İnsanlara hürriyət, millətlərə istiqlal!

“Piyadalar keçidlərdə lift tələb edirlər”-nəqliyyat eksperti

683 19.01.2023 18:03 Sosial A A

 

“Piyadalarla bağlı vəziyyət getdikcə pisləşir. Ümumi hadisələrin fonunda piyadaların vurulması halları çoxalıb. Bakıda və bölgələrdə piyadavurma hallarının qarşısını almaq üçün maarifləndirmə aparılmalıdır”.

Bu fikirləri Musavat.com-a nəqliyyat eksperti Elməddin Muradlı Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin son statistik məlumatını şərh edərkən bildirib. O qeyd edib ki, piyadalar qaydaları kobud şəkildə pozurlar: “Piyadalar keçiddən istifadə etmirlər. Reydlər zamanı qayda pozan piyadalarla söhbətdə onlar müxtəlif bəhanələr səsləndirirlər. Keçiddə lift tələb edirlər. Komfort şərait olmadığına görə insan özünü təhlükəyə atmamalıdır. Təbii ki, piyadalar üçün ən yüksək səviyyədə şərait yaradılmalıdır lakin sürücüyə və öz həyatına təhlükə yaratmaq məsuliyyətsizlikdir, nəticədə ağır yol-nəqliyyat hadisələri olur”.

Ekspert hesab edir ki, piyadavurmaların sayı azalsa, Azərbaycanda yol təhlükəsizliyi ilə bağlı vəziyyət dünyanın ən inkişaf etmiş ölkələri ilə müqayisə oluna bilər: “Piyadavurma hallarında hər zaman sürücü günahkar deyil. Düşünürəm ki, istintaq orqanlarının yanaşması dəyişməlidir. Günah piyadada olsa da, sürücüləri cəzalandırırlar. Bu yaxınlarda Heydər Əliyev prospektində piyada keçidinə 150 metr qalmış saatda 90 kilometr sürətlə hərəkət edən avtomobilin qarşısına 85 yaşlı qadın çıxmışdı. Sürücü 4 il məntəqə tipli həbs cəzası alıb, prokurorluq isə həmin sürücüyə 5 il həbs cəzası istəyir. Bu baxımdan hesab edirəm ki, yanaşma dəyişməlidir”. 

Qeyd edək ki, Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi ötən ilin statistikasını açıqlayıb:  “2022-ci il ərzində ölüm və xəsarət halları ilə yekunlaşmış 437 hadisədə 188 nəfər vəfat edib, 355 nəfər isə xəsarət alıb. Məlumata görə, bu, 2021-ci illə müqayisədə 77 hadisə, 23 ölüm faktı və 58 xəsarət halı azdır.

269 piyadanı avtomobil vurub. Nəticədə 134 nəfər ölüb, 153 nəfər xəsarət alıb. 2021-ci illə müqayisədə piyada vurmaların sayı 41 fakt azalıb.

Həmçinin bildirilib ki, ötən il 16 yaşına qədər uşaqların olduğu 28 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu qəzalarda 9 nəfər ölüb, 21 nəfər isə xəsarət alıb. Qəzalarda dünyasını dəyişən 9 nəfərdən 7-si piyada kimi, 2-i isə sərnişin qismində olarkən qəzada ölüb.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR