İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentin Misir səfərinin tarixi özəlliyi - İslam dünyası ilə bağlar möhkəmlənir

391 11.06.2024 10:32 Siyasət A A

Ziyarət Bakının ərəb dünyası ilə bağlarını gücləndirməklə yanaşı, İrəvana da mesajdır - Şimal-Cənub, Şərq-Qərb yollarının logistik həlqəsi olan müsəlman Azərbaycan və Türkiyə üzərindən orada özünə tərəfdaş tapa bilər

Prezident İlham Əliyevin iyunun 8-də Misirə rəsmi səfəri tarixi hesab edilə bilər. Çünki bu, həm də Cənubi Qafqazın aparıcı ölkəsinin rəhbərinin ərəb dünyasında aparıcı, ciddi söz sahibliyinə malik ölkələrindən birinə edilən ziyarət idi. Eyni zamanda mərhum prezident Heydər Əliyevin Misir səfərindən sonra (1994) saatların ilk dəfə ən yüksək səviyyədə tutuşdurulması idi. 

Nəticə hər iki tərəf üçün olduqca pozitiv sayıla bilər. Söhbət təkcə səfər zamanı imzalanmış 7 sənədlə ikitərəfli əlaqələrin inkişafına veriləcək təkandan getmir. Bu öz yerində. İlham Əliyevin birgə mətbuat konfransında söylədiyi kimi, ümumiyyətlə, Azərbaycan və Misirin beynəlxalq məsələlərdə, o sırada Fələstin məsələsində mövqeləri üst-üstə düşür. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində fəal çalışır, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq mövcuddur. Habelə İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə səylər göstərilir. 

Prezident İlham Əliyevin Misir səfəri: Yaxın Şərq perspektivləri və mühüm  əməkdaşlıq – ŞƏRH

Məlumdur ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsində Misir həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, üzv olduğu beynəlxalq təşkilatlarda ədalətli mövqeyini daim müdafiə edib. Misir Azərbaycanla Ərəb Dövlətləri Liqası arasında əlaqələrin inkişafını da dəstəkləyir. O da bəllidir ki, işğal dövründə 69 məscidimizdən 67-sini yerlə yeksan edən, qalanlarında heyvan saxlayan ermənilər də ərəb-islam dünyası ilə dərin əlaqələrə can atır - özü də Azərbaycan əleyhinə. Lakin bu cəhdlər səmərə gətirə bilməz. Çünki “dalan” durumda olan Ermənistanla ərəb dövlətləri arasında dərin və etibarlı əlaqələrin qurulması üçün yetərli maddi və mənəvi potensial yoxdur - Azərbaycandan fərqli olaraq. 

Prezident İlham Əliyevin Misir səfiri həm də bu reallıqların təsbiti və nümayişi baxımından önəm daşıyır. Yəni İrəvan ərəb-müsəlman dünyasına yalnız Şimal-Cənub, Şərq-Qərb yollarının əsas logistik həlqəsi olan müsəlman Azərbaycan və Türkiyə üzərindən çıxa, məhz Azərbaycan və Türkiyə hesabına orada özünə tərəfdaş tapa bilər. Yolu bəlli: öncə iki ölkə ilə sülh müqavilələri imzalamaq, əsassız torpaq iddialarından əl çəkmək. Səfərdən dolayı Ermənistana verilən əsas mesaj da budur. Ziyarət sözsüz ki, Azərbaycanın ərəb dünyası ilə bağlarını möhkəmlətməklə yanaşı, həssas bölgəmizdə ölkəmizin mövqeyini daha da gücləndirəcək. Bəs ümumən Bakının ərəb ölkələri ilə münasibətlərinə hansı təsirlər gözlənilir? Azərbaycanın İslam dünyasına yönəlik diplomatik fəallığı sülh müqaviləsindən yayınmağa çalışan kapitulyant ölkəyə nə vəd edir? Yada salaq ki, ötən ilin yanvarında da Misir lideri Əbdülfəttah əs-Sisi Bakıya gəlmişdi. 

“Cənab Prezidentə (Prezident İlham Əliyevə - red.) Cənubi Qafqazda sülhün, təhlükəsizliyin təmin edilməsi istiqamətində səylərin vacibliyini və bu səyləri dəstəklədiyimizi bir daha bildirdim”. Bu sözləri Misir Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında söyləyib. Bu səylərin region ölkələrinin və xalqlarının inkişafı üçün böyük töhfə olacağını vurğulayan Misir prezidenti deyib: “Həmçinin cənab Prezidentə bildirdim ki, növbəti mərhələdə ikitərəfli əlaqələrin bütün sahələrdə inkişafının şahidi olacağıq”.

“Əgər statistik rəqəmlərə baxsaq görərik ki, ticarət dövriyyəsi bir neçə dəfə artıb. Ancaq mütləq rəqəmlər hələ ki bizi qane etmir”. Bu sözləri isə Azərbaycan Prezidenti İlham Əliyev Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə mətbuata bəyanatında deyib. “Bu gün imzalanmış sənədlər və əldə edilmiş razılaşmalar əminəm ki, bu istiqamətdə də bizə kömək edəcək”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, ilk növbədə, energetika, bərpaolunan enerji növlərinin istehsalı sahəsində, neft sənayesi sahəsində, əczaçılıq, alüminium sənayesi və digər sahələrdə əminəm ki, yaxşı nəticələr əldə etmək mümkün olacaq".

Qabil Hüseynli: Qəzzada atəşkəs ancaq o vaxt olacaq ki…

Qabil Hüseynli

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, prezident Əliyevin Misirə səfəri kifayət qədər əhəmiyyətli idi. Onun fikrincə, Azərbaycan-Misir əlaqələri uzun müddətdir ki, möhkəmləndirilir. “Müxtəlif beynəlxalq platformalarda, prezidentlərin danışıqlarında tərəflərin müsbət nəticələr əldə etdiyini hiss edirsən. Amma bu səfər daha məhsuldar oldu və geniş əlaqələrin qurulması üçün bir sıra sənədlər imzalandı. Əvvəla, ticarət dövriyyəsinin artırılması gözlənilir. Üstəlik, birgə istehsal sahəsində də güclərini sınayacaqlar”. Q.Hüseynli hesab edir ki, Misir-Azərbaycan müəssisələri fəaliyyət göstərərək fayda verəcək: “Fikrimcə, önəmli səfər idi. Çünki Misir-Azərbaycan münasibətləri xeyli müddət lazımi səviyyədə inkişafda olmayıb, bundan sonra isə əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə qədər qalxa biləcəyini gözləmək olar”.

Q.Hüseynlinin sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dünyada nüfuzu durmadan artır: “Azərbaycanın çoxşaxəli xarici siyasətində əsas istiqamətlərdən birini də ərəb dövlətləri ilə əlaqələr təşkil edir. 2005-ci ildə Azərbaycanla Ərəb Dövlətləri Liqası arasında Anlaşma Memorandumu imzalanıb. Azərbaycan Ərəb Dövlətləri Liqasında müşahidəçi statusuna malikdir. 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Misirə rəsmi səfəri çərçivəsində Ərəb Dövlətləri Liqasının qərargahında ozamankı baş katib Amr Musa ilə görüşüb, liqaya üzv olan ölkələrin səfirləri qarşısında çıxış edib. İslam həmrəyliyi prinsipini daim rəhbər tutan Azərbaycan bu xüsusda ərəb dövlətləri ilə həm ikitərəfli, həm də İslam Əməkdaşlıq Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsində maraqlı olub. Ölkəmiz həmçinin ərəb dünyasının haqq işini həmişə dəstəkləyib. İki ölkə arasında münasibətlərin inkişafı üçün böyük potensial var və qarşılıqlı səfərlər əməkdaşlığın sürətlə genişləndirilməsi baxımından mühüm imkanlar yaradır”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR