Çin Xalq Respublikasının Dövlət Təhlükəsizliyi Nazirliyi və hüquq-mühafizə orqanları tərəfindən ölkə ərazisində beynəlxalq qalmaqala səbəb olacaq sensasion xüsusi əməliyyat keçirilib.
Musavat.com xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Szyan mətbuata açıqlamasında ABŞ vətəndaşı, "Myanmar Strateji və Siyasət İnstitutu"nun (ISP-Myanmar) rəhbəri Min Szin'in dövlət xəyanəti, casusluq fəaliyyəti və Çinin milli təhlükəsizliyinə birbaşa təhdid yaratma ittihamı ilə rəsmən nəzarətə alındığını elan edib.
Rəsmi Pekin yüksəkrütbəli amerikalı analitikin həbsi ilə bağlı ABŞ-ın Quançjoudakı Baş Konsulluğuna müvafiq diplomatik bildiriş göndərildiyini və prosesin beynəlxalq hüquq normaları çərçivəsində aparıldığını bəyan edib. Böyük Britaniyanın nüfuzlu "Reuters" xəbər agentliyinin hadisədən birbaşa məlumatlı olan 3 müstəqil diplomatik qaynağa istinadən yaydığı gizli təfərrüatlara görə isə amerikalı tədqiqatçı təxminən iki həftə əvvəl Çinin Yunnandakı Kunmin beynəlxalq hava limanında xüsusi xidmət orqanları tərəfindən qəfil əməliyyatla qandallanıb.
Qeyd etmək mütləqdir ki, Min Szinin rəhbərlik etdiyi nəhəng analitik mərkəz (ISP-Myanmar) xüsusilə 2021-ci ildə Myanmarda baş verən hərbi çevrilişdən sonra regiondakı gizli siyasi prosesləri, hərbi münaqişələri və Çinin sərhəd maraqlarını yaxından təqib edib. Həbs olunan şəxsin keçmiş pərdəarxası fəaliyyəti də rəsmi Pekinin diqqətindən yayınmayıb; onun hələ 1988-ci ildə Myanmarda baş qaldıran qanlı demokratik hərəkatların aktiv iştirakçısı olduğu və ABŞ-ın Kaliforniya (Berkli) Universitetində politologiya üzrə xüsusi kəşfiyyat-analiz təhsili aldığı bəllidir. Beynəlxalq ekspertlər Çinin bu sərt addımını ABŞ-ın Asiya-Sakit okean regionundakı casus şəbəkəsinə vurulmuş ən ağır zərbələrdən biri kimi qiymətləndirirlər.
Musavat.com






