İnsanlara hürriyət, millətlərə istiqlal!

Polkovnikə Haaqadan məktub var – Patriarxın qara yazı

1865 18.03.2023 11:00 Yazarlar A A

Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya prezidenti Vladimir Putinin həbsi haqqında verdiyi order aydın səmada çaxan şimşək deyil.

Birincisi, ona görə ki, 1 ildən artıqdır, Ukraynanın yaşayış məntəqəsinə, Rusiyanın hərbi təyinatlı yanacaq bazalarına, Qara dənizdəki gəmilərinə düşən 7 metrlik raketlərin törətdiyi yanğınların tüstüsü Avropanın asimanına bülənd olub və bu səma artıq aydın deyil.

İkincisi, ötən ilin martında Ukraynanın Buça, Nikolayev və digər şəhərlərində dinc əhaliyə qarşı törədilən qətliamlardan, mühakiməsiz edamlardan sonra bu hərbi cinayətlərə görə məsuliyyət daşıyan generallarla (digər zabitlərlə) yanaşı, onlara əmr verən Putinin də Haaqa məhkəməsinə verilməsin barədə çağırışlar səslənirdi.

Çox adam düşünürdü ki, Haaqa məhkəməsi, eləcə də bu məhkəməni təsis edib işlədən dövlətlər Rusiyanın əlindəki çoxsaylı nüvə başlıqlı raketlərdən qorxacaqlar, son addımı atılmayacaq, Putin haqqında həbs orderi verilməyəcək.

Göründüyü kimi, bu gözlənti doğrulmadı. Haaqa məhkəməsi heç nəyə baxmadan elə bir qərar çıxardı, gözlənilən orderi verdi.

İndi bu orderə görə Rusiyanın siyasi və hərbi dairələri özlərini nə qədər təmkinli aparmağa çalışsalar da, həm Kremlin, həm də federasiyanın xarici siyasət idarəsinin sözçülərinin, dövlətin rəsmi təbliğat-informasiya qurumları rəhbərlərinin açıqlamaları göstərir ki, rus yetkililər şok keçirirlər.

Hələlik əsas rəsmi açıqlama belədir ki, Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarının Rusiya üçün heç bir əhəmiyyəti yoxdur və mümkün həbs orderləri qanuni olaraq etibarsızdır.

Rusiya böyük və hərbi baxımdan qüdrətli dövlət olduğu üçün, əlbəttə, beynəlxalq məhkəmənin qərarlarını heçə saya, onlara riayət etməyə bilər və belə də olacaq.

Ancaq bu nə vaxta qədər davam edəcək?

Xatırladaq ki, indiyə qədər bir çox ölkələrin liderləri barədə müvafiq qərarlar qəbul edilib və onlar həmin həbs qərarlarına etina etməyiblər. Xüsusilə də məhkəmhərbi cinayətlərdə ittiham olunan dövlət başçılarının məhkəmə qərarından sonra həbs olunub Haaqaya göndərilməsinə dair faktlar yoxdur.

milo.jpg (57 KB)

Bu hadisə bir qayda olaraq onlar hakimiyyətdən getdikdən sonra baş verir. Məsələn, Yuqoslaviya prezidenti Slabodan Miloşeviç hakimiyyətdən getdikdən bir müddət sonra onun siyasi xələfi Voislav Koştunitsa bu hərbi canini - əli günahsız boşnakların, xorvatların, Kosovo albanlarının qanına batmış keçmiş diktatoru, eləcə də onun əmrini yerini yetrimiş generalları (Radovan Karaciç, Radko Mladiç və başqalarıın) həbs etdirib Haaqa məhkəməsinə təhvil verdi.

Ondan başqa, 1974-cü ildə qanlı silahlı qiyam yoluyla Çilidə prezident Salvador Alyendeni devirərək hakimiyyətə gələn və 1990-cı ilə qədər ölkəsində minlərlə müxalifətçinin, bir neçə min əcnəbinin qətlinə fərman vermiş general Auqusto Pinoçetin ömrünün son illərində məhkəmə orderinə əsasən həbs edilməsi faktı var.

885140_20060909165115.jpg (14 KB)

1998-ci ilin oktyabrında onu Londonda özəl klinikalardan birində əməliyyat olunarkən həbs etmişdilər. Pinoçetin həbsi İspaniya məhkəməsinin hakimi Baltasar Qarsonun verdiyi order əsasında baş tutmuşdu. Qarson Çilidə hərbi idarəçilik dövründə Pinoçetin yüzlərlə ispaniyalı vətəndaşın öldürülməsinə və ya heç bir iz olmadan yoxa çıxarılmasına dair əmrlər verməkdə ittiham edirdi. İspaniya keçmiş diktatorun ekstradisiyasını tələb edirdi, ancaq London məhkəməsi Çilinin ömürlük senatoru olan Pinoçetin toxunulmazlığa malik olduğunu nəzərə alırdı. Daha sonra Lordlar Palatası bu qərarı ləğv etdi və həbsi qanuni saydı. Çilinin yeni hakimiyyəti isə həm Pinoçetin həbsinin, həm də onun İspaniyaya ekstradisiyasının qeyri-qanuni olmasında israr edirdi.

Sonra uzun məhkəmə çəkişmələri getdi. 1998-ci il oktyabrın sonunda London məhkəməsi Pinoçeti zaminə buraxdə və Çilinin keçmiş rəhbəri London xəstəxanalarından birində daimi polisin mühafizəsi altında qalmalı oldu.

00990.jpeg (12 KB)

2000-ci il martın 2-də Pinoçetin 16 aylıq ev dustaqlığı başa çatdı və Britaniyanın daxili işlər naziri Cek Strounun qərarına əsasən, general Çiliyə uçdu və Santyaqoda hərbi hospitala yerləşdirildi.

Sonra Çilinin Ali Məhkəməsi Pinoçeti senator toxunulmazlığından məhrum etdi və o, qətllər, insanların oğurlanması, həbs edilənlərə işgəncə verilməsi ilə bağlı 100-dən çox epizoda görə mühakimə olundu.

Ancaq 2001-ci ilin iyulunda qocalıq Pinoçeti sona qədər mühakimə olunub cəzalandırılmaqdan xilas etdi. Onun cinayət məsuliyyətindən azad edilməsinə səbəb olan qocalıq demensiyasından əziyyət çəkdiyi müəyyən olundu və Çili xuntasının patriarxı türmədə cəza çəkəsi olmadı. Bununla belə, məhkəmələr, vəkillər Pinoçeti 2006-cı ildə 91 yaşında ölənədək rahat buraxmadılar, adama həyatının sonunda cəhənnəm əzabı yaşatdılar.

Çünki o, bəşər tarixinin ən qəddar hərəkətlərini etmişdi, minlərlə günahsız insanı öldürtmüş, yüzlərlə insanın oğurlanıb ilim-ilim itirilməsini (onlar hələ də tapılmayıb) təşkil etmiş, on minlərlə adamı dəhşətli işgəncə maşınından keçirmişdi.

Əslində Pinoçet törətdiyi əməllərə görə ömrünün sonlarında lazımınca cəzaya, psixoloji sarsıntıya məruz qaldı. Onun haqqında “cəzalanmadan öldü” demək düzgün olmaz.

67h8.jpg (42 KB)

Keçmiş DTK polkovniki Putinin də aqibəti o cür ola bilər. Ona Haaqadan məktub var. Rus patriarx bu aqibətlə üzləşməmək üçün, təbii ki, hakimiyyəti heç vaxt əlindən verməyəcək. Ancaq heç də hər şey onun istəyi ilə bağlı deyil. Rusiyada hər hansı bir fors-major hallar yarana, ciddi vətəndaş itaətsizliyi ola, hərbi qiyam, yaxud saray çevrilişi baş verə, bunun nəticəsində Putin hakimiyyətdən kənarlaşdırıla bilər. Bax, onda ilk yada düşən şey Haaqa məhkəməsinin orderi olacaq.

Ondan qabaq da məhkəmə təqibi altında yaşayan prezidentlər olub. Onlar işlərini etibarlı tutur, başqa ölkələrə səfərə getmir, BMT Təhlükəsizlik Şurası Assambleyasının ilbəil keçirilən toplantılarına qatılmırdılar.

Böyük ehtimalla Putin də elə edəcək, Avropa ölkələrinə səfər etməyəcək. Onun getdiyi ölkələr yalnız bəzi postsovet ölkələri və ya keçmişdə sosialist düşərgəsinə mənsub olan ölkələr ola bilər.

Hər halda, Rusiya kimi nəhəng ölkənin 23 illlik rəhbəri üçün belə bir order xeyli dərəcədə təhqiramiz bir qərardır və bu, keçmiş polkovnik Putinin siyasi avtobiorafiyasına əbədi həkk olundu.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR