İnsanlara hürriyət, millətlərə istiqlal!

Polyak marşalın dəfni – Brejnev Stalinin sevimlisi Rokossovskini son mənzilə ehtiramla yola salıb

2551 30.07.2022 11:31 Yaxın tarix A A

Sovet liderləri və onların formalaşdırdıqları komandalar bütün dövrlərdə kütləvi insan toplantıları ilə müşayiət olunan tədbirlərdən ehtiyat ediblər. Sözsüz ki, bu da səbəbsiz olmayıb. Bu cür tədbirlərdə dəfələrlə ölkənin birinci şəxsinə sui-qəsdə cəhd edilib, təxribatlar planlaşdırılıb, qarşıdurma yaratmağa çalışanlar da az olmayıb. Digər bir səbəb isə izdihamlı tədbirlərdə sıxlığın yaranması olub ki, belə hallarda ölüm faktları da qeydə alınıb.

Sovet dövründə kütləvi insan toplantıları daha çox 1 may, 7 noyabr nümayişlərində, idman tədbirlərində, birinci şəxslərin, dövlət və hərbi xadimlərin dəfn mərasimində müşahidə edilib. Bu tədbirlər Moskvanın baş meydanında – Qırmızı meydanda keçirilib. Rəsmilər izdihamın daha çox böyüməsinin qarşısını almaq üçün meydana girişə məhdudiyyətlər tətbiq ediblər. Tədbirdə iştirak edənlərə xüsusi buraxılış vərəqəsi verilib.

ria-44885-preview.jpg (151 KB)

İnsidentin yaranma ehtimalı olan tədbirlərdən biri də marşal Konstantin Rokossovskinin dəfn mərasimində baş verib.

Qeyd edək ki, Rokossovski xalq arasında böyük nüfuza sahib olub. O, SSRİ tarixində yeganə şəxs olub ki, iki ölkənin, SSRİ-nin və Polşanın marşalı rütbəsini daşıyıb. Hər iki rütbəni də üç illik həbsxana həyatından sonra alıb. Əfsanəvi marşalı görkəmli sərkərdə kimi bütün dünya tanıyıb. Ən əsası isə Konstantin Rokossovski İosif Stalinin ən sevimli qəhrəmanı olub.

Rokossovski xidmətdən uzaqlaşdırıldıqdan sonra da öz nüfuzunu itirməyib. Marşalı SSRİ müdafiə nazirinin müavini vəzifəsindən Nikita Xruşov kənarlaşdırıb. Xruşov hakimiyyətdə olarkən Rokossovskiyə Stalinin əleyhinə mətbuatda çıxış etməyi təklif edəndə, marşal “Stalin mənim üçün müqəddəsdir” deyərək təklifi qəti şəkildə rədd edib. Bu hadisədən sonra marşal nazir müavini vəzifəsi ilə vidalaşıb.
Rokossovski 3 avqust 1968-ci ildə, 71 yaşında vəfat edib. Marşalın dəfni ilə bağlı Müdafiə Nazirliyində xüsusi komissiya yaradılıb. Bu rəsmiyyətdən əlavə Leonid Brejnev müdafiə naziri marşal Andrey Qreçkoya şifahi göstəriş verib:

ria-641663-preview.jpg (124 KB)

“Rokossovskinin dəfni yüksək səviyyədə keçirilməlidir, dəfn mərasiminə şəxsən özününz rəhbərlik edin...”

Marşalla vida görüşü Frunze adına sovet ordusunun mərkəzi evində keçirilib. Rokossovskinin tabutu önündə Leonid Brejenev, Aleksey Kosıgin, Mixail Suslov, Nikolay Podqornı və Siyasi Büronun digər üzvləri, marşal və generallar fəxri qarovulda dayanıblar. Mərasim daha sonra Qırmızı meydanda davam edib.

Mitinqdən sonra marşalın yandırılmış nəşinin külü Kreml divarlarına yerləşdirilib. Meydanda keçirilən mitinq zamanı universal mağaza tərəfindən (QUM) meydana kütləvi axın başlayıb. Qeyd edək ki, dəfn mərasimində iştirak edənlərə xüsusi buraxılış vərəqələri verilib. Bu vərəqələri olmayanlar isə meydana keçməyə, marşalı son mənzilə yola salmağa can atıblar. Bu mənzərə rəsmilərin diqqətindən yayınmayıb. O cümlədən Brejnevin də. Baş katib təhlükəsizlik qaydalarını nəzərə almadan yanında dayanan müdafiə naziri Qreçkoya irad bildirib:

2af51.jpg (191 KB)

- Andrey Antonoviç, xalq öz qəhrəmanını son mənzilə yola salmaq istəyir. Buna şərait yaratmaq lazımdır. İnsanların təbii istəkləri nəzərə alınmalıdır, belə məsələlərdə qadağalar, məhdudiyyət tətbiq etmək yolverilməzdir.

Bu iraddan sonra Qırmızı meydanı əhatə edən maneələr götürülüb. Hərbçilərin və milislərin tənzimlənməsi ilə Moskva sakinləri meydana buraxılıb. SSRİ tarixində bu yeganə hadisə olub ki, təhlükəsizlik qaydaları tam pozulub.

Həmin hadisəni marşalın nəvəsi Konstantin Rokossovski belə xatırlayıb:

images.jpg (65 KB)

“Babamın dəfn mərasimi yüksək səviyyədə təşkil edilmişdi. Bunun bir səbəbi onun xalq arasındakı böyük nüfuzu idisə, digər səbəbi Leonid Brejnevin ona olan böyük hörməti idi. Brejenv babama xüsusi hörmətlə yanaşırdı. Qırmızı meydanda Brejnevin göstərişi ilə bütün maneələr götürüldü, minlərlə insan babama öz son ehtiram borclarını verdilər. Xoşbəxtlikdən, heç bir xoşagəlməz hadisə baş vermədi. Vida görüşündə Brejnev ağlayırdı və bu göz yaşları tam səmimi idi. Səhərisi gün baş katib evimizə də zəng etdi, anamla danışdı, hər hansı bir problemin yaranacağı halda birbaşa onun özünə müraciət etməyi söylədi. Öz köməkçisinin nömrəsini də verdi. Babama olan bu münasibət ailəmiz üçün qürurverici idi...”

Kremlin_Wall_Necropolis_-_Rokossowski,_Konstanty.jpg (152 KB)

Digər marşal və hərbi vəzifəlilərdən marşal Rokossovski həm xalq, həm də rəsmilər arasında böyük nüfuza malik olması ilə fərqlənib. Rokossovskinin milliyətcə rus olmaması da onun imicinə heç bir xələl gətirməyib. Ruslar müharibədə böyük xidmətləri olan, qələbənin təmin olunmasında əvəzsiz rol oynayan polşalı marşalın adını SSRİ tarixinə qızıl hərflərlə yazıblar.

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR