İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Avropanı dövlət çevrilişləri ilə hədələyir: Rusiya isə klassik inqilabi situasiyaya sürüklənir

2217 18.06.2022 17:55 Analitika A A

Kremlə qarşı sanksiyalar dünya iqtisadiyyatında böhranı dərinləşdirsə də, Rusiyanı da 1917-ci ildə baş vermiş hadisələrin daha ağır formada təkrarlanma təhlükəsinə yaxınlaşdırır... Rusiyanı çökdürmə planı Avropa məkanı üçün sosial-iqtisadi xaos vəd etsə də, anlaşılan odur ki, hələlik "qoca qitə"nin gələcək taleyi anqolasaksları qətiyyən narahat etmir...

Ukrayna savaşının son vaxtlar siyasi-diplomatik və informasiya məkanına daha intensiv təsir göstərdiyi müşahidə olunur. Xüsusilə də, Qərb mətbuatında Rusiya prezidenti Vladimir Putinin barəsində müxtəlif məlumatların yayılması diqqəti çəkir. Və bu məlumatların əsasən neqativ məzmun daşıdığı da inkaredilməz reallıqdır.

Təbii ki, prezident Vladimir Putinin haqqında yayılan məlumatların bəzilərinin həqiqəti əks etdirdiyini düşünmək olar. Ancaq həmin məlumatların hamısının doğru olduğuna yalnız sadəlövhlər inana bilər. Yəni, bütün bunların Rusiyaya qarşı informasiya savaşının təzahürləri olduğu qətiyyən şübhə doğurmur.

Böyük ehtimalla Qərb mətbuatı sürəkli olaraq, prezident Vladimir Putinin səhhəti ilə bağlı neqativ məlumatlar yayarkən, ilk növbədə Rusiya cəmiyyətində ruh düşkünlüyü yaratmağı hədəfləyir. Üstəlik, belə məlumatlar doğru çıxarsa və Rusiya cəmiyyətini də inamdırarsa, bu, Kreml üçün ağır nəticələr verə bilər.

Şübhəsiz ki, Kremldə bunu bilməmiş deyillər. Ona görə də, Rusiyanın siyasi elitası Kreml sahibinin vaxtaşırı bütün dünyaya göstərilməsinə xüsusi önəm verir. Və Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumu da bu baxımdan, növbəti fürsət idi.

20220106170807-1088.png (304 KB)

Əlbəttə, əvvəlki illərdən fərqli olaraq, bu dəfəki forum qətiyyən Rusiyanın prestijinə əlavə dividentlər gətirəcək beynəlxalq tərkibi toplaya bilməmişdi. İştirakçılar arasında ən diqqəti çəkən qonaqlar kimi, Qazaxıstan prezidenti Kasım-Comert Tokayev və Rusiyada rəsmən terrorçu təşkilat olaraq, tanınmış "Taliban" liderləri yer alırdılar.

Qazaxıstan prezidenti öz iştirakı ilə Rusiyaya heç bir dəstək vermədi. Əksinə, ölkəsinin Donbas separatçılarının dövlət müstəqilliyini tanımayacağını və Rusiyaya qarşı sanksiyalara riayət edəcəyini vurğulamaqla, kifayətləndi. "Taliban" liderləri isə prezident Vladimir Putinin çıxışı zamanı mürgüləməkdən başqa heç nə ilə diqqəti çəkə bilmədilər.

Ona görə də, bu forumun Kreml üçün yeganə faydasının məhz prezident Vladimir Putini növbəti dəfə görüntüləmək şansı ilə məhdudlaşdığını düşünmək mümkündür. Kreml sahibinin forumda dediklərinin dünyada ciddi rezonans doğurmuş ola biləcəyi ilə bağlı iddialar isə indiki halda, şişirdilmiş qənaətdir. Çünki, prezident Vladimir Putin öz çıxışında dünyanı ciddi şəkildə maraqlandıra biləcək və Rusiya cəmiyyətini də ümidləndirəcək yeni məzmunlu açıqlamalar verə bilmədi.

Məsələ ondadır ki, prezident Vladimir Putin əsasən dünyada baş qaldıran maliyyə-iqtisadi böhrandan və informasiyadan danışdı. Bütün bunların Avropa ölkələrində siyasi elitanın dəyişməsinə səbəb olacağını iddia etdi. Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarından 400 milyard dollar itirəcəyini vurğuladı.

1777922.jpg (42 KB)

Əlbəttə ki, Kreml sahibinin dediklərində həqiqət payı olmamış deyil. Ancaq onun dediklərini Qərb siyasi dairələri də anlayırlar. Üstəlik, gözlənilən kataklizmlərdən çıxış yolları da axtarırlar. Ona görə də, Kreml sahibi mövcud situasiyadan həm Rusiyanın, həm də bütün dünyanın necə çıxa biləcəyi ilə bağlı öz fikirlərini və təkliflərini dilə gətirsəydi, daha çox diqqəti çəkə bilərdi. Üstəlik, prezident Vladimir Putinin Avropa Birliyinin itkilərini hesabladığı halda, Rusiyanın düşdüyü ağır durum barədə danışmaqdan yayınması da növbəti səhv sayıla bilər. Çünki, Rusiya cəmiyyətində gələcəyə yönəlik qeyri-müəyyənlik tezliklə Kreml üçün ciddi problemlər vəd edir.

Əslində, prezident Vladimir Putinin dedikləri dolayısı ilə də olsa, Qərbi Avropa ölkələrinin Ukrayna savaşını nəyin bahasına olursa-olsun, durdurmaq niyyətinə dəstək təsiri bağışlayırdı. Yəni, Kreml sahibi müəyyən mənada, "Rusiyanın şərtləri ilə razılaşaraq, savaşı durdurmasanız, hamınız bizimlə birlikdə batacaqsınız" mesajı verməyə çalışdı. Və bu, indiki halda, daha çox Ukraynaya təzyiq göstərməyə çalışan Qərbi Avropa dövlətlərinin mövqeyinə uyğun gəlir.

Məsələ ondadır ki, Almaniya kansleri Olaf Şolts, Fransa prezidenti Emmanuel Makron və İtaliya baş naziri Mario Draqi həmin ərəfədə Kiyevə səfər edərək, Ukrayna prezidenti Volodimir Zelenskini Rusiya qarşısında güzəştlərə - "ərazi əvəzində sülh" variantına razı salmağa çalışmışdılar. Bəzi məlumatlara görə, Qərbi Avropa üçlüyü "Rusiyanın qürurunu xilas etmək" təklifini bu dəfə fərqli məzmunla dəyişmişdilər.

Yəni, prezident Volodimir Zelenskinin diqqətinə çatdırdı ki, Ukrayna savaşı davam etdiyi müddətdə rəsmi Kiyevin Avropa Birliyinə üzvlük ümidləri reallıqdan uzaq qalacaq. Yəni, bu, dolayısı ilə rəsmi Kiyevin seçim etməli olduğuna eyhamdır. Ya Avropa Birliyinə üzvlük üçün Rusiyanın şərtləri daxilində, yəni Ukrayna ərazilərini qurban verməklə, Avropa Birliyinə üzvlük şansı qazanılmalıdır. Ya da savaşın davam etdirilməsi ilə bu quruma üzvlük ümidlərini təxirə salmalıdır.

b1f20f25-2a03-4d24-8412-48de557ffd5a.jpg (86 KB)

Təbii ki, bütün bunlar savaşın mümkün qədər uzadılmasına üstünlük verən anqolasaksların planlarının pozulmasına yönəlik cəhdlərdir. Qərbi Avropa ölkələri Ukrayna savaşı ucbatından "qoca qitə"nin böhran dalğası altında əzilib, anqolasaksların hegemonluğunu qəbul etmək məcburiyyətində qalmasını istəmirlər. Və bu səbəbdən də, Ukrayna savaşına münasibətdə anqolasakslar ilə amansız rəqabət içərisindədirlər.

Almaniya, Fransa və İtaliya liderlərinin Kiyevə səfərindən dərhal sonra Böyük Britaniya baş naziri Boris Consonun hərəkətə keçməsi də bunu təsdiqləyir. Gözlənilmədən Ukraynaya səfər edən, Qərbi Avropa düşərgəsinə rəqib cinahın liderlərindən olan baş nazir Boris Consonun rəsmi Kiyevə təklifi Rusiyaya güzəştə getməmək və sona qədər savaşmaq üzərində qurulub. Və onun Rusiyaya güzəştlərə meylli olmayan prezident Volodimir Zelenskini buna yenidən inandırmağa nail olduğu bildirilir.

Qərbi Avropa ölkələrindən fərqli olaraq, ABŞ və Böyük Britaniya əmindir ki, mövcud sanksiya rejiminin ağır təsirləri altında olan Rusiya tezliklə geri çəkilmək məcburiyyətində qala bilər. Çünki, Kremlə qarşı sanksiyalar dünya iqtisadiyyatında böhranı dərinləşdirsə də, Rusiyanı da ötən əsrin əvvəlinə doğru sürükləyir. Əgər, proseslər bir müddət də belə davam etsə, Rusiyada 1917-ci ildə baş vermiş hadisələr və situasiya daha ağır formada təkrarlana bilər.

Bu isə o deməkdir ki, anqolasakslar Avropa ölkələrində hakimiyyət dəyişiklikləri proqnozlaşdıran prezident Vladimir Putinə qarşı Rusiyada klassik inqilabi situasiya yaratmağa çalışırlar. Düzdür, anqolasaksların bu planı Avropa məkanını da sosial-iqtisadi xaosa düçar edə bilər. Ancaq anlaşılan odur ki, hazırda Avropa Birliyinin gələcək taleyi anqolasaksları qətiyyən narahat etmir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR