İnsanlara hürriyət, millətlərə istiqlal!

Planetin ən məşhur adamı –Futbolçu Pelenin həyatı və şöhrəti

3076 30.12.2022 14:14 Yaxın tarix A A

O, dünyanın futbol tarixində bir hadisə kimi yadda qalacaq. Sağlığında “əfsanə” titulu qazanan Pelenin rekordlarını, göstəricilərini yeniləmək üçün yəqin ki, hələ uzun illər lazım olacaq, bəlkə də onu təkrarlamaq mümkün olmayacaq.

Jurnalistlərin “ikinci Pele dünyaya gələcəkmi” sualına özünün cavab verdiyi kimi: “Mənim atam və anam uşaq istehsalını dayandırıblar...”

Özünü dərk edəndən həyatını futbola həsr edən Pelenin həyatı futboldan kənar hadisələrlə də zəngin olub. Musavat.com “Futbol kralı” haqqında ən maraqlı faktları təqdim edir:

Futbolist-Pele-4.jpg (166 KB)

1. 1940-cı ildə Braziliyanın Tres-Korasoyns şəhərində anadan olan Pelenin (əsl adı Edson Arantes du Nasimentu) futbolda ilk müəllimi atası olub. Pelenin atası da peşəkar futbolçu kimi əyalət komandalarında oynayıb. O, ciddi zədə aldıqdan sonra idman karyerasını dayandırıb və hospitalda sanitar işləyib.

2. Pele 7 yaşı olanda rəsmi futbol turnirində yaşıl meydançaya çıxıb. 15 yaşında isə o, “Santos” klubunun əsas heyətinə dəvət alıb.

3. İlk dəfə uşaq futbol turnirində Pele iştirak edə bilməyib. Pulsuzluqdan valideynləri ona butsi ala bilməyiblər. Sonralar Pele bu hadisəni tez-tez xatırlayıb.

pele-v-matche-za-santos.jpg (119 KB)

4. Aparılan sorğulara əsasən Pelenin adı dəfələrlə dünyanın ən populyar şəxslərinin siyahısına düşüb. Hətta bu populyarlığı siyasətçilər də dilə gətirib. Amerika Birləşmiş Ştatlarının 40-cı prezidenti məşhur futbolçunun populyarlığını Pele ilə ilk görüşündə belə etiraf edib: “Mən Ronald Reyqanam, Amerika Birləşmiş Ştatlarının prezidenti. Sizin isə təqdimata ehtiyacınız yoxdur. Bütün dünya bilir ki, Pele kimdir...”

5. Dünyanın bir çox tanınmış dövlət xadimləri “Futbol kralı”na maraqlarını gizlədə bilməyiblər. Dövlət başçıları onunla şəkil çəkdirməkdən, həmsöhbət olmaqdan zövq alıblar. İran şahı isə xüsusilə Peleyə azarkeşlik edib. O, Peleni qarşılamaq üçün üç saat hava limanında gözləyib.

6. Ailənin maddi durumu ağır olduğundan Pele erkən yaşlarından işləməyə başlayıb. Çəkməçi emalatxanasında qazandığı pulları Pele son qəpiyinə qədər ailəsinə xərcləyib.

Maradona_pele_elgrafico.jpg (261 KB)

7. Futbol karyerasında Pele heç vaxt nə “Santos” klubunda, nə yığma komandada meydançaya komandanın kapitanı kimi çıxmayıb. O, yalnız bir dəfə, 1990-cı ildə Mikanda keçirilən Braziliya yığması ilə dünya yığmasının matçında komandanın kapitanı kimi iştirak edib.

8. 1967-70-ci illərdə Nigeriyada vətəndaş müharibəsi zamanı qarşı tərəflər iki günlük barışıq və sülh elan ediblər. Ölkənin gərgin vəziyyətində nigeriyalılar Pelenin də oynadığı futbol matçına baxmağı daha vacib sayıblar. Tərəflər sülh şəraitində stadionda oyunu izləyiblər.

9. 82 illik həyatında Pele həm də ictimai fəallığı ilə fərqlənib. 1990-cı ildə o, jurnalistlərə prezident seçkilərinə qatılacağını da bildirib. Amma 1994-cü ildə seçki ərəfəsində Pele fikrindən daşınıb.
10. 1995-1998-ci illərdə Pele Braziliyanın gənclər, idman və turizm naziri vəzifəsində işləyib.

volga.jpg (133 KB)

11. 2013-cü ildə Braziliyada Pele haqqında “1283” adlı kitab buraxılıb. Kitabın adı futboışunun vurduğu qolların sayına görə belə qoyulub. “1283” kitabının çəkisi 15 kq-dır. 500 səhifədən ibarət olan kitabda 500 fotoşəkil və Pelenin karyerası haqqında 1283 məqalə yer alıb. Kitabın hər bir səhifəsində Pelenin imzası olub.

12. Bir çox titullara sahib olan Pele üçün ən yüksək mükafat Braziliyanın Təhsil Nazirliyinin ona verdiyi fəxri fərman olub. Onun haqqında “Mən Peleyəm” kitabı işıq üzü görəndən sonra, hətta hərf tanımayan minlərlə braziliyalı bu kitabı oxumaq üçün əlifbanı öyrəniblər. Təhsil Nazirliyi də bunu xalqın maariflənməsi sahəsində böyük uğur kimi qiymətləndirib.

_115016002_26158a54-ed02-4f3f-8bcd-3be532778e14.jpg (123 KB)

 

13. Pele kino aktyoru kimi də özünü doğruldub və bir neçə filmdə rol alıb. Onun çəkildiyi ən populyar film isə 1981-ci ildə istehsal olunan “Qələbəyə doğru qaçış” filmi olub. Film alman faşizminə qarşı mübarizə aparan müttəfiq ölkələrin hərbi əsirləri ilə Hitlerin yaratdığı əsir düşərgələrinin əməkdaşları arasında keçirilən futbol matçından bəhs edir. Baş rolu, hərbi əsirlərin komandasının qapıçısı obrazını Silvestr Stallone oynayıb, Pele isə komandanın hücumçusu kimi rol alıb. Pelenin akrobatik vəziyyətdə başının üstündən vurduğu qol filmin ən maraqlı səhnələrindən biri sayılıb.

14. Pele dəfələrlə Avropanın futbol klublarından yüksək qonorar qarşılığında dəvət alsa da, o, bu dəvətlərin heç birini qəbul etməyib. Pele yalnız bir dəfə, 1970-ci ildə Nyu-Yorkun “Kosmos” komandası ilə müqavilə bağlayıb. Buna isə menecerinin futbolçunu aldadaraq çətin maddi duruma salması səbəb olub.

Futbolist-Pele-1.jpg (275 KB)

15. Tanınmış şirkətlər öz məhsullarını Pele ilə reklam etmək üçün böyük vəsaitlər ayırıblar. Kofe, diş pastası, idman geyimləri, sərinləşdirici içkilər və s. məhsulların reklamında çəkilmək futbolçunun şəxsi büdcəsini zənginləşdirib. Peleyə yüksək qonorar təklif edilsə də, o, alkoqollu içkilərin və siqaretlərin reklamlarından imtina edib.

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR