İnsanlara hürriyət, millətlərə istiqlal!

“Putin NATO”sunun Ermənistana buraxılmamasının şok səbəbi üzə çıxdı

1846 13.01.2023 11:52 Siyasət A A

Rusiya KTMT vasitəsilə Ermənistanı işğal etmək istəyib?

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Katibliyinə İrəvandan “Sarsılmaz Qardaşlıq-2023" təlimlərinin ləğvi ilə bağlı rəsmi bildiriş daxil olmayıb. Bu barədə KTMT-nin mətbuat xidməti məlumat yayıb. "Təlimlərin keçirilməsi zərurəti əvvəllər İrəvanda təsdiqlənib", - məlumatda deyilir.

KTMT “təlimlərin ləğvi ilə əlaqədar koalisiya təhlükəsizliyinin zərər görməyəcəyinə” ümid etdiyini bildirib.

Ermənistanın bu qərarı haqda Paşinyan son mətbuat konfransında məlumat vermişdi. O bildirib ki, rəsmi İrəvan bununla bağlı birləşdirilmiş qərargahı məlumatlandırıb. “Ermənistanın müdafiə naziri (Suren Papikyan) artıq KTMT-nin Birgə Qərargahına məlumat verib ki, bu vəziyyətdə biz KTMT təlimlərinin (Ermənistan ərazisində) keçirilməsini yersiz hesab edirik və onlar bu il baş tutmayacaq” - Paşinyan bildirib.

Qeyd edək ki, ilin ilk günündə Ermənistan ərazisində KTMT sülhməramlı kontingentinin “Sarsılmaz Qardaşlıq-2023" birgə təlimi keçiriləcəyi ilə bağlı məlumatı Rusiya Müdafiə Nazirliyi yaymışdı.

Həmçinin bildirilirdi ki, Rusiya Federasiyasının Ermənistandakı hərbi poliqonlarında ikitərəfli təlimlərin keçirilməsi planlaşdırılır. Məlumata görə, təlimlərdə hərbi əməliyyatların birgə planlaşdırılması, quru qoşunlarının qərargah və bölmələri arasında şərti qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsi üzrə taktiki təlimlər icra olunacaq.

Qeyd edək ki, Paşinyan Yeni il müraciətində ad çəkməsə də, sərhəd hadisələri zamanı KTMT-dəki müttəfiqlərini nəzərdə tutaraq onları müdafiə etmədiyini yenidən dilə gətirərək gileylənmişdi. Bundan əvvəl də Paşinyan KTMT üzvlüyünü dayandıra biləcəyini bəyan edib.

Ermənistanın tanınmış hərbi eksperti David Camalyan isə “Erkir-media”nın canlı efirində İrəvanın KTMT-nin hərbi təlimlərindən imtinasının səbəbini izah edib. O deyib ki, Rusiya hərbi təlimlərinə Quru Qoşunlarını və hərbi texnikasını gətirəcəkdi və hərbi təlimlərdən sonra bu hərbi arsenalı Ermənistanda saxlayacaqdı. Hərbi ekspertin deməyindən o anlaşılıb ki, bu, heç bir halda işğal kimi qiymətləndirilməyəcəkdi. Yəni Rusiyanın KTMT qoşunu adı altında işğalından ehtiyat edilib. Rusiyanın Gümrüdəki hərbi bazasının çıxarılması tələbi ilə aksiyanın Paşinyanın xeyir-duası ilə təşkil edildiyini də nəzərə alsaq, İrəvanın imtinasının səbəbi aydınlaşır. Belə görünür ki, Ermənistan faktiki KTMT-nin təlimlərinə əvvəl razılıq verib, sonra isə Rusiyanın işğalından ehtiyat etdiyi üçün imtina edib. Rusiyanın işğalla bağlı planı olması iddiası nə qədər real ola bilər? Bu cür məxfi plan olubsa, onu hansı ölkənin kəşfiyyatı Paşinyanın qulağına pıçıldayıb?

İlyas Hüseynov: Milli həmrəylik və birlik Azərbaycanı bütün dünyanı bürüyən  koronavirus sınağından da uğurla çıxmasının başlıca şərtidir

İlyas Hüseyno

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın siyasi rəhbərliyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qarşı uzun müddətdir müxtəlif çıxışlar edir, açıq-aydın şəkildə demarş siyasəti icra olunmaqdadır: "Ötən ilin sonlarına yaxın KTMT-nin İrəvanda keçirilən iclasında əldə olunan razılaşma ilə bağlı bəyanatı nümayişkaranə şəkildə Ermənistanın baş naziri imzalamaqdan imtina etdi. Eyni zamanda 12-14 sentyabr hadisələrində əsas Ermənistanın arxasında durmalı olan qüvvənin KTMT olması İrəvan tərəfindən bəyan olunurdu. KTMT nizamnaməsinin dördüncü maddəsinə əsasən Ermənistan tərəfindən müraciət ünvanlandı və KTMT baş katibi Stanislav Zas Ermənistana gəldi, Azərbaycan-Ermənistan sərhədinə baxış keçirdi və fəaliyyət bununla məhdudlaşdı. Bundan sonra Ermənistan tərəfindən KTMT-yə qarşı ciddi şəkildə mənfi siyasi mövqe formalaşdı. Hətta Rusiya əleyhinə mitinqlər, Vladimir Putinin ünvanına aşağılayıcı tərzdə addımlar davamlı xarakter almağa başladı. Eyni zamanda Nikol Paşinyan son müsahibəsi zamanı bildirib ki, 2023-cü il ərzində KTMT-nin Ermənistanda hərbi təlimləri keçirilməyəcək, Ermənistan KTMT-yə bu şəraiti yaratmayacaq. Bu çıxış böyük rezonans doğurdu, hətta Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov da buna münasibət bildirdi və dedi ki, bu məsələni aydınlaşdıracaqlar. KTMT ilə Ermənistan arasında olan ziddiyyətlərin artıq yeni bəzi məqamları da ortaya çıxır. Məlum olur ki, Rusiya KTMT qoşunu adı altında Ermənistana daxil olacaqdı və bu qoşun Ermənistanı tərk etməyəcəkdi. Rusiya politoloqları, siyasi ekspertləri uzun müddətdir ki, Rusiya-Ukrayna müharibəsi fonunda qəti mövqe nümayiş etdirməyən dövlətləri müəyyən formada cəzalandırmaq, onları təsir altında saxlamaq haqqında mülahizələr irəli sürürlər və çox tez-tez Ermənistanın və Qazaxıstanın adı burada hallanır. Ona görə də hesab edirəm ki, Nikol Paşinyanın fikirləri əsassız deyil, bu məlumatlar müəyyən qədər kəşfiyyat məlumatlarına əsaslana bilər. Qərb kəşfiyyatı KTMT qüvvələrinin Ermənistanda keçirmək istədiyi təlimlərin arxasında duran əsl məqsədlər haqqında Nikol Paşinyana ola bilsin ki, hansısa direktivlər verib. Məxfi qrifli məlumatların mübadiləsi burada istisna olunmur. Ümumiyyətlə, Nikol Paşinyanla Qərb kəşfiyyatı arasında işbirliyinin olduğunu söyləmək mümkündür. Paşinyanı indiyə qədər ayaq üstə saxlayan amillərdən biri də budur”. Ekspertin sözlərinə görə, istənilən halda üzdə görünən odur ki, Ermənistanla KTMT, əslində isə Ermənistanla Rusiya arasında fikir ayrılıqları getdikcə dərinləşməkdədir: “Ermənistanda müxalifəti təmsil eləyən "Milli demokratik qütb"ün 102-ci Rusiya hərbi bazası qarşısında aksiyalarının keçirilməsi də əslində Paşinyanın planı idi. Öncə aksiyanı təşkil etdi, sonra isə güc yolu ilə aksiyanı dağıtdı. Ermənistanda anti-Rusiya əhvalı o dərəcədə yüksələn xətt götürüb ki, artıq Ermənistandakı Rusiya səfirliyinin mühafizəsi gücləndirilib. Ehtimallar var ki, növbəti mitinqlər səfirliyin qarşısında keçirilə, hətta səfirliyə hücumlar ola bilər. Bütün bunlar əsassız deyil. Rusiya ilə Ermənistan arasında münasibətlər özünün heç vaxt olmadığı səviyyədə gərgin dövrünü yaşayır. Belə gərgin münasibətlər KTMT-Ermənistan münasibətlərinə də təsirini göstərir. Paşinyan hökuməti artıq hər şeyə görə Rusiyadan, KTMT-dən şübhələnir, KTMT-dəki ölkələri Azərbaycanın dostları adlandırır".   

Rusiya ordusunda ÇAXNAŞMA var - bir-birini güllələyirlər" - ŞOK detallar

Qabil Hüseynli 

Politoloq Qabil Hüseynli isə hesab edir ki, Ermənistan onsuz da Rusiyadan asılı vəziyyətdə olan qondarma dövlətdir. Rusiyanın Ermənistana qoşun yeritməsinə xüsusi ehtiyac yoxdur. Çünki Ermənistanda onsuz da Rusiyanın qoşunları mövcuddur: “Gümrüdəki 102-ci baza Rusiyaya kifayət edər ki, istənilən an Ermənistanda istədiyi addımları gerçəkləşdirsin. Ermənistanla Rusiya arasında problemlər Nikol Paşinyanın Qərblə Rusiya arasında oyun oynamasından, eyni vaxtda iki stulda əyləşmək istəyindən qaynaqlanır. Nikol Paşinyan Qərbdən daha çox dəstək almaq üçün son zamanlar "Rusiya Ermənistanı işğal edir" rəyini formalaşdırmağa hesablanan müxtəlif bəyanatlar verir. Eyni zamanda Ermənistan hakimiyyətinin digər yüksək vəzifəli şəxslərinin də dilindən belə bəyanatlar səsləndirilir. Məsələn, gah bəyan edirlər ki, Rusiya ittifaq dövlətinə qoşulmaq üçün Ermənistana təzyiq edir. Gah deyirlər ki, Rusiya KTMT qoşunlarını Ermənistana gətirib bu ölkəni işğal etmək istəyir. Burada məqsəd ABŞ-dan, Fransadan və digər Qərb ölkələrindən, beynəlxalq təşkilatlardan daha çox dəstək, daha çox yardım əldə etməkdir. İkinci Qarabağ müharibəsi dövründən indiyə qədər Ermənistan hakimiyyəti dəfələrlə KTMT-yə müraciət ediblər ki, qoşunlarını göndər. İndi isə bəyan edirlər ki, KTMT qoşunları təlim adı ilə gəlsəydi, Ermənistanı tərk etməyəcəkdi". 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR