İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin ermənilər üçün xəyanətkar obrazında

1346 14.06.2022 14:42 Analitika A A

Ermənilər revanşist müxalifətə qoşulub könüllü intihar etmək istəmir

Ermənistanda son ilyarımda mövcud olan vəziyyəti təhlil edəndə belə qənaətə gəlirsən ki, orada hamı hamının əleyhinədir və ölkənin vətəndaş qarşıdurmasına sürüklənməsi üçün sadəcə bir qığılcım çatmır. Əlləri hər yerdən üzülən sadə ermənilər köhnə iqtidarları da, indiki hakimiyyəti də ölkəni ağır sosial-iqtisadi və siyasi bataqlığa sürükləməkdə ittiham edir. Son dövrlərdə İrəvanda keçirilən mitinqlər fonunda dünya internet şəbəkəsi ermənilərin nifrət dolu şərhləri ilə dolub daşır. Bu isə ölkədəki təhlükəli əhval-ruhiyyənin barometri hesab edilə bilər və bu, ölkənin düşdüyü vəziyyəti qiymətləndirməyə imkan verir. “Ermənilərə “Artsax” lazım deyil”, “xalqı qoruyacaq ordu yoxdur”, ““Artsax” xalqı müharibədən İrəvana qaçdı. Bizim oğlanlar isə onlar üçün orada həlak oldular” kimi ifadələr Ermənistanın ictimai-siyasi fikrindəki təlatümləri anlamağa imkan verir. Məsələ burasındadır ki, bu cür ifadələri işlədənlər yalnız Ermənistanda yaşayanlar deyil, xaricdəki ermənilər də fəal şəkildə yerli əhali ilə eyni mövqeni bölüşür.

Paşinyan hakimiyyətini devirərək 9 noyabr bəyanatını ləğv etməyə, Şuşa, Hadrut və digər əraziləri geri qaytarmağa söz verən müxalifətə isə heç kəs inanmır. Çünki onlar bunu necə edəcəklərini demir, verilən bəyanatlar xalqa sabun köpüyü təsiri bağışlayır. Deməli, müxalifətin düşündüyü kimi cəmiyyətdə sadəlövhlər çox deyil və heç kim könüllü intihar etməyə həvəs göstərmir. İnsanlar hakimiyyəti tənqid etməklə birincilərin oyununda alverçi olmağın fərqini yaxşı anlayır.

Digər təhlükəli vəziyyət son dövrdə Ermənistanda Rusiya əleyhinə kampaniyanın sürətlə genişlənməsi, medianın bu prosesdə xüsusi aktivlik göstərməsi ilə bağlıdır. Ümumi fikir belədir ki, Putin erməni xalqına xəyanət edib və indiki müxalifətin öz məqsədlərinə nail olmamasının əsas səbəbi də onların Rusiyayönümlü olması ilə bağlıdır.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvana son səfərindən sonra daha da alovlanan anti-Rusiya mövqeyində müəyyən detallar diqqətdən yayınmır. Artıq erməni mediası Rusiyanı Ukrayna ərazisinin işğalında açıq-aşkar günhlandıraraq və Rusiya xarici siyasət idarəsinin rəhbərinə “bu fırıldaqçı bütün rus diplomatları üçün örnək oldu” ifadəsini işlətməkdən belə çəkinmir. Lavrovun İrəvan səfəri zamanı Qarabağdakı vəziyyətlə bağlı Ermənistanın xeyrinə heç bir ifadə işlətməməsi, hətta ümid verməməsi, əvəzində isə “Rusiya Federasiyası erməni dostlarının istəklərini nəzərə alaraq Ermənistanda rus məktəblərinin sayını artırmağa, erməni rus müəllimlərinin bacarıqlarının artırılmasına kömək etməyə çalışır” bəyanatı daha çox qəzəb doğurub. Şübhəsiz ki, Lavrov “Ermənistanda rus məktəblərinin sayını artırmağa çalışırıq” deməklə rəsmi İrəvana növbəti dəfə Rusiya hakimiyyətinin etirazını çatdırıb.

Rusiya hakimiyyəti anlayır ki, monoetnik dövlət olan Ermənistanda rus dilinin vəziyyəti ilə bağlı nə köhnə iqtidarlar, nə də ki, indiki hakimiyyət heç bir iş görməyib, Rusiya tərəfindən irəli sürülən təşəbbüslər qulaqardına vurulub. Baxmayaraq ki, hələ 2017-ci ilin iyulunda Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin, 2018-ci ilin noyabrında Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova, daha sonra da Rusiyanın sabiq elm və təhsil naziri Olqa Vasilyeva müxtəlif tədbirlərdə erməni həmkarlarına açıq və dolayı yolla öz etirazlarını bildirmişdilər. Fakt isə ondan ibarətdir ki, Ermənistanda rus dilinin və mədəniyyətinin təbliğinin heç vaxt maraq doğurmaması ilk növbədə irqi və etnik ayrıseçkiliyin təzahürü kimi görünüb. Ən əsası isə bu, müttəfiqlik strategiyasının tələblərinin kobud şəkildə pozulması deməkdir ki, Rusiyanın forpostu olan Ermənistan ikitərəfli əlaqələrdə yalnız öz maraqlarını güdür, hər addımda rəsmi Kremlin mərhəmətindən geninə-boluna faydalanır, lakin məsələ onun nəsə etməsinə gələndə ortaya milli maraqların qorunması adı altında müxtəlif bəhanələr atılır, beləcə, hakimiyyət konkret addımlardan çəkinir.

Hazırda isə erməni mətbuatı Boloniya sistemindən çıxarılan Rusiyanın xarici işlər nazirinin rus dilinin Ermənistanda inkişafını nəzərdə tutan bəyanatını ələ salır və aşağılayır. Hətta Lavrovu Ermənistana münasibətdə xəyənətkar belə adlandırmaqdan çəkinmir, Rusiyanın Ermənistan qarşısında yalnız hüquqi-siyasi deyil, həm də tarixi və mənəvi öhdəliklərini xatırladır.

Deməli, tarixi müttəfiqlik artıq əvvəlki kimi parlaq təsir bağışlamır və Rusiyanı Ermənistanda arzulayanlar yalnız Paşinyan hakimiyyətinə qarşı çıxan Rusiyapərəst müxalifətdir. Onlara isə ermənilər inanmır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR