İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident daha xoş günlərin anonsunu verdi - 2024-cü ildə də ZƏFƏR DAVAM EDƏCƏK

2061 01.01.2024 15:26 Yazarlar A A

Tarixi qələbələrlə yaddaşımızda qalan 2023-cü il başa çatdı. 2024-cü ildən də gözləntilərimiz böyükdür. Çünki Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev nəyi nə zaman etmək lazım olduğunu hər kəsdən yaxşı bilir.

Bu qədər zəfərlərə baxmayaraq o, hər dəfə çıxışında yeni planların, xoş gələcəyin anonsunu verir. İndiyə qədər verilən bütün anonslar artıqlaması ilə gerçək olub. Ona görə də bundan sonrakı mesajların da gerçəkləşəcəyinə heç bir şübhə yoxdur.
Azərbaycan prezidenti 2023-cü ilin son dəqiqələrində digər illərdə olduğu kimi xalqa müraciət etdi.

PREZİ.jpg (126 KB)

Ali Baş Komandan bildirdi ki, 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etdi, işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması təmin edildi, düşmən ordusu məhv edildi, düşmənin hərbi texnikası məhv edildi və ya qənimət kimi götürüldü.

Prezident vurğuladı ki, Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi:

“2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda bizim Bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda biz hamımız yaxşı bilirdik ki, işimiz yarımçıq qalıb. Üç il ərzində Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri nəinki yerinə yetirmədi, hətta əksinə, bizə qarşı yeni hərbi təxribatlar hazırladı və onları həyata keçirdi. Qanunsuz olaraq torpağımızda məskunlaşmış 15 minlik Ermənistan ordusu Qarabağdan çıxarılmadı. Əksinə, yeni silahlar, sursatlar, hərbi texnika, minalar Qarabağa gətirildi və bizə qarşı mina terroru davam etdirildi”.

Prezident yaşananları bir daha göz önünə gətirdi. Bildirdi ki, dəfələrlə Ermənistan rəhbərliyinə və onun arxasında dayanmış Qərb ölkələrinə xəbərdarlıq edilmişdi:“Ya separatçı rejim özünü buraxmalıdır, Ermənistan ordusu bizim ərazimizdən çıxarılmalıdır, ya da ki, biz güc tətbiq edərək dövlət suverenliyimizi özümüz bərpa edəcəyik. Azərbaycanda separatizmin kökü kəsildi və separatizm bizim torpağımızda bir daha baş qaldıra bilməz. Sentyabrın 19-da başlamış və cəmi bir gün, ondan da az davam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun tam Zəfəri ilə nəticələnmişdir. Separatçı rejim çökmüş, bizim qarşımızda diz çökmüş, ağ bayraq qaldırmış, təslim olmuş, torpaqlarımızdan əbədi olaraq çıxarılmış və tarixin zibilxanasına atılmışdır. Şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan Ordusu peşəkarlıq, qəhrəmanlıq, əsgər və zabitlərimiz fədakarlıq göstərmişlər. Həm Birinci, həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı zamanı şəhid olmuş əsgər, zabitlərimizin, mülki şəxslərin, Xocalı qurbanlarının qisası döyüş meydanında alınmışdır”.

ANTİTERROR SON.jpg (60 KB)

Azərbaycan prezidentinin çıxışında diqqət çəkən məqamlardan biri də xaricdən bizə qarşı edilən təzyiqlərlə bağlı mesaj oldu. Ölkə başçısı bildirdi ki, heç bir ittiham, heç bir təzyiq bizim iradəmizə təsir edə bilmədi:

“Azərbaycan xalqı yaxşı xatırlayır ki, dünyada, xüsusilə Qərb ölkələrində Ermənistanın arxasında dayanan, onlara daim dəstək göstərən ölkələrdə nə qədər hay-küy qaldırılmışdı, bizə qarşı əsassız ittihamlar irəli sürülmüşdü. Biz haqq yolundayıq, öz sərhədimizi özümüz nəzarətə götürmüşük və heç kimə imkan vermərik ki, bizim torpağımızda at oynatsın”.

Yuxarıda da qeyd etdiyimiz kimi, hələ böyük uğurların davamını görəcəyik. Azərbaycan prezidenti “bitdi” deməyib və Qarabağda, Şərqi Zəngəzurda xalqı xoş günlər gözləyir.

QAYİDİS SON.jpg (187 KB)

Bu barədə ölkə başçısı çıxışında bildirdi ki, Qarabağ və Şərqi Zəngəzur bu gün böyük tikinti meydançasına çevrilib:

“Biz şəhərlərimizi, kəndlərimizi yenidən qururuq və artıq bu il 5 minə yaxın keçmiş köçkün öz doğma torpaqlarına qayıtmışdır. Bu ilin mart ayında - Novruz bayramı ərəfəsində Talış kəndində bayram sevinci yaşandı, köçkünlər öz doğma evlərinə qayıtmışdılar. Avqust ayında Füzuli şəhəri və Zabux kəndi bayram içində idi. Bu il Laçın şəhərinə Müstəqillik Gününü qeyd edərkən köçkünlər qayıtmışdır - 28 May tarixində Laçında böyük bayram günü idi. Ondan əvvəl Ağalı kəndində köçkünlər məskunlaşmış və beləliklə, beş yaşayış məntəqəsində indi həyat bərpa edilib.

AGALİ.jpg (230 KB)

2024-cü ildə də böyük köç prosesi davam edəcək və bu barədə Ali Baş Komandan bunları dedi:

“2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlər, qaçqınlar qayıdacaqlar. İl ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar”.

Qərbin ikili standartlarına da toxunan Azərbaycan prezidenti hazırkı siyasi vəziyyəti açıq-aydın ifadə etdi:

“Ermənilər 30 il ərzində bizim torpaqlarımızı dağıdaraq bütün evləri, tarixi binaları, məscidlərimizi yerlə-yeksan etmiş, bizə qarşı soyqırımı, eyni zamanda, urbisid, ekosid törətmişlər. Bizim çaylarımız zəhərləndi, bizim meşələrimiz qırıldı. Bütün bunları edən Ermənistan dövləti idi. Əfsuslar olsun ki, bu cinayətlərə görə onlar bu günə qədər Qərbdə qınaq obyektinə çevrilmədi. Bu gün Qərbdə ikili standartlar hökm sürür. Azərbaycan xalqı bunu yaxşı bilir və eyni zamanda, yaxşı bilir ki, biz bütün təzyiqlərə, bütün hədə-qorxulara, əsassız ittihamlara baxmayaraq bildiyimizi edəcəyik. Ermənistan rəhbərliyi də bu tarixi dərslərdən nəticə çıxarmalıdır və özünü elə aparmalıdır ki, bizim qəzəbimizə tuş gəlməsin”.

ORDUMUZ YENİ.jpg (512 KB)

Təbii ki, ötən illər ərzində Azərbaycanın iqtisadiyyatı, ordusu kifayət qədər güclənib, xalqın rifahı yaxşılaşıb. Bu barədə danışan Azərbaycan prezidenti aşağıdakıları qeyd etdi:

“İqtisadi sahədə öz siyasətimizi uğurla aparmışıq. Müstəqil iqtisadiyyat bizə imkan verir ki, heç kimdən asılı olmayaq, heç bir beynəlxalq maliyyə institutundan asılı olmayaq və asılı deyilik. Ordumuzu böyük dərəcədə gücləndirmişik. Peşəkarlıq artdı, yeni silahlı birləşmələr yaradıldı və bu silahlı birləşmələr digər silahlı birləşmələrlə birlikdə antiterror əməliyyatında çox böyük peşəkarlıq göstərmişlər. Yeni silahlar, hərbi texnika alındı, gətirildi, bir çox yeni kontraktlar imzalandı;

- 2024-cü ildə hərbi təyinatlı yerli istehsal böyük dərəcədə artacaq. Həm dövlət, həm özəl sektor tərəfindən hərbi təyinatlı məhsulların istehsalına ən azı bir milyard manat sərmayə qoyulacaq. Beləliklə, biz nəinki özümüzü əsas vasitələrlə təmin edəcəyik, Azərbaycan dünya miqyasında çox ciddi ölkəyə çevriləcək, bizim hərbi təyinatlı məhsulların həcmi və sayı böyük dərəcədə artacaq.

COP.jpg (112 KB)

Azərbaycanın beynəlxalq nüfuzu gündən-günə artır. Dekabr ayında dünyanın ən böyük beynəlxalq konfransının Azərbaycanda keçirilməsi haqqında bütün dünya ölkələri yekdil qərar qəbul etmişlər - COP29 gələn il Azərbaycanda keçiriləcək. Bu, bizə dünya ictimaiyyəti tərəfindən göstərilən böyük hörmət və rəğbətdir, eyni zamanda, bizim yaşıl enerjiyə keçidimizə olan böyük qiymətdir. Yaşıl enerji keçidi bizim prioritet məsələmizdir və bu il Azərbaycanda bölgənin ən böyük bərpaolunan elektrik enerjisi stansiyası istifadəyə verilmişdir - 230 meqavat gücündə günəş elektrik stansiyası artıq bizim enerji sistemimizə tam inteqrasiya edilmişdir;

HEYDER YENİ.jpg (297 KB)

Prezident vurğuladı ki, 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edilmişdi:

“Ulu Öndərin 100 illiyi ölkə üzrə qeyd edildi. Oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda, Xankəndidə qaldırılmış Dövlət Bayrağı Ulu Öndərin xatirəsinə ən böyük hörmətin əlamətidir. Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradımız Ulu Öndərin xatirəsinə ən böyük hörmətimizin əlamətidir. Bu gün bütün dünya azərbaycanlıları haqlı olaraq müstəqil Azərbaycanla fəxr edirlər. Bu gün dünya azərbaycanlıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü tam yeni bir ovqatla qeyd edirlər. Artıq üç ildir ki, dünya azərbaycanlıları bütün Azərbaycan xalqı kimi ruh yüksəkliyi ilə yaşayır, başını dik tutub yaşayır, alnıaçıq, üzüağ yaşayırlar. “Dəmir yumruq” bizim Zəfər salnaməmizin rəmzi idi. Tarixi Zəfərimiz - İkinci Qarabağ müharibəsindəki Zəfər, antiterror əməliyyatı, işğalçılardan azad olunmağımız, separatçı rejimin çökməsi bütün azərbaycanlıları haqlı olaraq bir araya, bir yumruq halına gətirir. Bu gün, eyni zamanda, “Dəmir yumruq” birliyimizin rəmzidir və Azərbaycan xalqını, bütün dünya azərbaycanlılarını əmin etmək istəyirəm ki, “Dəmir yumruq” hər zaman yerində olacaq”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR