Jurnalistlərə “ölkədən yazın”iradına sərt cavablar: “İmkan verin, bunlardan yazaq...”
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistləri ölkənin deyil, xarici gündəmin mövzularına daha çox diqqət ayırmaqda ittiham edib. O, bu fikri Prezident Vladimir Putinin ABŞ prezidenti Donald Trampı Müstəqillik Günü münasibətilə təbrik edib-etməyəcəyi ilə bağlı suala cavab verərkən səsləndirib.
Peskov bildirib ki, Kreml bu suala vaxtı gələndə cavab verəcək və əlavə edib ki, Rusiya mediası "Amerikanın gündəmi ilə deyil, Rusiyanın gündəmi ilə yaşamalıdır".
Lakin bu bəyanat Rusiyada geniş müzakirələrə səbəb olub. Tənqidçilər hesab edirlər ki, ölkənin öz gündəmi kifayət qədər mürəkkəb və aktual problemlərlə zəngindir.
Musavat.com xəbər verir ki, “Svobodnaya Pressa”nın bu barədə məqaləsində Kremlin mediaya qeyri-rəsmi yasaəı tənqid olunur. Bildirilir ki, son dövrlərdə Rusiyanın iyirmidən çox regionunda benzinin satışına müəyyən məhdudiyyətlər tətbiq edilib. Eyni zamanda, Ukrayna pilotsuz uçuş aparatlarının hücumları davam edir, inflyasiya yenidən yüksəlir, ərzaq və xidmətlərin qiymətləri artır. Müəlliflər həmçinin Telegram messencerinin bloklanması ilə bağlı hakimiyyətin aydın izahat vermədiyini iddia edirlər. Bununla yanaşı, tənqidçilər bildirirlər ki, Peskov bir çox həssas məsələlər üzrə jurnalistlərin suallarını cavablandırmaq əvəzinə onları digər dövlət qurumlarına yönləndirir. Onların fikrincə, bu yanaşma cəmiyyəti narahat edən problemlərlə bağlı açıq dialoqun formalaşmasına mane olur.
Rusiya Kommunist Partiyasının katibi Sergey Obuxov hesab edir ki, hakimiyyət cəmiyyət qarşısında daha şəffaf olmalıdır: “O zaman nədən danışmalıdır? Krımın faktiki olaraq blokada altında olmasındanmı? Pilotsuz təyyarələrin "ölüm zonası"nın qəfil və əhəmiyyətli dərəcədə genişlənib, indi heç vaxt mövcud olmadığı ərazilərə qədər uzanmasındanmı? Neft tədarükündə ciddi çatışmazlıqlar yaşamağımızdanmı?
Onda qiymət artımlarının səbəbləri ilə bağlı sualımıza Dmitri Peskov cavab versin. Həmçinin izah etsin ki, bank sistemimizdə baş verən ciddi proseslərə səbəb nədir?”Onun fikrincə, əhali ölkədə yanacaq təminatı, qiymət artımı, kommunal xidmətlər, bank sistemi və təhlükəsizlik sahəsində mövcud problemlər barədə məlumat istəyir. Obuxov bildirir ki, insanlar problemlərin mövcudluğunu qəbul etməyə hazırdırlar, əsas şərt onların necə həll ediləcəyinin səmimi şəkildə izah olunmasıdır.
Siyasətçi həmçinin “Telegram”ın bloklanmasının nəticələrinin ictimaiyyətə izah edilmədiyini, parlamentdə bu mövzu üzrə hökumətə ünvanlanan sorğuların dəstəklənmədiyini iddia edir.
Məqalə müəllifləri hesab edirlər ki, cəmiyyəti narahat edən sosial-iqtisadi və təhlükəsizlik məsələlərinin açıq müzakirəsi dövlət idarəçiliyinə olan etimadı artıra bilər. Onların fikrincə, rəsmi qurumlar yalnız əldə olunan nəticələr barədə deyil, mövcud çətinliklər və onların aradan qaldırılması istiqamətində görülən tədbirlər haqqında da mütəmadi məlumat verməlidirlər. “Aydın qərar verin: problemlər var və biz onları həll etməyin yollarını axtarırıq, ya da problemlər haqqında ümumiyyətlə danışmaq qadağandır” deyə, məqalənin sonunda deyilir.
Musavat.com






