İnsanlara hürriyət, millətlərə istiqlal!

Professor-generalı intihar həddinə çatdıran Çurbanov – Brejnevin məkrli kürəkəni

2875 14.11.2022 14:13 Yaxın tarix A A

19 aprel 1979-cu il... Həmin gün səhər saatlarında, hələ evdən çıxmamış Sergey Krılova zəng vuraraq bildiriblər ki, o, saat 10-da SSRİ daxili işlər nazirinin müavini (sonralar birinci müavin) Yuri Çurbanovun qəbulunda olmalıdır. Krılov əvvəlcədən planlaşdırılmamış və gözlənilməz bu çağırışa ciddi bir səbəb olduğunu dərhal anlayıb. Nazirliyin rəhbərliyi də məlumatlı olublar ki, aprelin 19-da Krılovun rəis olduğu SSRİ Daxili İşlər Akademiyasında Leninin anadan olmasının ildönümü ilə bağlı təntənəli tədbir keçiriləcək və bu tədbirdə Mərkəzi Komitənin nümayəndələri də iştirak edəcək. Sözsüz ki, belə bir “əlamətdar” saatlarda Krılovun nazirliyə dəvət olması məsələnin ciddiliyindən xəbər verib...

Milis general-leytenantı Sergey Krılov deyilən vaxtda nazir müavininin qəbulunda olub. Qəbulda Daxili İşlər Nazirliyinin baş kadrlar idarəsinin rəisi general İqor Drozdentski də iştirak edib. Görüş gərgin keçib.

76c5d46de7ad8611afd367166ec335dd.jpg (124 KB)

Çurbanov heç bir giriş etmədən Krılovun qarşısına ağ vərəq qoyub:

- Vəzifədən könüllü azad olmağınız haqqında raport yazın. Səbəb kimi səhhətinizdəki problemləri göstərə bilərsiniz. Bu sizin üçün ən sərfəli variantdır. Əks təqdirdə ömrünüzün qalan hissəsini dəmir barmaqlıqlar arasında keçirməli olacaqsınız.

Məsələnin bu qədər konkret və sərt qoyulması Krılovu çıxılmaz vəziyyətə salıb. O, yaxşı anlayıb ki, Leonid Brejnevin hər şeyə qadir kürəkəni ilə mübahisə etmək, nəyisə araşdırmaq, aydınlıq gətirmək mənasız bir işdir. General Çurbanovdan xahiş edib ki, heç olmasa onu akademiyada sıravi müəllim kimi saxlasınlar. Çurbanov isə qərarında qəti olub:

- Xeyr, bu mümkün deyil.

Krılov raport yazmadan nazir müavininin kabinetini tərk edib. General qərara gəlib ki, həmin ərəfədə məzuniyyətdə olan və Moskva ətrafındakı bağ evində istirahət edən daxili işlər naziri Nikolay Şelokovla təcili görüşsün. Nazirlikdən çıxdıqdan sonra o, birbaşa Şelokovun bağına yollanıb. Nazir onu qəbul etməkdən imtina edib.

24-09-2020_24.jpg (67 KB)

Ümidlərini hər yerdən üzən Krılov akademiyaya qayıdıb. O, tədbir keçirilən akt zalına daxil olub, müavini Konstantin Varlamova yaxınlaşaraq pıçıltılı səslə ondan akdemiyanın bayrağı saxlanılan otağın açarını istəyib. Müavin rəisindən tədbir zamanı bayraq otağının açarının nəyə görə istədiyini soruşanda, Krılov “vidalaşmağa gedirəm” deyə cavab verib. Varlamov onun zarafat etdiyini zənn edərək açarları ona verib. Bir neçə dəqiqədən sonra akademiyanın dəhlizlərindən tapançadan açılan atəş səsi eşidilib. Krılov bayraqla vidalaşandan sonra kabinetində intihar edib.

Maraqlıdır, Çurbanovla Krılovun arasında hansı konfliktlər yaşanıb ki, nazir müavini akademiya rəisini intihar həddinə çatdırıb?

1919-cu ildə Belurasiyanın Moqilyov vilayətinin Oleşino kəndində anadan olan Krılov orta təhsilini başa vurduqdan sonra Saratovda “NKVD” qoşunlarının hərbi məktəbində təhsil alıb, zabit kimi xidmətinə sərhəd qoşunlarında başlayıb. Sovet-alman müharibəsinin iştirakçısı olan Krılov müharibə illərində “NKVD”-nin xüsusi istehkamçılar qrupunun komandiri olub. Müharibədən sonra o, Frunze adına hərbi akademiyada təhsilini davam etdirib. Krılov 1967-ci ilə qədər həmin akademiyada müəllim, baş müəlim, DTK-nın Ali Məktəbində baş elmi işçi vəzifələrində işləyib, dissertasiya və doktorluq işi müdafiə edib, professor elmi adını alıb.

Krylov-so-Nikolaem-SHHelokovym.jpg (147 KB)

 

1966-cı ildə Şelokov daxili işlər naziri təyin olunduqdan sonra apardığı kadr islahatlarında Krılovu da nazirliyə dəvət edib. Beləliklə, Krılov 1967-ci ildən xidmətini nazirlikdə şöbə rəisi kimi davam etdirib. Məhz Krılovun nazirlikdə işləməsi ilə strukturda onun təşəbbüsü ilə elmi dərəcəsi olan əməkdaşların sayı artıb. Qeyd edək ki, Şelokov SSRİ-nin daxili işlər nazirləri arasında islahatçı nazir kimi tanınıb. Onun nazirliyə rəhbərliyi dövründə (1966-1982) maddi-texniki baza gücləndirilib, daxili işlər orqanları əməkdaşlarının təminatı nəzərəçarpacaq dərəcədə yaxşılaşdırılıb, nazirliyin tabeliyində olan təhsil, səhiyyə, idman ocaqları tam yenilənib və s. Bu işlərin əksəriyyəti Krılovun ideyası sayəsində olub. Krılov təkcə nəzəriyyəçi deyil, həm də praktik olaraq nazirliyinin nüfuzunun artması üçün bütün bilik və bacarığını sərf edib. Şelokov nazir kimi Krılovun xidmətindən razı qalıb və onu 1971-ci ildə Daxili İşlər Nazirliyinin qərargah rəisi vəzifəsinə təyin edib.

1974-cü ildə Şelokov Ali Milis Məktəbinin bazasında Dazili İşlər Nazirliyinin Akademiyasının yaradılması ilə bağlı Brejnevə müraciət edib. Baş katib nazirin təşəbbüsünü razılıqla qarşılayıb. Akademiyanın yaradılması, təşkilatı işlər Krılova həvalə edilib. Akademiyaya rəis təyinatı müzakirə olunanda Şelokov Krılovon qarşısında şərt qoyub, onu akademiyaya rəis təyin etmək, akdemiyanı bir mexanizm kimi tam işlək vəziyyətə gətirdikdən sonra daxili işlər nazirinin birinci müavini vəzifəsinə gətirmək.
Beləliklə, Krılov 1974-cü ildə SSRİ DİN-in Akademiyasının ilk rəisi təyin edilib.

foto-inomarki-gai_04.jpg (244 KB)

Krılov akademiyanı nümunəvi təhsil ocağına, elm mərkəzinə çevirmək üçün bütün gücünü sərf edib. General gərgin əməyi sayəsində istədiyinə nail olub. Akademiya rəisi həm öz nazirliyindən, həm də Mərkəzi Komitənin ideologiya aparatından, elm və təhsil şöbəsindən dəstək alıb. Başda Brejnev olmaqla Kreml məmurlarının hamısı onu müsbət tərəfdən tanıyıb. Krılov yaxın gələcəkdə nazirin birinci müavini təyin olunacağına şübhə etməyib. Amma 1977-ci ildə hadisələr başqa tərəfə istiqamət alıb.

Həmin il Yuri Çurbanov daxili işlər nazirinin müavini təyin edilib. Nazirliyin tabeliyində olan təhsil ocaqları Çurbanovun kurasiyasında olub. Səlahiyyələrindən artıqlaması ilə istifadə edən baş katibin kürəkəni yeni vəzifəsində ilk olaraq akademiyaya təşrif buyurub. Elmdən, təhsildən uzaq olan Çurbanov özünü “təsdiq” etmək üçün akademiyada yerli-yersiz təkliflər irəli sürüb, heç bir əsası olmadan ciddi iradlar səsləndirib. İlk görüş Krlovda Çurbanov haqqında mənfi təəssüratlar yaradıb. Professor-general başa düşüb ki, Çurbanovla işləmək çətin olacaq. Elə birinci görüşdən sonra Krılov akademiya rəisi kimi bütün hesabatları birbaşa nazirə təqdim edib, məsləhətləşmələri onunla aparıb. Sözsüz ki, bu da Çurbanovun xoşuna gəlməyib. Çurbanov onu da bilib ki, Krılovun birinci müavin vəzifəsinə gətirilməsi planlaşdırılır. Onun da bu vəzifədə gözü olub.

Sergej-Krylov.jpg (127 KB)

Krılov haqqında materiallar əldə etmək üçün Çurbanov bir neçə kadrını akademiyaya yerləşdirib. 1979-cu ilin əvvəllərində əlaltıları tərəfindən ona məlumat verilib ki, akademiyada böyük yeyinti faktları var. Belə ki, guya Krılov və ona yaxın əməkdaşlar akademiyaya alınan mebel və məişət texnikalarını evlərinə daşıyıblar. Əslində isə sonra maliyyə-təsərrüfat şöbəsi yoxlananda məlum olub ki, cəmi iki televizor və bir paltar şkafı yerində deyil. Onlar isə evə yox, Krılovun və onun müavininin akademiyadakı istirahət otağında olub. Amma sözsüz ki, bu faktlar heç nəyi dəyişməyib, Krılovun həyatını geri qaytarmayıb. Dəyişən təkcə Çurbanovun vəzifəsi olub, o, müavin vəzifəsindən birinci müavin vəzifəsinə təyin edilib.

59 yaşlı Krılov intihardan qabaq diktafona son sözlərini yazıb: “Artıq yaşamağa gücüm yoxdur. İnsanın ümidini və inamını öldürəndə o, meyit olur. Məqsədimin nə qədər nəcib və xeyirxah olması məni son dərəcə gərgin əməyimdə həmişə ruhlandırıb, hakimiyyətdəkilərinin isə nifrətini artırıb. Bütün bunların əvəzini indi həyatımla ödəyirəm. Bu dünya qulların və karyeristlərin dünyasıdır...”

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR