milyard kubmetr qaz ötürmək imkanı ola bilər. Cənub Qaz Dəhlizinə daxil olan TANAP-ın genişləndirilməsi və digər planlar reallaşarsa, bu həcmi 75 milyard kubmetrə çatdırmaq mümkündür.

Türkiyədən Avropaya qaz ötürən iki xətt var: “Türk axını”nın Balkana uzanan hissəsi ilə ildə 15,6 milyard kubmetr(2022-ci ildə 11,6 milyard kubmetr ötürülüb -red.), Cənub Qaz Dəhlizinin Avropa komponenti olan TAP-la isə ildə 12 milyard kubmetr qaz ötürmək imkanı var. Azərbaycan 2027-ci ilədək TAP-ın genişləndirilməsi planını icra edərsə, ötürücülük gücü ildə 20 milyard kubmetrə çatacaq. Beləliklə, 2027-ci ildə Türkiyə qaz habından Avropaya 35,75 milyard kubmetr qaz ötürmək imkanında olacaq.

Rusiya ekspertləri bildirirlər ki, Azərbaycan qazının ixrac qiymətini bp başda olmaqla xarici şirkətlər konsorsiumu müəyyən etdiyinə görə, Türkiyə yalnız Rusiyadan aldığı qazı özünə sərf edən qiymətə əldə etmək və satmaq imkanında olacaq. Lakin  rusiyalı ekspertlərin Türkiyəni bu məsələdə tamamilə Rusiyadan asılı tərəf kimi təqdim etmələrinə baxmayaraq, Ankaranın imkanları yalnız bu ölkəylə bağlı deyil. Əvvəla, TANAP-ın ötürücülük gücünün ikiqat artırılması Türkiyəyə Azərbaycandan daha çox qaz almaq imkanı yaradacaq. Özü də bu qaz yalnız xarici konsorsiumların qazı olmayacaq. Belə ki, Azərbaycanın “Şahdəniz”dən əlavə də qaz yataqları var. Onlardan biri olan “Abşeron” yatağından ilk qazın hasilatına iyul ayında başlanıb. Bu yataqdan çıxarılan illik 1,5 milyard kubmetr qaz daxili tələbatın ödənməsinə yönəldilir, nəticədə Azərbaycan həmin həcmdə qazı ixrac etmək imkanı əldə edir. Bundan əlavə, “Ümid” yatağından hasilat getdikcə artırılır. 2026-cı ilin sonunadək Azərbaycanda 1,8 QVt gücündə külək və günəş enerjisi istehsalı imkanı yaradılacaq. Bu isə 1 milyard kubmetr qazın elektrik enerjisi istehsalından ixraca yönəldilməsi potensialı deməkdir.

Azərbaycan həmçinin “Azəri-Çıraq-Günəşli” yatağının dərin qatlarından, “Babək” strukturundan da qaz hasilatını təmin edəcək.

Türkiyənin daha bir imkanı ölkənin özündə qaz hasilatına başlanması ilə yaranıb. Hələlik gündəlik 10 milyon kubmetr olan hasilatın sürətlə artırılması nəzərdə tutulur. Digər tərəfdən, Akkuyu Atom Elektrik Stansiyasından əldə edilən elektrik enerjisinin həcmi artdıqca, ölkənin daha çox qazı enerji istehsalından qaz habı vasitəsilə ixraca yönəltmək imkanı yaranacaq.

Türkiyənin maye qaz terminallarının gücü imkan verəcək ki, daha çox maye qaz alaraq onu adi qaza çevirib Avropaya ötürsün. Avropanın Türkiyədən qaz alan cənubunda maye qaz terminalları yox dərəcəsindədir. Bu infrastrukturun qurulması illərlə vaxt və milyardlarla dollar investisiya qoyuluşu tələb edir. Cənubi Avropa ölkələrinin belə imkanları olmadığına görə onlar boru qazına möhtac durumdadırlar.

Rusiya Prezidenti Türkiyədə qaz habının yaradılması mövzusunun gündəmdə  qaldığını bildirib

Beləliklə, aydın olur ki, Türkiyədəki qaz habı yalnız Rusiya qazından asılı olmayacaq. Bu qaz habı layihəsi üçün yeganə təhlükə qiymətlərin kəskin azalması ola bilər. Lakin yaxın və ortamüddətli perspektivdə bunun baş verəcəyi real görünmür. Rusiyanın şantajından qurtulmaq üçün Avropa qaz istehlakını kəskin azaltmalı olub. Xüsusilə sənayedə qazdan istifadənin azaldılması iqtisadiyyat üçün problemlər yaradır. Bu baxımdan təklif imkanları genişləndikcə, istehlakın da artacağı şəksizdir.

Türkiyə yaxın illərdə İsrail qazının da Avropaya öz ərazisindən nəqlinə nail olmağı hədəfləyir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hesab edir ki, Şərqi Aralıq dənizi hövzəsindən çıxarılan qazın öz ölkəsinin ərazisindən Avropaya nəqlini nəzərdə tutan layihənin perspektivi kifayət qədər yüksəkdir. Ərdoğan Ankaraya rəsmi səfərə gəlməsi gözlənilən İsrail baş naziri Benyamin Netanyahu ilə bu layihəni müzakirə edəcəyini bildirib: “Şərqi Aralıq dənizindən qazın Türkiyə ərazisi ilə Avropaya çatdırılması layihəsi ən sağlam layihədir. Əks halda qazın Avropaya nəqli çox baha başa gələcək. Əgər Türkiyə ərazisi ilə nəql olunarsa, Türkiyə bundan səmərə əldə edəcək. Özü də səmərə həm istehlak, həm də nəql baxımından əldə olunacaq. Hazırda biz Netanyahu ilə ilkin təmaslar qururuq. Ümid edirəm ki, bu hadisə Türkiyə ilə İsrail arasında daha isti münasibətlərin başlanğıcı olacaq”.

Qeyd edək ki, Şərqi Aralıq dənizindən hasil olunacaq qazın Türkiyə üzərindən Avropaya nəqli ən əlverişli variant hesab olunur. Bu layihə ilə bağlı ilk danışıqlar 2015-ci ildən başlanıb.  2016-cı ildə iki ölkə Aralıq dənizinin dibi ilə Türkiyəyə boru xəttinin çəkilməsi barədə razılığa gəlib, hətta layihələndirmə işlərini həyata keçirmək üçün işçi qrup da yaradılıb. Lakin sonradan münasibətlərdə radikal soyuqlaşma baş verdiyinə görə layihə kənara qoyuldu.

Şərqi Aralıq dənizi qazının Avropaya nəqli üçün 2020-ci ildən icrasına başlanmasına çalışılan “EastMed pipeline” layihəsi Türkiyənin etirazları üzündən dalana dirənmiş vəziyyətdədir. Layihə İsarilin “Leviafan” və Kiprin “Afrodita” yataqlarından qazın İtaliyaya qədər çatdırılmasını nəzərdə tutur. Uzunluğu 1900 kilometr olan qaz kəməri layihəsinin ümumi dəyəri 7 milyard dollar hesablanır. Lakin əksər analitik mərkəzlər bu məbləğin 9 milyard dollara qədər artacağını gözləyirlər.

2022-ci ildə İsrailin qaz hasilatı rekord həcmə - 21,9 milyard kubmetrə çatıb. Bu həcmin 12,7 milyard kubmetri 3 faizlik artım nümayiş etdirən daxili tələbatın ödənməsinə, 9,2 milyard kubmetri isə 29 faiz artım qeydə alınan ixraca yönəldilib. İsrailin 2022-ci ilin oktyabrında Aralıq dənizində yerləşən Kariş və Kana yataqları ilə bağlı Livanla razılığa gəlməsindən sonra ölkənin ixrac potensialı illik 45 milyard kubmetrə qədər artıb. Ölkə Misir və İordaniyaya da qaz satır, lakin bu həcmlər də ixrac potensialını tam reallaşdırmaq üçün yetərli deyil. İsrail qaz ixracını mümkün qədər artırmağa çalışır. Bu zaman əsas alıcı qismində, əlbəttə ki, Avropa İttifaqı çıxış edir. Avropa İttifaqı kimi əlverişli bazara səmərəli çıxış yolları arasında ən səmərəlisi isə məhz Türkiyə üzərindən çəkiləcək kəmər olar bilər. Bu qaz kəmərinin uzunluğu 500-550 kilometr, ötürücülük gücü 32 milyard kubmetr, dəyəri isə 1,5 milyard avro həcmində hesablanır. İlkin dəyəri 7 milyard dollar hesablanan “EastMed” 10 milyard kubmetrlik ötürücülük gücü ilə onunla rəqabət aparmaq imkanında deyil.

İsrail qazını Türkiyə üzərindən Avropaya daşınması layihəsinin rəsmi status alması, yəqin ki, Benyamin Netanyahunun Ankaraya rəsmi səfəri zamanı baş tutacaq. Bu layihə Türkiyənin regional qaz habına çevrilmək planlarına təkan verəcək.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR