Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş gizir Pəncəli Nurməmməd oğlu Teymurova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Musavat.com bildirir ki, Şəhidin adı bu gün bütün ölkə üzrə sayğı ilə anılır. Sosial şəbəkələrdə yayılan və 2013-cü ildə onun öz toy mərasimində çəkilmiş nadir video görüntülər isə hər kəsi duyğulandırıb. Həmin görüntülərdə Pəncəli Teymurov ürək sözlərini deyərək Vətən və millət uğrunda canından keçməyə hazır olduğunu bildirir:
“Ən böyük arzum – üçrəngli, ay-ulduzlu bayrağa bükülüb, Şəhid kimi dəfn olunmağımdır.”
Bu sözlər toy zalında ehtiramla dinlənir, sonda isə müğənni Manaf Ağayev və bütün qonaqlar onu alqışlayırlar.
Pəncəli Teymurov Xüsusi Təyinatlı Qüvvələrin peşəkar döyüşçüsü idi. 2016-cı ilin Aprel döyüşlərində süngü savaşından tutmuş, strateji yüksəkliklərin alınmasına qədər ən çətin tapşırıqlarda iştirak edib. Onun şəxsi igidliyi və döyüş bacarığı komandirləri və döyüş yoldaşları tərəfindən dəfələrlə vurğulanıb.
Bu gün sosial mediada yayılan həmin toy çıxışı qısa zamanda geniş izlənmə toplayıb, minlərlə insan tərəfindən paylaşılıb və şərh olunub. İstifadəçilər şəhidin sözlərinin ürəkdən gəldiyini, onun Vətənə sevgi ilə yaşayan və canını Vətən üçün verən insan olduğunu bildirirlər.
“Şəhidlər ölməz, Vətən bölünməz.” – bu şüar bu gün yenidən böyük mənanı özündə daşıyır.
Şəhid Pəncəli Teymurovun xatirəsi Azərbaycan xalqının yaddaşında əzəl və əbədi olaraq yaşayacaq.
Musavat.com






