İnsanlara hürriyət, millətlərə istiqlal!

“Poqonlu reket”lərin girovdan halallıq istəməsi

2623 20.05.2022 09:50 Yazarlar A A

Sovet dövründə güllələnən nazirlərin çoxunu başqa günahlarla yanaşı, həm də korrupsiyada ittiham ediblər. Onların bəziləri qısa müddətdə, bəziləri isə uzun zamandan sonra ifşa edilib, amma ifşa olunanlardan, demək olar ki, heç biri nə o vaxt, nə də sonradan bəraət ala bilməyib.

Lənətlədiyimiz sovet hökumətinin belə işləri olub - dövlətin etibarını sarsıdan, büdcəsini talayan, vəzifəsindən sui-istifadə edən məmurlara güzəşt olmayıb. Onlar gec-tez ilişiblər və əlli-ayaqlı gediblər.

Ona görə də bu tarixçələri bilən adamlar 7 ildən bəridir söz-söhbəti, 7 aydır məhkəməsi gedən “MTN işi”ni maraqla izləyir, hər prosesdən sonra heyrətlənə-heyrətlənə axırda kimlərin necə cəzalandırılacağını gözləyirlər.

Bu, son 100 ilin dövlətçilik və kriminalistika tarixində analoqu olmayan bir işdir. Yüksək dövlət vəzifələri tutan generallar və polkovniklər “dövlət içində dövlət”, təhlükəsizlik nazirliyi içində “vergi orqanı” yaradıb, dövlətin təcridxanasını atalarının zirzəmisi kimi istifadə ediblər və ölkədə 50-100 mindən artıq pul qazanan yüzlərlə adamı girov götürərək soyublar.

Detektiv filmlərdən tanıdığımız bandit və reketlərlə onların arasında elə bir fərq olmayıb. Hətta bunlar daha qorxunc olublar. Əgər atası, qardaşı girov götürülmüş kimsə quldurları ifşa etmək üçün hüquq-mühafizə orqanları ilə işbirliyinə getmək imkanına malik olubsa, “MTN işi”ndə o imkan sıfıra bərabər olub. Quldurlara, banditlərə qarşı mübarizə aparmalı olan şəxslərin özləri insanları girov götürüb xərac tələb edirsə, ondan kimə və necə şikayət etmək olardı?

Bu vəzifəli şəxslərin arxaları möhkəm, tamahları iti, əlləri uzun olub. Məhkəmə materiallarında söhbət milyonlardan gedir. Ləğv olunmuş MTN-in generallarından o adamlar zərərçəkən olaraq şikayət ediblər ki, onların bir neçə milyon dolları əllərindən alınıb. 50 min, 100 min, 200 min ziyana düşənlər səslərini çıxarmayıblar ki, başlarına təzədən iş açılar.

Mülkləri əllərindən alınanlar, biznesi çökdürülənlər, xirtdəyə qədər borca salınanlar, sonuncu evi satlığa qoyulanlar, bir sözlə, hər şeylərini itirənlər isə artıq çəkinmədən məhkəmələrə gəlir, açıq və gerçək, acı və heyrətamiz ifadələr verirlər.

Təsəvvür edin, “Texnikabank”ın sahibi Etibar Əliyevi şərləyib tutublar, oğlu ilə şantaj ediblər, əllərindəki varidatı mənimsəyiblər, evini 3 milyona satdırıb pulunu götürüblər, hələ müflis edilmiş ailənin oğluna “halallıq ver” deyiblər. Sanki oğlan “halalınız olsun” deməklə bütün problemlər həll olunur, cinayət məsuliyyəti sıfırlanırmış.

Adları qatı cinayətdə hallananlardan yalnız Mövlam Şıxəliyev həbsdədir. Qalanları əl-qollarını yelləyə-yelləyə məhkəməyə gəlir, bir küncdən oturub cinayət əməllərində ittiham olunduqları ifadələri dinləyir, məhkəmədən sonra lüks avtomobillərinə minir, sakitcə milyonluq ev-eşiklərinə gedirlər. Sanki rəmzi məhkəmədə simvolik müttəhimlərdir.

Bu adamlar dövlətin etibarını yerlə bir ediblər, azad sahihkarlığın başına daş salıblar, iqtisadiyyatın inkişafına maneçilik törədiblər, şəxsi varidatlarını çoxaltmaq üçün dövlətin verdiyi səlahiyyətlərdən ağırlaşdırıcı halda sui-istifadə ediblər, külli miqdarda sərvət toplayıblar, amma heç nə olmamış kimi ortada gəzir, hətta arada məhkəmə istintaqına əngəl törədir, şahidlərə, zərərçəkənlərə təzyiq göstərirlər.

Bəzən ayrı-ayrı ictimai-siyasi fəallar, jurnalistlər məsələyə “oğrudan oğruya halaldır” kəlamının hikməti ilə yanaşır, zərərçəkənlərin özlərinin düz yuvanın quşu olmadığını, sadəcə, “MTN banditləri”nin “oğru bisnesmenləri”, “maxinator bankirləri” soyduğunu iddia edir və “poqonlu quldurlar”ın əməllərini elə də böyük cinayət saymırlar.

Amma bu, kökündən yanlış yanaşmadır. Quldurların üstünə çökdüyü banklarda minlərlə kiçik və orta sahibkarlıqla məşğul olan şəxslərin pulları batıb, onların bir çoxu canlarını qurtarmaq üçün öz qohumlarını, sıravi vətəndaşları borca-xərcə salıblar. Ən pisi odur ki, bu şəxslər təşəbbüskar adamlarda, bisnes-layihələr həyata keçirmək istəyən biznesmenlərdə “bu ölkədə iş görmək mümkünsüzdür” qənaəti yaradıblar və minlərlə adamın öz pullarını yaxın-uzaq ölkələrə daşımasına, başqa ölkələrin iqtisadiyyatına səmayə qoymalarına bais olublar.

Hazırda maraqlı adamlar ona görə “MTN işi”nin məhkəməsinin sonunu gözləyirlər ki, o məhkəmənin qərardadı lakmus kağızı olacaq, canilərə verilən cəzalardan bəlli olacaq ki, bu ölkədə iş görmək, yaşamaq mümkündür, yoxsa yox.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR