İnsanlara hürriyət, millətlərə istiqlal!

“Pfizer”lə bağlı qorxunc iddia: həyatımız təhlükədədir...

2565 13.06.2023 09:55 Yaşam A A

Mərdan Əliyev: “Baş verən olay yüz hadisədən biridir”

Türkiyəli alimlər Özlem Türeci və Uğur Şahin tərəfindən Almaniyada qurulan “BioNTech” şirkəti məhkəməyə verilib. Musavat.com xarici mediaya istinadən xəbər verir ki, şirkətə qarşı qaldırılan iddiada istehsal etdikləri koronavirusa qarşı peyvəndin insan orqanizminə zərər verdiyi bildirilir. İddia ilə məhkəməyə Almaniyada tibb sahəsində çalışan və adı açıqlanmayan bir qadın müraciət edib. Səhiyyə işçisinin peyvənd olunduqdan sonra ürək ritminin pozulması və beynində problemlərin ortaya çıxdığı  vurğulanıb.  O, şirkətdən 150 min avro təzminat istəyir. “BioNTech” isə bildirir ki, peyvəndin qadının orqanizmindəki dəyişikliklərlə heç bir əlaqəsi yoxdur.  Şirkət qeyd edib ki, məhkəməyə müraciət edən tərəflər qeyd olunan yan təsirlərin peyvənddən qaynaqlandığını sübut edə bilməyiblər. Məsələ ilə bağlı məhkəmənin sabah baş tutacağı gözlənilir.

Qeyd etmək yerinə düşər ki, koronavirusun ilk vaxtlarında tətbiq edilən “SinoVac” vaksinin sonradan effektsiz olduğu bildirildi, hətta bu vaksinin heç bir təsirə malik olmadığı deyildi. Odur ki, bizim ölkədə də daha çox “Pfizer/Biontek” vaksininin yüksək effektə malik olduğu barədə ekspert rəyləri verildi. İnsanlara bunun faydaları barədə məlumatlar verildi, zərərli olmadığı qeyd edildi. Bəzi həkimlər isə “Pfizer” vaksininin təhlükəli olduğunu desə də, rəsmi olaraq bu təkzib edildi. Amma görünən odur ki, hazırda həm koronavirusa yoluxub, sonradan vaksin olunanlar, həm də süni şəkildə immunitet əldə edənlər, yəni sadəcə vaksin olunanlar bir çox simptomlardan şikayətçidir. Əsasən də insanlar yaddaş pozğunluğu, diqqət dağınıqlığından narazılıq edirlər. “Mən virusa yoluxmamışam, amma iki doza "Pfizer" vaksini vurdurmuşam. Heç vaxt yaddaşdan əziyyət çəkməyən biri olaraq deyim ki, indi qohumların adını belə unuduram. Bir neçə dəqiqə əvvəl dediyim sözü belə xatırlaya bilmərəm. Dərmanlar da köməyimə çatmır. Son iki ildə bu məndə yaranıb", - deyə Səbinə adlı oxucumuz bildirir.

Yeri gəlmişkən, xatırlatmaq yerinə düşər ki, bir müddət əvvəl “Pfizer-Biontech” şirkətinin beynəlxalq inkişaf etmiş bazarlar üzrə rəhbəri Janine Small deyib ki, vaksinin  bazara çıxarılmazdan əvvəl koronavirusun insandan insana ötürülməsinin qarşısının alınmasında effektivliyi üçün COVİD-19 peyvəndini sınaqdan keçirməyiblər. Avropa Parlamentində Roosun sualına cavab verən şirkət rəhbəri bunun səbəbini, “biz elmin sürəti ilə hərəkət etməli olduq”, - deyə cavablandırıb. Bu cavab isə sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İclasda sualı verən Avropa Parlamentinin deputatı Robert Roos Smallun cavabının videosunu tvitter hesabında paylaşaraq, “başqaları naminə peyvənd et” tezisi “həmişə yalan olub”, deyə yazıb. Onun fikrincə, yeganə məqsəd əhalini peyvənd etməyə təşviq etmək olub.

Bu arada, "Associated Press"in məlumatına görə, “Pfizer” heç vaxt vaksinin bazara təqdim edilməzdən əvvəl klinik sınaqlar zamanı virusun ötürülməsinin qarşısını almaqda effektivliyini təsdiqlədiyini deməyib. Peyvəndin buraxılmasından qısa müddət əvvəl "Pfizer"in baş direktoru Albert Burla dərmanın hələ də sınaqdan keçirildiyini vurğulayıb.

“Pfizer”in rəsmiləri isə deyir ki, virusun yayılmasının qarşısının alınması tədqiqatın son nöqtəsi deyildi - bu, COVİD-19-un, xüsusən də ağır formasının qarşısının alınmasında effektivliyi yoxlamaq idi. Virusun ötürülməsi ilə əlaqəli göstəricini ölçmək çətindir - kor, təsadüfi, plasebo ilə idarə olunan sınaq lazımdır.

Oxforddan olan mütəxəssislərin rəhbərlik etdiyi bir qrup alim isə Biontech/Pfizer və Oxford/Astrazeneca vaksinlərindən nadir nevroloji fəsadların riskinin artmasından danışıb. Onlar peyvəndin ilk dozasını alan 32 milyon ingilisin məlumatlarını təhlil edərkən bu qənaətə gəliblər.

Həqiqətən də,  “Pfizer/biontek” vurduranlar təhlükədədirmi? Nə etmək lazımdır?

merdan eliyev.jpg (118 KB)

Mərdan Əliyev 

İnfeksionist-hepatoloq Mərdan Əliyev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, bu cür iddialar həm dünyada, həm də bizdə var: “Belə fikirlər var ki, peyvənddən bir müddət sonra problem yarandı, hətta ölüm halları baş verdi. Bu cür fikirlər eyni dərəcədə koronavirus infeksiyası ilə bağlı da səsləndirilir. Buna yoluxub sağalandan sonra insanlarda müəyyən simptomların müşahidə edildiyi də deyilir. Amma peyvəndlə bağlı məsələ sübut olunmayıb, bunu sübut etmək də mümkün deyil. Ola bilər, orqanizm peyvəndə müəyyən reaksiya bildirsin. Çünki bu immun sisteminə bağlı olan məsələdir. Amma deyim ki, bu, yüzdə-yüz peyvəndlə bağlı deyil. Bu xəstənin müəyyən xroniki problemləri var, peyvənd ona təsir edə bilər. Peyvənd xəstəliyin zəiflədilmiş formasıdır və peyvənd olunan şəxslər xəstəliyi sanki yüngül formada keçirirlər. Beləliklə də yüngül formada keçirib immunitet əldə edirlər. Canlı virus ona yoluxanda artıq immunitet var deyə insan xəstələnmir. Burada psixoloji məsələ də var. Peyvənd olunmamışdan öncə də insanlar deyirdi ki, peyvəndi qəsdən yaradıblar ki, insanları öldürsünlər. Ona görə mən deyilənlərə çox inanmıram. Təbii ki, məhkəməyə vermək də mümkündür.  Hər kəsin hüququdur. Fikrimcə, baş verən o hadisə də yüzlərlə hadisədən biridir. Koronavirus yaranan vaxtlarda tez-tez belə hallarla rastlaşırıq. Amma şəxsi fikrimə görə, peyvənd belə hallara səbəb olmur. Bu adi bir peyvənddir. Necə ki əvvəllər də peyvənd olunurduq. Təbii ki, burada biznes maraqları var. Şirkətlər burada rəqabətə girdi, kim tez peyvənd istehsal edə bildisə, o da külli miqdarda pul qazandı. Amma yenə də bu, tam təbii peyvənddir, əvvəlki peyvəndlər kimidir”.

Qeyd edək ki, Azərbaycanda vaksinasiya prosesi davam etdirilir. Son sutkada koronavirus (COVİD-19) əleyhinə 40 vaksin vurulub. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın 11 iyunda verilən məlumatında bildirilir. Bildirilib ki, bir gündə birinci doza üzrə 14, ikinci doza üzrə 13 vaksin vurulub. Üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 12 nəfərdir. Həmçinin pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 1 nəfər təşkil edib. Ümumilikdə isə ölkəmizdə 14 milyona yaxın insan vaksin olunub.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR