İnsanlara hürriyət, millətlərə istiqlal!

Polkovnik Üzeyir Cəfərovdan kömək istəyən Xankəndi ermənisi və başı qaçan Vardanyan

2474 12.01.2023 15:56 Yazarlar A A

 

5 ay əvvəl Rusiyadan “hoppanıb” Qarabağa düşən erməni milyarder Ruben Vardanyan vəziyyətin gündən-günə fəlakətli olduğunu anladığı üçün özünü “oda-közə” vurmağa başlayıb. Anlayır ki, belə davam eləsə, Xankəndinin mərkəzində qəzəbli ermənilər onu çarmıxa çəkəcəklər...

Qarabağa gələndə onun milyarder olması, Rusiyadan gəlməsi, üstəlik yekə-yekə danışması onsuz da 44 günlük müharibədən sonra miskin durumda olan Qarabağ erməniləri arasında bir canlanma yaratmışdı, elə bildilər ki, “gəlib, onları xilas edəcək”. Amma indi baxırlar ki, Vardanyanın özünü xilas etmək lazımdır. Bu heyvərə Ağdərədəki qızıl, mis, molibden yataqlarına pul qoyub, pul götürməyi hədəfləmişdi. Elə hesab edirdi ki, Rusiya vətəndaşlığından imtinası ilə beynəlxalq sanksiyalardan nəinki sığortalana biləcək, üstəlik Azərbaycan ərazilərindəki sərvətlər hesabına milyonlarını üst-üstə qatlayıb, ömür sürəcək. İstisna deyil ki, Volkovun dəstəsi ilə də dil tapmışdı, onlara da “görüm-baxım” edirdi. Amma Azərbaycanın 12 dekabrdan etibarən ortaya qoyduğu iradə, 32-ci gündür Laçın-Xankəndi yolunda davam edən sivil aksiya, mədənləri qanunsuz istismar edən şirkətin işini dayandırması, Ermənistanla aradakı qeyri-qanuni, cinayətkar əlaqələrə “STOP” qoyulması Rubeni küncə sıxıb.

Nə Azərbaycanı “humanitar fəlakət” yaratmaqda ittiham etməsi köməyinə çatdı, nə qaz, nə elektrik şantajı işə yaradı...Hətta sonradan özü etiraf etməyə başladı ki, Qarabağ blokadada deyil, kifayət qədər ehtiyatları var, kimsə də acından ölmür. Amma növbəti nağıllar da uydurmaq lazımdır, çünki artıq Qarabağ ermənisi polkovnik Üzeyir Cəfərova müraciət edərək ondan Azərbaycan pasportunu əldə etməyin yolları barədə soruşur. Təsəvvür edin, Vardanyan Azərbaycanı Laçın yolunu bağlamaqda ittiham edir, şərləyir, amma onun qulağının dibindəki Lusiya azərbaycanlı polkovnikdən (!) Azərbaycan vətəndaşı olmağın hüquqi yolları ilə bağlı kömək istəyir. Şübhəsiz ki, Qarabağ erməniləri üçün Bakının elan etdiyi “Qaynar xətt”ə zəng edənlərin sayı kifayət qədər çoxdur. Bundan əvvəl Toros Kazaryanın Azərbaycan hərbçilərinə yaxınlaşaraq onlardan yemək və siqaret istəməsi faktını da əlavə etsək, Vardanyanın düşdüyü durumu təsəvvür etmək çətin deyil. Ermənilər aradan çıxırlar, bir-bir, iki-iki. Kimisi “xəstə” adı ilə özünü Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtomobilinə atır, Laçın yolundan keçib, aradan çıxır, kimisi başqa yol fikirləşir.

Və...Bu arada Vardanyan ermənilərin qaçışını əngəlləmək üçün yeni metoda əl atıb. Yanvarın 11-dən Qarabağın ermənilər yaşayan hissəsində bankomatlar və POS-terminallar eyni ödəniş kartı ilə nağd pul çıxarılmasına limit təyin edilib. Qondarma “artsaxın informasiya qərargahı”nın məlumatında deyilir: “Xüsusən, Artsax Respublikasında mövcud olan bütün bankomatlarda və POS-terminallarda eyni ödəniş kartı ilə nağd pulun çıxarılması üzrə limit gündə 50 000 dram qədər məbləğdə müəyyən ediləcək”. Adını qoyurlar ki, Azərbaycan tərəfindən “blokadaya alınmaqla” bağlı yaranıb problem və nağd pul dövriyyəsində azalma baş verib. Amma şübhə yoxdur ki, separatçı rejim Qarabağdakı ermənilərin qaçıb aradan çıxmasını əngəlləmək üçün növbəti hiyləyə əl atıb. İndi də erməniləri dramla imtahana çəkirlər...Taleyin ironiyasıdır, milyarder Vardanyan erməniləri pulla sınağa çəkir. Çoxları Vardanyanın yanına “kabab iyi”nə getmişdi, anlayırlar ki...

Vardanyanınsa alternativ planları tükənir. Odur ki, yeni oyunbazlıqlara, nağıllara əl atır. Çünki artıq aradan çıxmaq şansı da azalır. Hava yolunun açılması arzusu da ürəyində qaldı. Yanvarın 12-sində Xankəndi və İrəvan arasındakı “Artsax: blokada ayı” adlı telekörpüdə R.Vardanyan rəsmi İrəvanın mövqeyi ilə bağlı danışarkən “Ermənistan hakimiyyəti öz mövqeyini bildirib və bu baxımdan maliyyə, hüquqi dəstək verir, bundan artıq iş görə bilməyəcəklərini bildiriblər”-söyləyib. Erməni milyarder geniş ərazilərdə yardımların göstərilməsinin vacibliyini qeyd edib. “Ermənistan hakimiyyəti səmimi şəkildə dedi ki, necə kömək edə bilərlər. Bir sıra ciddi problemlər var. Onlardan biri odur ki, Ermənistanda insanlar indiki blokadanın nə olduğunu 100 faiz başa düşmürlər. Biz bunu insanlara çatdırmalıyıq”, - Vardanyan əlavə edib. Separatçı lider deyib ki, beynəlxalq təşkilatlara müraciət edərək Azərbaycan tərəfindən insan haqlarının pozulmasını təqdim edən QHT-lər var.

Daha sonra R.Vardanyan sərsəmləyərək Qarabağ ermənilərinin sayı ilə bağlı absurd rəqəm səsləndirib. Qarabağda 120 min (?!-E.P.) erməninin “yaşadığı” barədə nağıllar uyduran – baxmayaraq ki, Ermənistan baş naziri Nikol Paşinyanın yaxın tərəfdarlarından hesab edilən deputat Vigen Xaçatryan elə bu gün Qarabağda cəmi 40 min erməninin yaşadığını bildirib- Vardanyan əlavə edib ki, Ermənistanda 400 minə yaxın (!!!-E.P.) Qarabağ ermənisi yaşayır. “Həm QHT-lərin, həm dövlət qurumlarının, həm də parlamentin (Ermənistan – red.) reaksiyası daha yüksək səslənməlidir. Bu səsi dünyaya çatdırmaq çox çətindir. Bu nöqteyi-nəzərdən Ermənistan və diaspor anlamalıdır ki, bu, sıradan bir vəziyyət deyil və fövqəladə addımlar və daha yüksək səs tələb edir”, - deyə Ruben Vardanyan daha sonra gileylənib.

Görünür Vardanyan 400 min rəqəmini dövriyyəyə buraxmaqla Qarabağa Ermənistandakı guya Qarabağ ermənisi olan “400 min nəfər”in köçünə “hüquqi əsas” yaratmağa çalışır. Erməni separatçılar anlayırlar ki, bir ovuc -25 min - erməni ilə çox uzağa gedə bilməyəcəklər. Üstəlik də onların əksəriyyəti qaçıb aradan çıxmaq istəyir. Üstəlik, Azərbaycanın dövlət başçısı onlara son sözünü deyib: hətta vətəndaşımız olmaq istəməyənlər üçün Laçın yolu açıqdır, istəyirlər Rusiya hərbçilərinin maşınında, ya da avtobuslarda gedə bilərlər. Hansı cəhənnəmə istəyirlərsə...Onlara cənnət Qarabağda yaşamaq haramdır!

Elşad Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR