İnsanlara hürriyət, millətlərə istiqlal!

"Pensiyaçıların qəpik-quruşu ilə belə uğursuz risklər etmək olmaz" - İqtisadçıdan irad

1168 25.06.2023 19:19 Sosial A A

"Dövlət Neft Fondu (ARDNF) bizim əsas çörək təknəmizdir. ARDNF 2022-ci ilə dair 128 səhifəlik maraqlı bir hesabat hazırlayıb. 45 milyard dollarlıq aktivləri bir ildə 49 milyard dollara yüksəlsə də, bunun əsas səbəbi neft və qazın satışından əldə edilən 11,6 milyard dollar vəsait olub".

Musavat.com xəbər verir ki, bunu iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib.

eldeniz son.jpeg (64 KB)

O qeyd edib ki, bununla belə, investisiya fəaliyyətilə bağlı rəqəmlər ürəkaçan deyil:

"Belə ki, investisiya portfelinin gəlirliliyi 5,2% olub, yəni geri gedib. Sabit gəlirli qiymətli kağızlar 3,8%, səhm investisiyaları 16,7% zərərlə ili başa vurub.

Amma əsas sözüm ARDNF-nin investisiya fəaliyyətinə deyil. Düzdür, bu da çox ciddi bir söhbətin mövzusudur. Amma indi əsas sözüm vaxtaşırı özəl pensiya fondunun yaradılması və bu pensiyaçıların pulunun investisiya kimi yatırılması, gəlir əldə edilməsi kimi qeyri-real təşəbbüslərədir".

"Ölkənin bir nömrəli fondunun investisiya fəaliyyətinin nəticəsi ürəkaçan deyilsə, pensiyaçıların pulunu hansısa investisiya fonduna etibar etmək olarmı?" deyə ekspert sual edib:

"Pensiyaçılara nə deyiləcək? Deyəcəyik ki, hörmətli pensiyaçılar, qlobal maliyyə böhranı sizin pulunuzu yatırdığımız istiqrazların böyük dəyər itirməsinə səbəb olub. Ona görə pulunuz batıb. Yoxsa deyəcəyik ki, artan inflyasiya və faiz dərəcələri fonunda iqtisadi tənəzzül və digər neqativ məqamların doğurduğu volatillik yekunda bütün aparıcı səhm bazarlarının geriləməsinə gətirib çıxarıb. Ona görə də bizi bağışlayın, amma pensiya pullarınızın bir hissəsini itirdik.

Pensiyaçılar təkcə qoca deyillər, onlar həm də müqəddəsdirlər. Onların qəpik-quruşu ilə belə uğursuz risklər etmək olmaz.

Nə vaxt ki, digər fondlar ardıcıl olaraq uğurlu investisiya siyasəti nəticəsində gəlirlərini az da olsa artıra biləcəklər və bu illər üzrə ardıcıl olacaq, o zaman "pensiya pulları və investisiya" haqqında hekayələr yazmaq olar. Hələlik isə ümumiyyətlə, bu mövzunu dilə almaq doğru deyil".

Afaq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR