İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Paşinyanın "qələm"ini qırıb: Kreml Ermənistanı da Rusiyanın düşdüyü "bataqlığa" çəkir

3830 01.05.2022 19:10 Analitika A A

Rusiyanın təlimatı ilə Ermənistanı qarışdırmağa çalışan revanşist Qarabağ klanı və onun liderlərinin - Köçəryan-Sarkisyan çütlüyünün əslində, böyük riskə getdikləri qətiyyən şübhə doğurmur; Həm Rusiyanın dəstəyindən, həm də Qərbin himayəsindən eyni vaxtda məhrum olmaq təhlükəsi reallaşarsa, Ermənistan dövlətçiliyi yeni savaşdan ümumiyyətlə, mövcudluğunu qoruyacaq nəticə ilə çıxa bilməz...

Ermənistan qarışır. Revanşist erməni müxalifəti Paşinyan hakimiyyətinə qarşı həlledici mübarizəyə başladığını elan edib. "Paşinyansız Ermənistan" şüarını isə əsas hədəfə çeviriblər. Və bu şüarı reallaşdırana qədər mübarizənin davam edəcəyini bildirirlər.

Təbii ki, olduqca maraqlı prosesdir. Hər halda, son vaxtlara qədər Paşinyan hakimiyyəti qarşısında siyasi güc göstərə bilməyən revanşist erməni müxalifəti indi daha mərkəzləşmiş qüvvə təsiri bağışlayır. Hətta kəskin ziddiyyətlər içərisində olan müxalif qüvvələrin belə, ümumi "Paşinyansız Ermənistan" şüarı altında birləşdiyi müşahidə olunur.

Onu da qeyd edək ki, Paşinyan hakimiyyətinə qarşı belə birləşmənin müəyyən səbəblərinin olduğu qətiyyən şübhə doğurmur. Əsas səbəb kimi isə məhz Rusiyanın "sehrli çubuğu"nun hərəkətə gəldiyini qeyd etmək olar. Və nəticədə Rusiyanın himayəsi altında olan revanşist erməni müxalifəti indi meydanlara axışır.

Çünki, Kreml Paşinyan hakimiyyətindən ciddi şəkildə narazıdır. Baş nazir Nikol Paşinyanın Ermənistanı Rusiyadan qoparıb, Qərbə doğru sürükləməsi Kremldə qəzəb doğurur. Üstəlik, erməni baş nazirlə indiyə qədər aparılmış danışıqların, əldə olunmuş anlaşmaların nəticələri Kreml üçün ümidverici olmayıb.

ermeniititing.JPG (66 KB)

Məsələ ondadır ki, erməni baş nazir adətən, Kremlə vəziyyətə uyğun vədlər versə də, sonradan ilk imkandaca anlaşmaları pozmaq vərdişlərinə sadiq qalır. Baş nazir Nikol Paşinyanın Rusiyaya son səfərindən sonra da Kreml heç nəyi dəyişmədi. Moskvaya "Erməni xalqını qurbanlıq qoyun statusundan çıxartmaq lazımdır" bəyanatı ilə gedən Ermənistan baş naziri Rusiya prezidenti Vladimir Putin ilə Kremldə görüşdükdən sonra Brüssel anlaşmalarına zidd açıqlamalar verdi. Ardınca isə Brüssel prosesinə yenidən geri döndü. Yəni, prezident Vladimir Putinin Kremldə erməni baş nazirə keçdiyi 4-5 saatlıq "təlim" nəticədən uzaq qaldı.

Məlum oldu ki, baş nazir Nikol Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesini davam etdirmək niyyətindədir. Hətta rəsmi İrəvan Azərbaycan ilə sülh sazişinin hazırlanması prosesində də Rusiyanın iştirakından yan keçməkdə israrlıdır. Yəni, erməni baş nazir Brüssel anlaşmalarını icra etməyə meylli görünür.

Son məlumatlara görə, mayın 2-də yenə də Brüsseldə Azərbaycan Prezidentinin köməkçisi Hikmet Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan arasında görüş keçiriləcək. Əgər, tərəflər arasında müzakirələr müsbət nəticələr verərsə, bunun ardınca Brüsselə iki ölkənin liderləri də yola düşəcəklər. Və bu, Rusiyasız ikitərəfli təmasların davam etməsi, Kremlin Cənubi Qafqazda oyundankənar vəziyyətə salınması anlamına gəlir.

Ona görə də, indi Kreml Ermənistanı Rusiyanın orbitində saxlaya bilmək üçün son variantı işə salmaq məcburiyyətində qalıb. Yalnız bu variant reallaşarsa, Paşinyan hakimiyyəti Rusiyaya bağlı revanşist erməni müxalifəti tərəfindən devrilərsə, Kreml müvəqqəti də olsa, Cənubi Qafqazda gedən proseslərdə iştirak şansını qoruya bilər. Və bu baxımdan, Ermənistanda keçirilən kütləvi etiraz aksiyalarının arxasından məhz Kremlin boylandığı qətiyyən şübhə doğurmur.

1ff119a5-34dc-4534-9b0c-76c8dc562dd1.jpg (98 KB)

Erməni revanşistlərin şüaları da elə Kremldən tezis şəklində göndərilmiş kimi görünür. "Paşinyan olmasa, anlaşmalar da olmaz", "Paşinyanın güzəşt mandatı yoxdur" və s. kimi şüarlar Cənubi Qafqazda hərbi-siyasi situasiyanın gərginləşdirmək niyyətlərindən xəbər verir. Və bu, Rusiyaya nə qədər sərfəlidirsə, Ermənistana da bir o qədər təhlükəlidir.

Məsələ ondadır ki, bu şüarlar Ermənistanın birmənalı şəkildə Rusiyanın oyuncağı statusunda qalmasını təmin edə bilər. ABŞ və Qərbin Ermənistana münasibətini isə fərqli məzmunla yükləyəcəyi isə qətiyyən şübhə doğurmur. Çünki Qərbə Rusiyanın for-postu statusundan uzaqlaşmış Ermənistan daha çox sərfəlidir.

Ən əsası isə ABŞ və Qərb Ukrayna savaşının davam etdiyi bir şəraitdə Cənubi Qafqazda Rusiyanın mənafelərinə cavab verə biləcək hərbi-siyasi gərginlikdə qətiyyən maraqlı deyil. ABŞ-ın dövlət katibi Entoni Blinken "Biz Azərbaycan və Ermənistan arasında münaqişənin bərpa edilməsinin qarşısını almaq üçün hər iki tərəf ilə danışıqlar aparırıq" deməklə, bunu təsdiqləyib. Və o, münaqişənin bərpa edilməyəcəyinə əmin olmaq üçün hər iki ölkənin liderləri ilə dəfələrlə danışdığını vurğulayıb.

Ancaq indiki situasiyada Cənubi Qafqazda hərbi-siyasi situasiyanın gərginləşib-gərginləşməyəcəyi daha çox Ermənistandan asılıdır. Çünki Ermənistan təxribat törətmək niyyətinə düşərsə, rəsmi Bakı buna adekvat sərt cavab vermək məcburiyyətində qalacaq. Azərbaycan Prezidenti İlham Əliyev də öz açıqlamasında Ermənistana revanşist niyyətlərdən uzaqlaşmağı məsləhət görüb: "Ermənistan revanş illüziyalarından, ordunu gücləndirib, başqalarının ərazilərini işğala cəhd etmək düşüncələrindən əl çəkməlidir. Əks halda, bu, onların dövlətçiliyinin rəsmən sonu anlamına gələcək".

180313b4d6e27fc199047d1b855b78eb.jpg (176 KB)

Göründüyü kimi, ABŞ və Qərb Cənubi Qafqazda gərginlik istəmir. Azərbaycan isə Ermənistana sərt şəkildə xəbərdarlıq edir. Belə vəziyyətdə sülh prosesinə qarşı çıxmaq yalnız Cənubi Qafqaza nəzarəti əldən vermək istəməyən Rusiyaya sərfəlidir. Və ona görə də, Kreml revanşist erməni müxalifətinin hakimiyyətə gətirilməsinə yönəlik prosesə start verib.

Ancaq bu prosesin real təhlükə vəd etdiyi tək tərəf yalnız Ermənistan hesab oluna bilər. Çünki, Paşinyan hakimiyyətinin devriləcəyi və regional sülh prosesi pozulacağı təqdirdə, Ermənistanın gələcək taleyi böyük ölçüdə Ukrayna savaşının yekun nəticələrindən asılı vəziyyətə düşə bilər. Hər halda, ABŞ və Qərb ilə münasibətləri korlamaq riski altında olan Ermənistan Rusiyanın Ukrayna savaşında məğlubiyyəti variantında Azərbaycanın qarşısında təklənmiş vəziyyətdə qalmış olacaq.

Məğlub və zəifləmiş Rusiya NATO üzvü Türkiyənin müttəfiqi Azərbaycanla yeni müharibədə Ermənistana dəstək verə bilməyəcək. ABŞ və Qərb isə Rusiyayönümlü revanşistlərin hakimiyyətdə olduğu Ermənistanı müdafiə etməyə həvəs göstərməyəcək. Və nəticədə həm Rusiyanın dəstəyindən, həm də Qərbin himayəsindən eyni vaxtda məhrum olan Ermənistan dövlətçiliyi yalnız tarixdə qalacaq.

Bütün bunları nəzərə aldıqda, hazırda Rusiyanın təlimatı ilə Ermənistanı qarışdırmağa çalışan revanşist Qarabağ klanı və onun liderlərinin - Köçəryan-Sarkisyan çütlüyünün əslində, böyük riskə getdikləri qətiyyən şübhə doğurmur. Bu risk Kremlin Rusiya ilə eyni "bataqlığa" çəkməyə çalışdığı Ermənistan üçün olduqca baha başa gələ bilər. Və prezident Vladimir Putinin "qələm"ini qırdığı Paşinyan hakimiyyətinin devrilməsinin Ermənistan dövlətçiliyinə ən ağır zərbə olacağı inkaredilməz reallıqdır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR