İnsanlara hürriyət, millətlərə istiqlal!

Pulu kimi verir, musiqini də o sifariş edir...

2503 03.07.2022 16:03 Yazarlar A A

 

Raket-top səsi eşitməyən üçün dörd aydır davam edən müharibə sadəcə, xəbərdir, bəlkə də “kim qalib gələcək?” deyib sonunu gözlədiyi əyləncə, mərcdir...

1992-ci ilə keçən gecə idi. “Azadlıq” qəzetinin əməkdaşı İsrail Musayev də Şuşaya gəlmişdi, Hikmət (Sabiroğlu) də onu evimizə qonaq çağırıb, gecəni bizdə qalmağa dəvət etmişdi.  Müharibəyə görə yeni təqvim ili, ad günü-filan daha gözümüzdə yox idi, amma qonaq gəldiyi üçün anam plov bişirmişdi. Saat 12-yə az qalmış üçümüz də süfrə başında idik. Biz narahat idik, bilirdik ki, indi ermənilər şəhərə raket atmağa başlayacaqlar. Səs-küyə öyrəncəliydik, tədbir üçün arxa evdə otururduq.

Saat 12 olan kimi başlandı. Biz tavrımızı pozmurduq, İsrail isə təbii ki, ilk dəfə bu cür top-raket səslər eşidirdi. Əvvəl dedik, “əşi narahat olma, bizimkilər atırlar”. Amma şəhərə raket-top düşdükcə ev silkələnirdi axı... Gərginliyi azaltmaq üçün İsrailə zarafatla dedik ki, silahdan nəyin var, hazırlıqlımı gəlmisən? Hə, dedi... Sonra “silahını” çıxaranda uğunduq. Sən demə, silah dediyi qaz balonu imiş. Top-raket səsindən səhəri diri gözlə açdıq...

Ukrayna müharibəsindən yazanda həmişə nədənsə, həmin günü də xatırlayıram. Raket-top səsi eşitməyən üçün dörd aydır davam edən bu müharibə sadəcə, bir xəbərdir, informasiyadır, bəlkə də “kim qalib gələcək?” deyib sonunu gözlədiyi əyləncədir, mərcdir. Amma o sığınacaqlardan çıxan, raket atəşlərindən canları boğazına yığılmış, qorxudan ağlayan adamları-fərqi yoxdur, ruslardır, yoxsa ukraynalılar- ekranda görəndə nə hiss etdiklərini anlayırsan. Adam təzə-təzə o səslərdən dəhşətə gəlir, sonra tədricən öyrəşirsən, sonra bir az da keyiyirsən elə bil...

Ukrayna müharibəsi Birinci Qarabağ müharibəsindən çox fərqlidir. Azərbaycan, Şuşa elə o zaman yazıq İsrailindən fərqli deyildi, şəhərin müdafiəsində əsas rolu olan ağır texnika təchizatı çox zəif idi, silah çatışmırdı. Azərbaycan bu müharibədə təkcə vahid komandanlıq olmadığına görə məğlubiyyətə uğramadı, həm də silahda uduzdu. İndi hərdən düşünürsən ki, Ukraynaya göndərilən silahın 10 faizi Azərbaycanda olsaydı, məğlubiyyətdən bəlkə də yayınmaq olardı.

Bizim səsimizi dünya eşitmirdi, biz də işğala məruz qalmışdıq axı...Əksinə, ABŞ Azərbaycana hər cür yardımı əngəlləyən(həmin bu Co Baydenin də fəallığı ilə həm də) hələ də ləğv edilməyən qanun qəbul etdi. O səbəbdən, Qərbin səmimiyyətinə inanmayın, onlar Ukrayna xalqını düşünsəydilər, toplaşdıqları tədbirləri toy şənliyi kimi keçirməzlər. Deyirlər, gülürlər, əylənirlər, zarafatlaşıb sonra “Ukrayna qələbə qazananadək dayanmamalıdır” deyib pul kisələrinin, silah anbarlarının ağzını açırlar. Pulu kimi verir, musiqini də o sifariş edir...

Prinsipcə, Qərbin indiki hoqqaları Qarabağ müharibəsinə olan münasibətin davamıdır. O zaman susurdular, haqlı tərəfi, qırğınları görməzdən gəlirdilər. Buçada gedib sellofana bükülmüş meyitə baxıb başlarını bulayırlar, ağlamsınırlar, amma Xocalı nədir, bizim dağıdılmış 9 şəhərimizi görməzdən gəlirlər. Ukraynada silaha verdikləri pula Azərbaycan 9 şəhərini dirçəldib ayağa qaldırardı. Bunlar isə o pulu xarabalıq daha da çoxalsın deyə verirlər. Versinlər e, pul onların, mal onların, Ukraynanı Rusiya işğalı qarşısında tək qoymasınlar. Amma bəs, bunların dediyi ədalət niyə bizə çatanda “Qarabağ ermənilərinə status verilsinə” çevrilir? Yaxşı, Donbas separatçıdırsa, Qarabağdakı torpaqlarımızda küllənən erməninin adı nədir? Qondarma “DXR”in lideri Puşilin gədədirsə, terrorçubaşıdırsa, Araiki bu Qərbin bəzi dairələrinin gözündə “kişi” edən, “lider”edən səbəb nədir?

İndilik mövzu deyil, amma anons kimi deyim. Ukraynada müharibənin necə başa çatmasından asılı olaraq, bizim də üzərimizə gələcəklər. ABŞ səfirini dəyişir ki, daxili məsələlərə daha çox nüfuz etsin. Bu müharibədə Qərbin əli güclənsə, müstəqil siyasət yeridən bütün ölkələrə  hücum mütləq olacaq, o sırada biz də varıq...    

Azərbaycan şükür ki, qaz tapançası gəzdirən ölkə deyil daha, Araikə də, onun tör-töküntülərinə də özü cavab vermək gücündədir, inşallah dağıdılmış şəhərlərini də öz gücünə tikəcək...

Nazim SABİROĞLU,
Musavat.com                       

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR