İnsanlara hürriyət, millətlərə istiqlal!

Pənah Hüseyn sabiq nazirin Uzundərə ittihamından danışdı

1166 14.07.2023 11:29 Siyasət A A

Sabiq baş nazir: “Əlisaab Orucovun heç bir hərbi əməliyyat hazırlamaq səlahiyyəti yox idi”

1985-ci ildən 1992-ci ilin aprelinədək Azərbaycanın ədliyyə naziri olmuş Əlisaab Orucov 1992-ci il aprelin 8-dən 1992-ci ilin iyulunadək Azərbaycan Prezidentinin keçmiş Dağlıq Qarabağ və Ermənistanla həmsərhəd rayonlar üzrə səlahiyyətli nümayəndəsi vəzifəsini daşıyıb.

Keçmiş nazir bugünlərdə Moderator.az-ın əməkdaşı ilə silsilə söhbətində AXC hakimiyyəti ilə bağlı bir sıra maraqlı məqamlara toxunub. O deyib ki, Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən 45 gün sonra - 1992-ci il iyulun 2-də başqa işlə təmin olunmadan Azərbaycan Prezidentinin keçmiş Dağlıq Qarabağ və Ermənistanla həmsərhəd rayonlar üzrə səlahiyyətli nümayəndəsi vəzifəsindən azad olunub, yerinə isə Surət Hüseynov təyin olunub. Ə.Orucov qeyd edib ki, vəzifəsindən azad edilməyinə səbəb hazırda inzibati-hüquqi baxımdan Xocalı rayonunun ərazisi sayılan keçmiş Dağlıq Qarabağın Əsgəran rayonu istiqamətində torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə separatçı ermənilərə qarşı təşkil etdiyi və keçirilməsi 2 iyul 1992-ci il tarixində nəzərdə tutulan hücum tədbiri olub: “Cəbhə iqtidarı dediyim səbəbdən məni vəzifədən azad etdiyi gün bizim Milli Ordu əsgərlərimizlə birgə hücum planını həyata keçirmək istəyən həmin rus hərbçilərini də Ağdamdakı cəbhə xəttindən qovub çıxartdılar.

Pənah Hüseynov ondan Əlisaab Orucovun əleyhinə izahat yazmasını tələb  etmişdi...”

Əlisaab Orucov

Bununla da düşmənə qarşı hazırlanmış hücum planını pozdular. Sanki gizli bir əl bu işləri pozurdu...  Rus hərbçilərinin Ağdamda cəmləşməsi və tərəfimdən hücumla bağlı hazırlıq işlərinin görülməsi hakimiyyətdə olan Azərbaycan Xalq Cəbhəsinin bəzi liderlərini olduqca narahat edirdi.  Cəbhə iqtidarı iyunun 20-dən başlayaraq Ağdam batalyonları tərəfindən keçmiş Əsgəran rayonunun 7 kəndinin alınması xəbərini və ümumiyyətlə, Ağdamda hücumla bağlı hazırlıq işlərinin aparılması haqda əldə etdikləri məlumatların həqiqətə uyğun olub-olmamasını yerində yoxlamaq məqsədilə əraziyə bir-birinin ardınca öz nümayəndələrini göndərirdi. Respublika rəhbərliyinə bu məlumatları Ağdamdan Hüseyn Behbudov soyadlı Xalq Cəbhəsi fəalı verirdi. Təəssüf ki, o, Vətən torpaqlarının müdafiəsi və azad edilməsi ilə bağlı görülən səmərəli işlərimizi ”cəbhə iqtidarına qarşı təxribat" adlandırırdı".

Sabiq nazir deyib ki, o zamankı dövlət katibi Pənah Hüseynov və Nazirlər Kabineti sədrinin müavinlərindən biri həmin ərəfədə Ağdama gəlib. Vəzifədən çıxarılması da məhz bundan sonra baş verib: “Pənah Hüseynov briqada komandiri Elxan Orucovdan Əlisaab Orucovu xəbər almış və onun qərargahda olması cavabı ilə razılaşmayaraq "İnanmıram, o indi haradasa öz kefindədir" - demişdi. Hətta briqada komandiri “Lazımdırsa, əlaqə yaradım, danışın” deyəndə də dövlət katibi bununla razılaşmamış və Elxan Orucovdan Əlisaab Orucovun əleyhinə - guya mənim özbaşınalığım haqda izahat yazmasını tələb etmişdi. Elxan Orucov buna cavab olaraq “Əlisaab Orucov respublikada yeganə adamdır ki, bizə kömək edir” cavabını vermiş, Pənah Hüseynov isə “Onda bəxtindən küs!” - deyə narazı halda Uzundərə hərbi qərargahını tərk etmişdi..."

Ə.Orucov iddia edib ki, Prezidentin səlahiyyətli nümayəndəsi vəzifəsindən də məhz bu hadisədən dərhal sonra kənarlaşdırılıb.

Bəs Əlisaab Orucovun dedikləri doğrudurmu? Onu vəzifədən Xalq Cəbhəsi iqtidarı hansı səbəbə çıxarmışdı?

Pənah Hüseyn komitə sədri seçildi - Novator.az

Pənah Hüseyn

Bu suallarla müraciət etdiyimiz Pənah Hüseyn bildirdi ki, Əlsaab Orucovu ədliyyə naziri vəzifəsindən Xalq Cəbhəsi iqtidarı çıxarmayıb. Onu Yaqub Məmmədov Prezident səlahiyyətlərini icra edən zaman vəzifədən çıxarmışdı və Prezidentinin keçmiş Dağlıq Qarabağ və Ermənistanla həmsərhəd rayonlar üzrə səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin etmişdi. Əlsaab Orucovdan əvvəl bu vəzifəni Musa Məmmədov daşıyırdı: “O ki qaldı Əlsaab Orucovun dediklərinə, indi hərə bir şey danışır. Danışılanların da heç də hamısı həqiqəti əks etdirmir. Danışanların bəziləri isə öz səlahiyyətlərinə aid olmayan məsələləri öz adına çıxır. Əlsaab Orucov və onun İşçi Aparatı normal fəaliyyət göstərə bilmirdi, faktiki olaraq fəaliyyət mövcud deyildi. Həmçinin Surət Hüseynovun təsiri güclənmişdi. Əlsaab Orucovun təsiri olmadığı üçün fəaliyyət göstərə bilmirdi. Bu səbəbdən o, həmin vəzifədən xaric edildi. Onun vəzifədən hansısa hərbi əməliyyat planı hazırladığı üçün çıxarıldığı barədə dedikləri isə məni doğrusu təəccübləndirdi. Bu adam hərbçi deyildi, Baş Qərargahın üzvü də deyildi. Bütün bunlara görə də həmin vəzifəni daşıyan şəxsin onun hərbi əməliyyat hazırlamaq səlahiyyəti yox idi. Prezidentinin keçmiş Dağlıq Qarabağ və Ermənistanla həmsərhəd rayonlar üzrə səlahiyyətli nümayəndəsi vəzifəsini daşıyan şəxsin heç bir hərbi əməliyyat hazırlamaq səlahiyyəti yox idi. Ona görə də  əməliyyatı hazırladığı barədə dedikləri təəccüblüdür. İndi Əlsaab Orucov mənə məlum olmayan əməliyyatı hazırlamasından danışır. Ola bilsin ki, hansısa məsələləri bir-biri ilə səhv salıb, qarışdırır”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR