İnsanlara hürriyət, millətlərə istiqlal!

Post-terminalı çatışmayan pirlər

1446 07.09.2022 09:40 Yazarlar A A

Əgər diametri 1,5 km olan və yavaş-yavaş Yerə yaxınlaşan “1998 OR2" asteroidi bir gün sürət yığıb, gəlib planetimizə çırpılmasa və bəşəriyyət əhli miladi təqvimi ilə 3 mininci ili görsə, əmin ola bilərsiniz, hər gün minlərlə adam yenə pirlərə, ocaqlara gedəcək, fırıldaçı “həkim"lərə inanacaqlar.

Tibb elminin nə dərəcədə inkişaf etməsinin məsələyə dəxli yoxdur, istəyir lap ən sağalmaz xəstəliklərə anındaca çarə tapsın, adamlar yenə gedib daşdan, qayadan, nə bilim, ağacdan, qurd-quşdan nicat, mədəd, əlac, kömək və sair şeylər  umacaqlar.

Bu, inanc məsələsi-filan deyil, hər nədirsə, psixoloji, hətta psixiatriya elminin məşğul olması vacib olan məsələdir.

Ali məktəbə qəbul olunmaq istəyənlər oturub kitab oxumayıblarsa, məktəbə, repetitor yanına getməyiblərsə, nəsillikcə yığışıb pirə getməklə 600 balı necə toplaya bilərlər? Lap varsın o ocaqda 600 qurban kəssinlər, 60 min manat da ianə versinlər. Bunun DİM-in bunkerindəki kompüterlərin hesablamalarına nə kimi təsiri ola bilər? Uzağı, sistemdə nasazlıq yaranar - o da elektrik kəsintisindən, artıq yüklənmədən.

Ziyarətlərlə, ianələrlə, qurbanlarla bütün müşküllərinin həll olunacağını düşünmək cəhalətdir, mövhumatçılıqdır, xurafatdır. Belə şey heç vaxt ola bilməz. Nə vaxtsa olubmu? Ortada bir presedent varmı ki, neyrocərrahiyyə əməliyyatına ehtiyacı olan biri pirə getməklə sağalıb?

Bir də eşidirsən, ali təhsilli, şüurlu, özünə babat karyera qurmuş, çoxlu pul qazanmış adamlar məhz bu kor inanc üzündən fırıldaqçılara bir neçə yüz min dollar (manat, avro) pul qapdırıblar. Adamlar ilişməsələr, tutulmasalar, məhkəmələri olmasa, biz bu kimi olaylardan bilmərrə xəbər tutmarıq.

Bir neçə yüz min manata camaata cənnətdə yer satan “imam Mehdi”nin vaqiəsinə dair söz-söhbət hələ bitməyib, yazıldıqca yazılır. Ortalığa nələr çıxmır? Adamlar inanırmış ki, düz-əməlli orta təhsili olmayan bir adam onlara cənnətdə yer düzəldəcək. Sanki cənnət lüks nömrəli, hovuzlu 5 ulduzlu hoteldir, bu adam da cənnətdəki bölüşdürücü məntəqənin distribütorudur, artıq pul ödəyəcəksən, yaxşı  yeri bron edəcək. Belə haqq-hesablar xristian dünyasında 200 il əvvəl olub, o vaxt hiyləgər keşişlər inanclı kişilərə “cənnət qəbzi” (indulgensiya) satır, yaxşı pul qazanırmışlar.

Budur, bizimkilər “cənnət qəbzi” biznesinə yeni girişiblər. Bu fırıldağa inananların çoxluğu göstərir ki, bu işdə yaxşı pul var - hesab elə supermarket, yanacaqdoldurma məntəqəsi açmısan. İstənilən pir daha rentabelli işləyir, nəinki hansısa istehsal müəssisəsi.

Xammal məsrəfi yox, modern avadanlıqlara ehtiyac yox, cari təmir, nanotexnolgiya da lazım deyil, pir-ocaq menecerləri otururlar yayda sərin, qışda isti yerdə, abonentlər pulları gətirir, ödəyir. Bir azdan bankomat, post-terminal-zad da qoyacaqlar ki, camaat ianəsini kartla və ya kartdan karta ödəsin.

İllərdir yazırıq, söylənirik, falçıların, alternativ müalicələrlə məşğul olan fırıldaqçıların qəbullarındakı növbələr azalmır ki, azalmır, ASAN xidmətdəki növbələr yalan olub, bunlar gerçək. Sabah bir yeni Şeyx Nəsrullah çıxsın, desin ki, ölüləri dirildirəm, minlərlə adam ona inanacaq.

Hələ yaxşı ki, hər nəsildə bir-iki oxumuş adam var, tərsinə danışa-danışa ellikcə cəhalətə yuvarlanmanın qarşısını bir qədər alırlar. Amma orası da var ki, artıq “nəslin oxumuş adamı”nın rəyinə qoz qoyan yoxdur, deyirlər, “eh, onu da qoyasan boş-boş danışa, hər şeyə şəkk gətirə”. Və pullarını dəst-cəm edib ondan xəbərsiz gedirlər “əlləri şəfalı loğman”ın yanına, cürbəcür ziyarətgahlara.

Birdəfəlik anlamaq lazımdır: hansısa təbiət cisminin şəfaverici, işdüzədici, problemhəlledici qabiliyyəti, məziyyəti yoxdur. Heç bir seyid də, tibb universitetini bitirməyibsə, Türkiyədə, Almaniyada uzmanlıq kursu keçməyibsə, xəstə sağalda bilməz. Yox, əgər mütləq seyid yanına getmək istəyirsinizsə, axtarın, həkim diplomu, böyük təcrübəsi olan doktor seyidin yanına gedin. Dünənə qədər çilingər olmuş seyid prostat vəzinin adenomasını müalicə edə bilməz, uzağı, maşının termostatını dəyişə bilər. 

Bir də bu gedişatı “1998 OR2" dəyişə bilər, o da heç arzuolunan deyil.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR