İnsanlara hürriyət, millətlərə istiqlal!

Piştaxta arxasındakı diplomlu satıcılar - Ali təhsilli gənclərimiz niyə normal iş tapa bilmir?

1106 27.05.2023 09:05 Təhsil A A

“Ali təhsil müəssisələrində tələbələrin təhsil alması üçün dövlət kifayət qədər vəsait xərcləyir. Sonradan biz onları işlə təmin etmiriksə, o zaman sual olunur ki, nə üçün dövlətin vəsaiti havaya sovrulur?”

Bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.

Bu, sözsüz ki, dövlətin və cəmiyyətin “yaralı” yerlərindən biridir. Gerçək budur ki, Azərbaycanın ali məktəblərini bitirən məzunların böyük hissəsi uzun müddət öz ixtisasına uyğun iş tapmadığı üçün tamamən başqa sahələrə yönəlir, hətta dükan-bazarda adi-satıcı işləyir, taksi sürücülüyü ilə məşğul olur, ya da bezərək yaxın və uzaq xaric ölkələrinə üz tutur və həmin ölkələrin əmək bazarlarının tərkib hissəsinə çevrilirlər.

Без названия-3.jpg (7 KB)

Sahib Məmmədov: “İşçi qüvvəsinin böyük hissəsi Bakı və Abşeron ətrafında cəmləşib”

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, hüquq müdafiəçisi Sahib Məmmədov “Yeni Müsavat”a bildirdi ki, bəzən gənclər topladıqları bala uyğun ixtisası seçməyə məcbur olurlar. S.Məmmədov məzunların nəzərdə tutduqları ixtisas üzrə təhsil ala bilməmələrinin ciddi problem olduğunu vurğuladı: “Azərbaycanda əhalinin 70 faizi əmək qabiliyyətlidir. Onlardan təxminən 64 faizi 40 yaşına çatmayanlardır. Əmək bazarına hər il daxil olanların sayı əmək bazarını tərk edənlərin sayından çoxdur. Bu səbəbdən gənclər arasında işsizliyin səviyyəsi digər kateqoriyalara nisbətən daha çoxdur. Dövlət vəsaitinin israf edildiyini düşünmürəm”.

Ekspertin sözlərinə görə, əmək bazarı qeyri-bərabər paylanıb. Dövlət qulluğuna qəbul üzrə ekspert kimi müsahibələrdə iştirak edən S.Məmmədovun müşahidələrinə görə, gənclərin əksəriyyəti regionlarda çalışmaq istəmir: “Regionlar qeyri-bərabər inkişaf edib, yaşayış yeri və s. problemlərə görə işçi qüvvəsinin böyük hissəsi Bakı və Abşeron ətrafında cəmləşib. Buna görə də regionları inkişaf etdirmək lazımdır. Bununla bağlı işğaldan azad edilmiş bölgələrə ümid böyükdür. Sadəcə gəncləri nəzərə almaq yaxşı olardı. Məsələn, gənclərin asudə vaxtını səmərəli keçirməsi üçün müəyyən tədbirlər görülməlidir. Büdcə təşkilatlarında işləyəcək şəxslər üçün stimullaşdırıcı addımlar atılmalıdır. Bundan başqa, təhsilin keyfiyyətini artırmaq lazımdır. Bəzi ali təhsil müəssisələri nəzəri biliklə yanaşı, təcrübəyə önəm verməyə başlayıblar. Bu əmək bazarında rəqabət aparmağa nisbətən yardım edir. Regionlarda iş yerlərinin yaradılması ilə bağlı məşğulluq proqramları var ki, bu da vəziyyətə nisbətən müsbət təsir göstərə bilər”. 

Kamran Əsədov: “Peşə təhsilli şəxslər əmək bazarının tələblərinə cavab  vermirlər” - 05.08.2019, Sputnik Azərbaycan

Kamran Əsədov: “Əmək bazarı yenidən təhlil olunmalıdır”

Təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan ali təhsil müəssisələrinin bir çoxu əmək bazarının tələblərinə cavab vermir. Onun sözlərinə görə, əsas səbəb ali təhsil müəssisələrinə qəbul zamanı əmək bazarının tələblərinin nəzərə alınmamasıdır: “Hesab edirəm ki, əmək bazarı yenidən təhlil olunmalıdır. Hansı ixtisaslar üzrə kadrlara ehtiyac varsa, həmin ixtisas üzrə qəbul həyata keçirilməlidir. Bu gün heç bir planlaşdırmaya ehtiyac yoxdur. Ali təhsil müəssisələri dövlət orqanları, özəl sektor, digər xidmət sahələrinə kadr hazırlayır. Bütün hallarda əmək bazarının tələbləri, ixtisaslar üzrə tələb olunan bilik və bacarıqlar araşdırılmalıdır. İllər üzrə rəqəmlərə nəzər yetirdikdə görə bilərik ki, son 22 ildə ölkədə ali təhsil almaq istəyənlərin sayı artıb. Bir tədris ilində ali təhsil müəssisələrinə qəbul olan mütəxəssislərin 4 il sonra sadəcə 42 faizi ixtisası üzrə fəaliyyət göstərə bilir. Bu onun göstəricisidir ki, ali təhsil müəssisələrində əmək bazarının tələbləri nəzərə alınmır. Hazırda dövlət və qeyri-dövlət ali təhsil müəssisələri, elmi təşkilatlarda təhsil alanların sayı təxminən 200 min nəfərdir. Bunların hər biri bir neçə il sonra əmək bazarına daxil olacaq ixtisaslı kadrdır.

Xüsusilə özəl sektorda iş imkanlarının böyük əksəriyyəti paytaxtdadır, buna görə də məzunlar burada toplanır, bu isə ölkənin kiçik bir hissəsində yüksək rəqabət mühiti yaradır. Rəqabət yaxşıdır, ancaq təhsil sisteminin əmək bazarının tələblərini nəzərə almadan kadr yetişdirməsi kəmiyyət və keyfiyyət fərqləri yaradır. Azərbaycanda təhsil üçün ayrılan vəsait hər il artmaqdadır, amma bu vəsait doğru istiqamətdə yatırılmadıqda uzunmüddətli dövrdə öz nəticələrini göstərir".

Ekspert qeyd etdi ki, son akademik ildə Azərbaycandan 975 nəfər fərqli ixtisas üzrə təhsil üçün xaricə üz tutub: “Əslində, bu, yaxşı bir statistika olmalıdır, çünki xaricdə təhsil almış tələbə fərqli təcrübə və bacarıqları özündə cəmləşdirə, ölkə üçün çox dəyərli kadr rolunu oynaya bilər. Əmək bazarı fərqli səbəblərdən gözləntiləri qarşılaya, özü-özünü yaxşıya doğru tənzimləyə bilmirsə, o zaman bu kadrlar başqa ölkələrə üz tutmalı olurlar. İnsan çox dəyərli bir kapitaldır. Cəmiyyətin hərtərəfli inkişafı üçün bu kapitala ehtiyacımız var. Bir sıra dövlət ixtisaslı kadrları böyük xərc çəkmədən cəlb etmək üçün fərqli siyasətə əl atır. Kanada, İsveçrə buna ən yaxşı nümunə ola bilər - yerli kadr sayı kifayət etmədiyi üçün hər il əmək bazarının tələblərinə uyğun olaraq müəyyən say limiti daxilində fərqli sahələrdə ixtisaslaşmış kadrlar üçün öz sərhədlərini açırlar. Burada keyfiyyətli təhsil sistemi və bazarda mövcud ”görünməz əl" öz funksiyalarını yerinə yetirmiş olur. Sadəcə olaraq, məşğulluq strategiyasında əsas hədəf odur və başlıca məqsəd də məhz bu olmalıdır ki, əmək bazarına hər il daxil olan yeni işçi qüvvəsi kütləsi iqtisadiyyatda mümkün dərəcədə maksimum səviyyədə yerləşim əldə etsin. Bizdə bu rəqəm təxminən ildə 100 min nəfər təşkil edir. Bunun üçün isə 2 amil tələb olunur: birincisi, bazara daxil olan hər işçi qüvvəsi kütləsi keyfiyyətcə özündən əvvəlkindən daha yüksək olmalı, ikincisi isə iqtisadi artım daimi xarakter daşımalıdır. Hər il 100 min işçinin müvafiq iş yerləri ilə təmin edilməsi olduqca çətin vəzifədir, lakin sahibkarlığı fasiləsiz olaraq inkişaf etdirməklə təhsilin səviyyəsini də buna uyğun təşkil edərək, ildə 100 min nəfərdən də çox işçi qüvvəsinə tələbat yaratmaq mümkündür. Hesab edirəm ki, iqtisadiyyatın tələbi nəzərə alınmalıdır. Təhsil sistemi buna uyğun qurulmalı və təşkil edilməlidir. Bu sahədə kredit siyasəti konkret olaraq iqtisadi tələblərə cavab verməli, əmək bazarındakı mövcud vəziyyətə uyğun həyata keçirilməlidir".

Yaşlı vətəndaşlara qayğı göstərilməsi istiqamətində aparılan işlər (Humay  Axundzadə)- ARB24 (Gündəm) - YouTube

Humay Axundzadə: “Valideynin arzuları müasir əmək bazarının imkanlarına və tələblərinə uyğun olmur”

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, sosioloq Humay Axundzadə mövzunu “Yeni Müsavat”a şərh edərkən qeyd etdi ki, valideynlərin övladların seçimini nəzərə almadan öz istəklərinə uyğun yönlədirməsinin bir neçə səbəbi var. O hesab edir ki, məsələnin kökündə duran əsas psixoloji amil budur ki, bəzi valideynlər övladlarını ayrıca fərd, müstəqil insan kimi qavramaqda çətinlik çəkirlər: “Bu problemi yaşayanlar əsasən övladlarını özlərinin davamçısı kimi görənlərdir. Buna görə də əldə edə bilmədikləri arzularını övladları vasitəsilə reallaşdırmağa çalışırlar. Bunun neqativ aspektini iki istiqamətdə nəzərdən keçirə bilərik. Sosial tərəfdən neqativ təsir ondan ibarətdir ki, çox zaman valideynin arzuları müasir əmək bazarının imkanlarına və tələblərinə uyğun olmur. Müasir dövrdə əmək bazarı çox dinamikdir - bir çox peşə sıradan çıxır, bir sıra yeni peşə yaranır. Bu baxımdan arzular reallıqla uyğunlaşmaya bilər. Bu zaman gənclər faktiki olaraq zaman itirmiş olurlar. Nəticədə özlərini ifadə edəcəkləri, normal işlə təmin olunacaqları peşələrdən uzaq olub, başqa peşələri mənimsəyirlər. Məsələnin ikinci tərəfi isə sırf psixoloji xarakterlidir. Motivasiya çatışmazlığı, məmnunsuzluq yaşayan gənc təhsilə ürəklə yanaşmır. O özünü reallaşdırmaq istədiyi sahədə ola bilmədikdə məmnunsuzluq yaşamağa məhkum olur”.  

Nigar HƏSƏNLİ,

“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR